Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:28

Vatikanın xəzinədarı 13 yaşlı oğlanlara cinsi təcavüzdə təqsirli bilinib


George Pell
George Pell

Vatikanın xəzinədarı Kardinal George Pell uşaqlara qarşı cinsi təcavüzdə təqsirli bilinib. Bu nalayiq hərəkətlərin 22 il öncə Avstraliyada 13 yaşlı oğlanlara qarşı törədilyi bildirilir. “Reuters” yazır ki, kardinal uşaqlara təcavüzdə təqsirli bilinən ən yüksək rütbəli katolik ruhanisidir.

Vatikanın rütbəcə üçüncü rəsmisinə qarşı ittiham bu gün – fevralın 26-da açıqlanıb. Pell ötən il dekabrın 11-də təqsirli bilinib, məhkəməylə bağlı konfidensiallıq indi qaldırılıb.

KARDİNAL ÖZÜNÜ TƏQSİRSİZ SAYIR

Son vaxtlar katolik kilsəsi ətrafında yaranmış bu qalmaqal onun Birləşmiş Ştatlarda, Çilidə, Avstraliyada və digər yerlərdə nüfuzuna zərbə vurub.

Kardinal 22 il öncə Melburndakı Müqəddəs Patrik Kilsəsində 13 yaşlı oğlanlara qarşı beş cinsi təcavüz halına görə təqsirli bilinib. Onda Pell kilsənin arxiyepiskopu olub.

Qurbanların biri 2014-cü ildə vəfat edib.

İttihamların hər biri üzrə maksimum 10 il həbs nəzərdə tutulub. Amma Pell-in vəkilləri appellyasya şikayəti veriblər və bu iş üzrə yenidən məhkəmə keçirilməsi də mümkündür.

Kardinal Pell həmişə özünü təqsirsiz sayıb və bu dəyişməyib”, – Pellin vəkili Paul Galbally məhkəmənin qarşısında deyib.

Hazırda zamində olan Pell jurnalistlərə açıqlama verməyib.

Hadisə qurbanlarından biri, özünü Michael Advocate kimi təqdim edən (Avstraliya qanunlarına görə, onun real adı açıqlana bilməz) şəxs Pellə qışqırıb: “Cəhənnəmdə yanasan”.

Papa Francis Vatikanda
Papa Francis Vatikanda

Pellin məhkəməsi sabah davam edəcək, ona hökm oxunma prosesi başlanmalıdır.

Papa Francis isə bazar günü uşaqlara cinsi təcavüzlə bağlı konfransın sonunda deyib ki, “yer üzündən silinməli olan” cinayətə qarşı “hərtərəfli savaş” aparılmalıdır.

Vatikan dekabrda bildirmişdi ki, 77 yaşlı Pell Francis-in müşavirləri sırasından çıxarılıb. Qurum məhkəməni şərh etməyib.

Pell Melburnun 120 kilometrliyində yerləşən Ballaratda Müqəddəs Patrik Kollecində oxuyub. Məktəb onun şərəfinə adlandırılmış binadan adının götürüləcəyini deyib.

“TƏSİRİNİ İLLƏR BOYU HİSS ETMİŞƏM”

Məktəbli ikən təcavüzə məruz qalanlarda biri Pellin onların qarşısında çılpaq soyunduğunu, cinsiyyət orqanlarını sığalladığını, masturbasiya etdiyini, oğlanlardan birini onun üzərində cinsi akta məcbur etdiyini deyib.

Hadisə qurbanlarının bir çoxu kimi mən utanc, tənhalıq, depressiya, çarpışma yaşamışam. Bunun təsirini illər boyu həyatımda hiss etmişəm”, – qurbanlardan biri bu gün vəkili vasitəsilə yaydığı bəyanatda deyib.

Avstraliya Katolik Yepiskopları Konfransının prezidenti Mark Coleridge deyib ki, Pellin təqsirli bilinməsi “Avstraliya və dünyada çoxlarını sarsıdıb”.

2017-ci ildə Avstraliyada beş il çəkən hökumət təhqiqatı sona çatıb. Hökumət kilsələrdə və digər qurumlarda uşaqlara qarşı nalayiq hərəkətləri araşdırıb. Bu arada bütün dünyada yayılan iddialara görə, kilsələr pedofil keşişləri onların prixodlarını dəyişməklə qoruyub.

Təhqiqat 1950-2010-cu illərdə Avstraliyadakı katolik keşişlərin 7 faizinin uşaqlara qarşı seksual cinayətlərdə ittiham olunduğunu, amma çox azının mühakimə edildiyini üzə çıxarıb. 1980-ci ildən Katolik Kilsəsi minlərlə qurbana 276 milyon Avstraliya dolları kompensasiya verib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG