Əhalinin sosial müdafiəsi istiqamətində atılan addımlar, problemli kreditlər məsələsinin həlli yolları, Bakıda qəbir yerlərinin bahalaşması və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Borc tələsi»
Modern.az saytında «Vətəndaşların xeyli hissəsi bankların borc tələsinə düşüb - deputatdan təkliflər» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, fevralın 25-də prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə vətəndaşları narahat edən problemli kreditlər məsələsinə toxunub. Dövlət başçısı həmin məsələnin tezliklə həll ediləcəyini vurğulayıb.
Mövzu ilə bağlı deputat Əli Məsimli sayta bildirib ki, hazırda rəsmi olaraq problemli kreditlərin həcmi 1.6 milyard manatdır: «2015-ci ilin iki şok devalvasiyasından sonra problemli kreditlər sürətlə artdı və bir qədər azalmadan sonra hazırda 1.6 milyard manat və ya kredit portfelinin 12 faizini təşkil edir. Əslində isə problemli kreditlərin həcmi göstərilən rəqəmdən çoxdur ki, bu da kritik həddən yüksəkdir».
Ə.Məsimli deyib ki, dollar kreditləri ətrafında manipulyasiyalar nəticəsində vətəndaşların xeyli hissəsi borc tələsinə düşüb, əhalinin müəyyən hissəsinin güzəranının yaxşılaşması qarşısında ciddi maneəyə çevrilib. Deputatın deməsinə görə, ölkə əhalisinin hər dörd nəfərindən birinin banka borcu var: «Banklara borcu olanlarla yanaşı, 1 milyon nəfərdən artıq vətəndaşımız borclara zamin olmaqdan əziyyət çəkir. Xeyli vətəndaş və biznes strukturları bank kreditlərinin girovuna çevrilib».
Ə.Məsimlinin vurğulamasına görə, kredit borcları ilə bağlı bank müraciətləri əsasında vətəndaşlara qarşı qaldırılmış məhkəmə iddialarının sayı 100 minlərlə ölçülür: «...İnsanın əmlakına, əməkhaqqına əl qoyulub, ölkədən çıxışı yasaqlanıb. Bu, ölkədə iqtisadi fəallığın artması qarşısında maneəyə çevrilib».
Deputat problemin həllin belə görür: «Bu məsələdə ağırlıq dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünməlidir ki, heç bir tərəfə ağırlıq düşməsin».
Qəbir yeri və başdaşı bahalaşıb
«Yeni Müsavat» qəzetində «Bakıda qəbir yerinin və başdaşının qiyməti qalxıb» sərlövhəli yazı yer alır.
Müəllif toxunulan mövzu ilə bağlı ölkədəki vəziyyəti belə təsvir edir: «Kimisi rəhmətə gedənin büstünü, heykəlini qoydurur, kimisi ağ, kimisi qara daşa üstünlük verir, azı 2000-3000 manat xərc çəkirlər. Nisbətən ucuz məzar daşı sifariş verənlərin isə 1000-1200 manatı çıxır. Dünyanın heç bir ölkəsində qəbirdaşına bu qədər pul xərclənmir. İstər müsəlman ölkələrində, istərsə xristian dövlətlərində sadə məzar daşları olur».
Müəllif hesab edir ki, Azərbaycanda yas məclislərində ehsan israfçılığına da yol verilir.
Yazıda bildirildiyinə görə, məzar daşı düzəldən usta qeyd edib ki, bahalıq materialın keyfiyyətindən və onun xaricdən idxal olunmasından irəli gəlir: «Ona görə daşınma, gömrük rüsumları və s. xərclər üst-üstə gələndə Bakıda qəbirdaşı baha başa gəlir».
Sex işçiləri habelə deyiblər ki, dolların bahalaşmasından sonra bu sahədə qiymətlər də artıb: «Ukraynadan daş gətirmək sərf etmir. Çünki dollardan savayı, Ukraynada mərmərin qiyməti artıb. Buna görə də, bu ölkədən gətirilən daşlar 35-50 faiz bahalaşıb. Eləcə də, Afrikadan, Hindistandan, Uraldan gətirilən daşlar bahalaşıb».
Yazıda bildirilir ki, qəbiristanlıqda qəbir yerləri də bahalaşıb. Müəllifin qeyd etməsinə görə, Bakının mərkəzi qəbiristanlığında giriş yerlərdə qiymət 7 min manata yüksəlib. Bakıətrafı qəbiristanlıqlarda isə 500 manata da yer tapmaq mümkündür.
Əhalinin sosial müdafiəsi
«Azərbaycan» qəzetində «Əhalinin sosial müdafiəsi getdikcə daha da gücləndirilir» sərlövhəli yazı dərc edilib.
Müəllif hesab edir ki, aparılan iqtisadi islahatlar əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilib. Yazıda vurğulanır ki, dövlət pensiya, təqaüd və sosial müavinətlərin məbləğini artırır: «Dövlət inflyasiyanı cilovlamaq üçün bazara təsir göstərir. Məsələn, 2017-ci ildə inflyasiyanın səviyyəsi 12 faizdən çox olduğu halda, ötən il inflyasiya cəmi 2.3, əhalinin gəlirləri 9.2 faiz artıb. Göründüyü kimi, əhalinin gəlirləri bu dövrdə inflyasiyanı üstələyib».
Yazıda daha sonra bildirilir ki, dövlət başçısının sərəncamı ilə bu günlər minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırılıb. Müəllifin qeyd etməsinə görə, dövlətin əsas məqsədi əhalinin sosial rifahını yaxşılaşdırmaqdan ötrü yeni iş yerlərinin yaradılmasıdır. Müəllif qeyd edib ki, prezident İlham Əliyev «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunan konfransda da bu məsələyə toxunub.
«Bu struktur islahatları sadəcə olaraq, idarəetmə mexanizminin təkmilləşməsinə yönəlib. Əlbəttə, dövlət müəssisələrində işləyən vətəndaşlar öz işlərində qalacaqlar. Özəl sektor da heç bir ixtisar aparmamalıdır, əksinə, dövlətin bu qədər dəstəyi müqabilində daha çox iş yeri açmalıdır», - prezident deyib.
Yazı bu sözlərlə də başa çatır: «…Cari ilin yanvar ayında ölkə əhalisinin gəlirləri ötən ilə nisbətən nominal ifadədə 6.1 faiz artaraq 3800 milyon manat təşkil edib. Beləliklə, əhalinin hər nəfərinə düşən gəlirlər 385.5 manata çatıb».