Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:30

Qazaxıstan prezidenti hökuməti niyə buraxdı – Qərb mediası


Astanada anaların etirazı
Astanada anaların etirazı

Fevralın 21-də Qazaxıstan Prezidenti Nursultan Nazarbaev hökuməti bütünlükdə buraxıb. O, hökuməti ölkədəki sosial problemləri həll edə bilmədiyinə görə danlayıb. Bu qərardan öncə Astanada bir evin yanması nəticəsində bir ailənin beş uşağı həlak olub və bu, ölkədə ictimai narazılığı gücləndirib. Karnegi fondunun saytında Paul Stronski yazır ki, Nazarbayev hökuməti mütəmadi dəyişsə də, sonuncu indiyədək görünməmiş addım sayıla bilər.

Görünür, Nazarbaev qətiyyətli görünmək, diqqəti ölkədə artan sosial-iqtisadi narazılıqdan, özünün ölkədə sıravi vətəndaşların həyatını yaxşılaşdırmaq vədini yerinə yetirməməsindən yayındırmaq istəyir. Prezident hökuməti qurbanlıq quzu seçərək yoxsul və orta sinif üçün iqtisadi imkanların yaradılması, iqtisadiyyatın diversifikasiyası üzrə fərmanlarını yerinə yetirə, hüququn aliliyini təmin edə bilmədiyini deyib”, – müəllif yazır.

Nursultan Nazarbaev
Nursultan Nazarbaev

Axı, Nazarbaev Yeni il müraciətində ölkədə həyatın keyfiyyətindən dəm vururdu. Amma bunu hiss etməyən sıravi qazaxıstanlılar arasında narazılıq və qəzəb artmaqdadır. Müəllifin fikrincə, yeni hökumət yəqin, ev tikintisinə, təhsilə, səhiyyəyə, uşaqlı ailələrə xərcləri artıracaq, yenə də iqtisadiyyatı diversifikasiya edəcəyinə, korrupsiyayla mübarizə apacağına söz verəcək.

“Nazarbayev əvvəllər də oxşar vədlər verib. Ancaq onun hökuməti siyasi, iqtisadi və sosial islahatlarla bağlı ambisiyalı planlarını dəfələrlə yerinə yetirə bilməyib. Nazarbaev on illərdir Qazaxıstan lideri kimi legitimliyini davam etdirsə də, onun yaratdığı sistem etibarlılıq böhranı yaşamaqdadır”, – məqalədə deyilir.

Əfqanıstanda öldürülən dinc sakinlərin sayı artır

Ötən il Əfqanıstan münaqişəsində daha çox dinc sakin öldürülüb. BMT-nin Əfqanıstandakı Yardım Missiyasi (UNAMA) və BMT-nin İnsan Haqları idarəsi bu haqda hesabat yayıb.

Əfqan uşaqlar
Əfqan uşaqlar

2018-ci ildə bu ölkədə 3 min 804 dinc sakin öldürülüb. Onların içində 927 uşaq var və bu, bir ildə münaqişə zamanı rekord sayda uşağın həlak olması deməkdir.

UNAMA ötən il Əfqanıstan münaqişəsində 7 min 189 nəfərin yaralandığını bildirir.

BMT Baş katibinin Əfqanıstan üzrə xüsusi təmsilçisi Tadamichi Yamamoto bu rəqəmləri “dərin narahatlıq yaradan və tamamilə qəbuledilməz” adlandırıb.

“Bütün tərəflər dinc sakinlərin ziyan görməməsi, həyatların dağıdılmaması üçün münaqişənin daha da qızışmasını önləməlidir”, – o bildirib.

Həm də UNAMA-nın rəhbəri olan Yamamoto deyib ki, BMT Əfqanıstan münaqişəsində dinc sakinlərlə bağlı artıq onuncu ildir hesabat hazırlayır. Son on ildə münaqişədə 32 mindən artıq dinc sakin öldürülüb, 60 min nəfər yaralanıb. “Bu insan faciəsinə son qoymağın vaxtı çatıb. Bu qətlləri dayandırmağın, insanları şikəst etməyin ən yaxşı yolu döyüşləri dayandırmaqdır”, – o, sözlərinə əlavə edib.

Ukrayna Avroviziyaya ifaçı göndərmir

Ukrayna ictimai televiziyası Avroviziya mahnı müsabiqəsində iştirak hüququ qazanmış ifaçıyla kontrakt imzalamaqdan imtina edib.

Ukraynalı ifaçı Maruv
Ukraynalı ifaçı Maruv

Maruv adılyla çıxış edən 27 yaşlı Anna Korsun bazar günü final seçiminin qalibi olub. Amma ölkə siyasətçilərindən bəzilərinin fikrincə, Maruv mayda Təl Əvivdə keçiriləcək müsabiqəyə buraxılmamalıdır, çünki tez-tez Rusiyada çıxış edir.

Ukraynanın ictimai televiziyası dərhal Maruva bir kontrakt təklif edib. Həmin sənəddə onun Rusiyada çıxış etməsi müvəqqəti yasaqlanır. İfaçıya sənədi imzalamağa 24 saat verilib. Bazar ertəsi həm ifaçı, həm də yayımçı razılaşma əldə olunmadığını bildiriblər.

Maruv Facebook-da yazıb ki, Rusiyada konsertləri ertələməyə hazırdır, amma kontraktın “senzura”ya bərabər, onu siyasi təbliğata məcbur edən digər şərtlərini qəbul edə bilməz

“Mən Ukrayna vətəndaşıyam, vergi ödəyirəm, Ukraynanı səmimi qəlbdən sevirəm. Amma şüar gəzdirməyə, yarışmada iştirakımı siyasətçilərimizin promosuna çevirməyə hazır deyiləm. Mən musiqiçiyəm, siyasi arenada alət deyiləm”, – o yazıb.

İctimai televiziya isə bildirib ki, Maruv ilə danışıqlarda onun müsabiqədəki “missiyası” barədə “ümumi baxış” əldə olunmayıb. Bəyanata görə, Avroviziyaya gedən ifaçı Ukrayna ictimaiyyətinin baxışını təmsil edən “mədəniyyət səfiri” olmalıdır.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, bu ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bu münaqişədə indiyədək 10 mindən çox adam öldürülüb.

XS
SM
MD
LG