Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

Bahalanmanın üç səbəbi-Media icmalı


Supermarket
Supermarket

Fevralın 25-də prezident yanında keçirilən müşavirə, həmin müşavirədə problemli kreditlərin həllinə dair açıqlama, bahalaşmanın səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır.

Vergi Məcəlləsinə dəyişiklik...

Strateq.az saytında «Bahalaşmanı necə durdurmaq olar? –Ekspert hökuməti təcili addımlar atmağa çağırır» sərlövhəli yazı yer alır.

Müəllif yazıb ki, ötən ayın ikinci yarısından müşahidə edilən qiymət artımları son günlər daha da intensivləşib: «Apardığımız monitorinqlər göstərir ki, həm ərzaq, həm da bir sıra qeyri-ərzaq məhsullarının qiymətlərində artım müşahidə edilir. Qiymət artımları idxal edilən məhsullarla yanaşı, yerli mallarda da qeydə alınmaqdadır. Bəs qiymət artımlarının səbəbləri nədir və bu nə zamanadək davam edəcək?».

İqtisadçı Vüqar Bayramov isə sayta həmin sualın cavabında deyib ki, Vergi Məcəlləsinə edilən dəyişiklik nəticəsində ticarət fəaliyyətinin sadələşdirilmiş vergi sistemindən çıxarılması və onların uçotunun aparılması xərcin artmasına səbəb olub: «Belə ki, əvvəllər dövriyyədən cəmi 6 faiz vergi ödəyən… ticarət subyektləri bu il yanvarın 1-dən etibarən bu imkandan yararlana bilmirlər. Bu isə onların xərcinin yüksəlməsinə və qiymət artımlarına səbəb olub».

Ekspertə görə, istehlak bazarında bahalaşmanın ikinci səbəbi ölkəyə idxal edilən bir sıra məhsullara, o cümlədən tütün məhsullarına, alkoqollu içkilərə və avtomobillərə daha yüksək aksiz vergisinin tətbiq edilməsidir: «Digər tərəfdən, son minimum əməkhaqqı və pensiya artımları ilə bağlı qərarlardan da, çox təəssüf ki, bəzi sahibkarlar psixoloji faktor kimi istifadə edərək qiymət artımlarına gediblər».

Ekspert qeyd edib ki, İqtisadiyyat Nazirliyinin istehlak bazarında monitorinqlər aparması daha məqsədəuyğun olardı: «Həmçinin, artıq sadələşdirilmiş vergi subyekti olmayan, ticarət fəaliyyəti həyata keçirən sahibkarlıq subyektləri üçün də yeni güzəştlərin tətbiq edilməsinə ehtiyac var».

Pul
Pul

Problemli kreditlər məsələsinin həlli

Moderator.az saytında «Problemli kreditlərin həlli dövlətin sosialyönümlü siyasətinə inamı daha da artıracaq!» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, fevralın 25-də prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə problemli kreditlərdən də danışıb. O, məsələnin həlli istiqamətində hökumətin iş apardığını və bu işin yekunlaşmaqda olduğunu, yaxın vaxtlarda problemin həlli istiqamətində konkret addımların atılacağını vurğulayıb.

Deputat Vahid Əhmədov sayta mövzu ilə bağlı bunları deyib: «Bildiyiniz kimi, problemli kreditlər məsələsi cəmiyyətimizin bir çox fərdini uzun müddət idi ki, ciddi şəkildə narahat edirdi. Bu problemin mövcudluğu bank sektorunu da çətin vəziyyətdə qoymuşdu. Odur ki, məlum problemin həlli olduqca vacibdir».

Deputat xatırladıb ki, problemli kreditlərin həlli ilə bağlı çoxsaylı təkliflər verilib: «Bunların içərisində bizim tərəfimizdən səsləndirilən təkliflər də mövcuddur. Lakin indidən konkret olaraq hansı təkliflərə üstünlük veriləcəyi, problemin həllinin hansı formada həyata keçiriləcəyini söyləmək olmaz. Çünki bu, olduqca ciddi bir məsələdir».

V.Əhmədov hesab edir ki, burada aztəminatlı ailələrin borclarının bağışlanması və ya hansısa digər gedişlər ola bilər.

Problemin indiyə kimi həllini tapmamasını isə deputat belə izah edib: «Bu, olduqca böyük maliyyə tələb edən bir məsələdir. Buna görə də bunun həlli istiqamətində hansısa addımların atılması heç də asan deyil və şübhəsiz ki, ən böyük çətinlik də maliyyə ilə bağlıdır».

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib, manat iki dəfədən çox dəyər itirib. 10-dan çox bank bağlanıb. Dollarla götürülmüş kreditlərin ödənilməsində problemlər yaranıb. Hazırda problemli kreditlərin məbləğinin 1.6 milyard manat olduğu bildirilir.

Müşavirə
Müşavirə

Sosial islahatlar paketi

«Azərbaycan» qəzetində dərc edilən «İlham Əliyevin sosial islahatlar paketi» sərlövhəli yazıda elə fevralın 25-də prezident yanında keçirilən müşavirədə qaldırılan məsələlərdən bəhs olunub: «Prezidentin dünən (fevralın 25-də) keçirdiyi müşavirədə ölkədə həyata keçirilən sosialyönümlü layihələrin növbəti hesabatı verildi. Xalqın həyatında aydın hiss olunan uğurlar real faktların, rəqəmlərin timsalında əyani şəkildə öz təsdiqini tapdı. İqtisadi və sosial məsələlərə həsr olunan tədbirdə son aylarda aparılan islahatların uğurlu nəticələrinin sadalanması ilə yanaşı, dövlət başçısının sosial paket adlandırdığı tədbirlərin də anonsu verildi».

Yazıda vurğulanıb ki, dövlət başçısı 2017-ci ili iqtisadi sabitləşmə, 2018-ci ili isə dərin iqtisadi islahatlar ili adlandırıb: «Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərib. İlin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artması, vergi və gömrük orqanları tərəfindən plandan əlavə milyonlarla manatdan çox vəsaitin toplanması, Dövlət Neft Fondunun gəlirlərinin artması onu göstərir ki, bu il Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək».

Yazı bu sözlərlə də başa çatır: «Bütün bunlar bir daha əminlik yaradır ki, prezidentin dediyi kimi, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaq».

XS
SM
MD
LG