Bazar günü Venesuelanın hakimiyyətini saxlamağa çalışan prezidenti Nicolas Maduroya beynəlxalq təzyiq güclənib. Vaşinqton onun “sayılı günlərinin qaldığını” deyib. Belə ki, müxalifətin humanitar yardımı ölkəyə gətirmək cəhdi qanlı toqquşmaya çevrilib. Cümə günündən sərhəd keçid məntəqələrində toqquşmalarda 4 nəfər öldürülüb.
Özünü aralıq dövr prezidenti elan etmiş Juan Guaido beynəlxalq ictimaiyyəti Venesuelanı “azad etmək üçün bütün tədbirləri” nəzərdən keçirməyə çağırıb.
Avropa Birliyi zorakılıqdan istifadəni, humanitar yardımın ölkəyə daxil olmasını əngəlləməyə çalışan silahlı qrupları pisləyib.
BMT-nin Baş katibi Antonio Guterres dinc sakinlərin ölümündən “sarsıldığını və kədərləndiyini” bildirib.
Guaido bazar ertəsi Boqotada əsasən Latın Amerikası ölkələrindən ibarət Lima Qrupla görüşüb. O, beynəlxalq ictimaiyyəti Maduroyla bağlı “bütün variantlara” hazır olmağa çağırıb.
Kolumbiya Prezidenti Ivan Duque deyib ki, toplantıda Venesuelanın “qanuni hökuməti” iştirak edəcək. ABŞ-ın Vitse-prezidenti Mike Pence də görüşə qatılacaq.
ABŞ Dövlət katibi Mike Pompeo “Maduronun sayılı günlərinin qaldığına” inandığını deyib. Prezident Donald Trump isə Vaşinqtonun silahlı addımı istisna etmədiyini vurğulayıb.
Venesuelaya yardım çatmasa, ölkənin 300 minədək sakini ölümlə üz-üzə qala bilər. BMT-nin hesablamalarına görə, 2015-ci ildə Venesueladan 2,7 milyon nəfər qaçıb, hər gün 5 min venesuelalı mühacirət edir.
Venesuelada hakimiyyət savaşı musiqiyə keçir
Venesuelada hakimiyyət savaşı artıq musiqi qrupları arasında bir mübarizəyə çevrilir. Ötən cümə günü hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduro-ya qarşı çıxanlar və onu dəstəkləyənlər ayrı-ayrılıqda konsert keçiriblər. Birinci düşərgə ölkəyə humanitar yardımın buraxılmasını tələb edib. Konsert tonlarla yardımın saxlandığı sərhəd körpüsünün hər iki tərəfində keçirilib.
Onlarla musiqiçin qatıldığı, Kolumbiya rəsmilərinin “Vəhdət Körpüsü” adlandırdığı körpünün bir tərəfində konserti britaniyalı milyarder Richard Branson maliyyələşdirib. Maduro-nun sosialist hökuməti isə körpünün digər tərəfində “Venesueladan əlinizi çəkin” adlı üçgünlük festival təşkil edib.
Venesuela müxalifətinin lideri Juan Guaido-nu dünyanın 50-dən artıq hökuməti tanıyıb. Maduronun isə geri çəkilmək fikri yoxdur.
“Məncə, hökumətin məqsədlərindən biri hər şeyi qarışdırmaq, müxalifətin pis görünəcəyi bir xaos yaratmaqdır. Bu, bir təbliğat müharibəsidir”, – Beynəlxalq Böhran Qrupunun Karakasdakı baş təhlilçisi Phil Gunson deyib.
Branson fevralın əvvəlində konsertə sponsorluq etməyə razılaşıb. Ona Guaido, ev dustaqlığında olan müxalifət lideri Leopoldo Lopez, kolumbiyalı sahibkar Bruno Ocampo müraciət edib.
1985-ci ildə keçirilmiş Live Aid (Canlı Yardım) konsertində Efiopiyada aclıq çəkənlər üçün yardım toplanmışdı. Branson isə 60 gün ərzində 100 milyon dollar yığmağı hədəf qoyub.
Trump-Kim sammitinə dair gözləntilər zəifdir
Bu həftə ABŞ Prezidenti Donald Trump Şimali Koreyadan həmkarı Kim Jong Un ilə ikinci sammitini keçirməlidir. Amma “The Associated Press” agentliyi bu sammitdən gözləntilərin zəif olduğunu, Pxenyanın nüvə silahlarından imtinasının real görünmədiyini yazır.
Agentlik iki liderin ilk sammitinin konkret nəticəsinin az olduğunu, məhz bu səbəbdən sonrakı görüşlərlə bağlı nikbinliyin böyük olmadığını yazır.
“Trump vaxtilə Şimali Koreyanın arsenalının bəşəriyyətə təhdid olduğunu deyirdi, amma bazar günü elan edib ki, Pxenyanın silahlarından əl çəkməsini sübuta yetirməsi tələsik deyil”, – agentik yazır.
“Mən tələsmirəm. Heç kimi tələsdirmək istəmirəm, sadəcə sınaq keçirilməsini istəmirəm. Sınaq keçirilmirsə, biz xoşbəxtik”, – Trump Ağ evdə söyləyib.
“Mən prezident seçilməsəydim, Şimali Koreya ilə müharibəyə gedərdiniz. İndi yaxşı münasibətlərin qurulduğu bir şəraitdəyik – nüvə sınağı aparılmır, raketlər yoxdur”, – prezident ötən həftə vurğulamışdı.
Amma agentlik qeyd edir k, Şimali koreyalıların indiyədək nə etməsindən asılı olmayaraq, Kim rejiminin ayaqda qalması əsas narahatlıq mənbəyidir.