Hindistan bir təyyarəsinin vurulduğunu, bir pilotunun itkin düşdüyünü təsdiqləyib, eyni zamanda Pakistanın bir təyyarəsini vurduğunu deyir.
Pakistanın Baş naziri Imran Khan fevralın 27-də xalqa müraciətində Hindistanla danışıqlara çağırıb, gərginliyin aradan qaldırılması üçün “sağlam düşüncə”nin qalib gələcəyini deyib.
“Tarix bizə müharibələrin yanlış dəyərləndirmələrlə dolu olduğunu deyir. Mənim sualım budur ki, əlimizdəki silahlarla biz yanlışa yol verə bilərikmi. Biz əyləşib danışmalıyıq”, – Khan deyib.
Daha öncə Hindistanın Xarici işlər naziri Sushma Swaraj deyib ki, ölkəsi “vəziyyətin daha da qızışmasını arzulamır”.
“Hindistan məsuliyyət və təmkinlə davranmaqda davam edəcək”, – Swaraj Çinə səfəri zamanı söyləyib.
***
Pakistanın böyük aeroportlarda beynəlxalq və kommersiya uçuşlarını təxirə saldığı bildirilir. Bu haqda çərşənbə günü yerli media yazıb.
Hindistanda da aeroportlar bağlanıb, Nyu Dehlidən şimalda hava məkanının böyük bir hissəsi mülki uçuşlara qapadılıb.
Pakistan ordusunun sözçüsü Asif Ghafoor İslamabadda keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi müharibə tərəfdarı deyil, sülh istəyir.
Radio Mashaal-ın İslamabaddakı müxbirləri paytaxt üzərində qırıcı təyyarələrin uçduğunu bildirir. Baş nazir Imran Khan fövqəladə iclas çağırıb. Onun bu gün xalqa müraciət edəcəyi gözlənir.
***
Pakistan Hindistanın iki təyyarəsini vurduğunu deyir
Pakistan bildirir ki, mübahisəli Kəşmir regionu üzərində Hindistan Hava Qüvvələrinə məxsus iki təyyarəni vurub, bir pilotu ələ keçirib.
Təyyarələrin fevralın 27-də, onlar Kəşmirə de-fakto sərhəd kimi tanınan təmas xəttini keçincə vurulduğu bildirilir.
Ordunun sözçüsü general mayor Asif Ghafoor deyib ki, təyyarələrdən biri Kəşmirin Pakistanın nəzarətində olan hissəsinə, digəri Hindistana aid Himalay regionuna düşüb.
Bundan öncə Hindistan rəsmiləri Pakistan qırıcılarının təmas xəttini keçdiyini, geri qaytarıldığını bildirmişdi.
Hindistandan gələn məlumatlarda da ölkənin hava qüvvələrinə məxsus təyyarənin Kəşmirin bu ölkəyə aid hissəsinə düşdüyü xəbər verilir.
Adı çəkilməyən polis əməkdaşı qəza zamanı iki pilotun və bir dinc sakinin həlak olduğunu söyləyib.
Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Mohammad Faisal ölkənin hava qüvvələrinin “Pakistanın hava məkanından təmas xəttinin o tayına zərbələr endirdiyini” təsdiqləyib.
“Burda yeganə məqsəd bizim hüququmuzu, iradəmizi, özünümüdafiə qabiliyyətimizi sərgiləmək idi. Durumu qızışdırmaq istəmirik, amma buna məcbur ediləriksə, tam hazırıq”, – o əlavə edib.
Pakistan polisi fevralın 27-də bildirib ki, Hindistan hərbçiləri təmas xəttini atəşə tutub, altı dinc sakin həlak olub.
Nüvə silahlı Hindistan və Pakistan 1947-ci ildə Britaniyadan müstəqillik əldə edəndən Kəşmir uğrunda üç dəfə müharibə aparıb.
***
Pompeo-dan Pakistanla Hindistana çağırış
ABŞ Dövlət katibi Mike Pompeo Hindistanla Pakistanı əlavə hərbi əməliyyatlar aparmamağa çağırıb. Bu bəyanatdan bir gün öncə Hindistan təyyarələri mübahisəli Kəşmir regionunun Pakistanın nəzarətində olan ərazisində hədəfləri bombalayıb.
Son 50 ildə ilk dəfədir ki, Hindistan təyyarələri Pakistanın nəzarətindəki əraziyə daxil olur.
Pompeo fevralın 26-da verdiyi bəyanatında deyib ki, hindistanlı və pakistanlı həmkarları ilə danışıb.
“Hər iki nazirə dedim ki, biz Hindistanla Pakistanın təmkin göstərməsini, nəyin-bahasına olursa olsun, gərginliyi qızışdırmaqdan çəkinməsini istəyirik. Hər iki naziri birbaşa kommunikasiyaya önəm verməyə, əlavə hərbi fəaliyyətdən çəkinməyə çağırdım”, – o deyib.
Hindistan rəsmiləri deyir ki, hava qüvvələri Kəşmir regionunda Pakistanın dəstəklədiyi yaraqlıların istifadə etdiyi düşərgəni vurub.
İslamabad isə raket zərbəsinin boş əraziyə endirildiyini, Hindistanın “təcavüz”ünə cavab veriləcəyini deyib.
Fevralın 14-də Kəşmirin Hindistan tərəfində azı 41 əsgər öldürülüb. İntiharçı hücumuna görə məsuliyyəti Jaish-e-Mohammad yaraqlı qruplaşması üzərinə götürüb.