Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Sürüşmə zonasında: 'Nə kommunal xətləri bərpa edirlər, nə də kirayə pulu verirlər'


Bayılda yenə sürüşmə olub
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Bayılda yenə sürüşmə olub

Kəndlərdə vəziyyət, Bayıldakı sürüşmə zonasında yaşayanların şikayətləri, qeydiyyatsız binalar, evlər problemi və başqa məsələlər medianın aparıcı mövzularındandır…

Bayılda şikayətlər

«Yeni Müsavat» qəzetində «Bayıl ərazisində qarışıq durum: köçürülmə niyə yubanır?» sualı gündəmə daşınır.

Müəllif Bayıl yamacında sürüşmə zonasında yaşayan 27 məcburi köçkün ailəsinin problemlərinin həll olunmamasını gündəmə gətirir. Rəsmilər həmin ərazidən 100-ə yaxın ailənin köçürüləcəyini bildiriblər. 27 köçkün ailəsini çıxmaqla onların hamısına kompensasiya veriləcəyi vurğulanır. Yayılan məlumatlara görə, həmin 27 ailəyə də bildirilib ki, onlara Qobu kəndində köçkünlərdən ötrü inşa edilən binalarda mənzillər veriləcək. Bu köçkün ailələr isə onlara da kompensasiya verilməsini istəyirlər.

Yazıda habelə qeyd edilir ki, əslində heç kompensasiya verilməsi nəzərdə tutulan ailələr də vəziyyətdən razı deyillər. Onlar da qəzetə deyiblər ki, şayiələrə əsasən, hər kvadratmetrə 700 manat verilməsi gözlənir, bu da onları qane etmir.

Müəllifin bildirməsinə görə, fevralın 21-də Səbail Rayon İcra Hakimiyyətinin başçısı onlarla görüşməli idi, amma görüşə gəlməyib.

Sakinlərdən Elməddin Muradlı deyib ki, məsələ ilə bağlı ölkə prezidentinə, Nazirlər Kabinetinə rəsmi məktub yazıblar: «Əgər növbəti həftəyə qədər cavab olmasa, sakinlər Nazirlər Kabinetinə getməyi düşünürlər. Həmçinin, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı ilə də görüş planlaşdırılır. Çünki heç kim camaata dəqiq bir cavab demir. Bu isə insanlarda narazılıq yaradır. Söz verirlər, əməli iş isə yoxdur».

E.Muradlının deməsinə görə, hazırda ailələrə kirayə pulu verilmədiyindən (Ötən ilin 11 ayında sürüşmə zonasında olan 90-dan çox ailəyə hökumət kirayə pulu verib) vəziyyətləri çətinləşib: «Nə kommunal xətləri bərpa edirlər, nə də normal kirayə pulu verirlər. İnsanlarla oyun oynayıb, onları ələ salırlar».

Bina
Bina

2011-ci il...

«Novoye Vremya» qəzetində «Qeydə alınmayan çoxmərtəbəli binalardan danışıqlar özbaşına tikilmiş evləri xatırladır» sərlövhəli yazı oxumaq olar.

Müəllif yazıb ki, ölkədə artıq tikilən, amma istismara verilməyən çoxmərtəbəli binaların qeydə alınması ilə bağlı prezident fərmanı hələ də gündəmin müzakirəsindədir.

Rəsmi rəqəmlərə istinad edən müəllif vurğulayıb ki, burada söhbət 400 binadan və bu binalarda yaşayan 10 minə yaxın insanın taleyindən gedir.

Yazıda qeyd edilir ki, sözügedən fərman 2019-cu il yanvarın 1-nə kimi tikilmiş binaları əhatə edir və təhlükəsizlik tələbələrinə cavab verən belə binaların istismara qəbulu bir il ərzində başa çatmalıdır.

Müəllifə görə, burada zahirən hər şey-yerli-yerində görünür, amma ehtimal edilir ki, bəzi şəxslər vəziyyətin dəyişməsini istəmir: «Həmin məmurlar heç yerə getməyiblər və onların maraqları yoxa çıxmayıb. Odur ki, onların prezidentin bu fərmanını sakitcə sabotaj edə bilmələri də istisna deyil».

Yazıda başqa bir məqama da diqqət çəkilir. Müəllif yazıb ki, qanunsuz inşa edilən evlərlə bağlı məsələlərin həllindən ötrü 2011-ci ildə dövlət komissiyası yaradılsa da, vəziyyət dəyişməyib: «Problemlərsə yerindədir və əminliklə demək olar ki, bələdiyyələrdən başlamış müxtəlif səviyyəli məmurlar onun saxlanılmasında maraqlıdırlar. Bürokratik aparatın ona sərf etdiyi halda problem yaratmaq, daha sonra öz maraqlarını təmin etmək naminə onun həllini tormozlamaq üçün əlində kifayət qədər vasitə var».

Müəllif yazının sonunda da ehtimal edib ki, ola bilər, zəmanə dəyişib, prezidentin bu fərmanı vətəndaşların maraqları baxımından yerinə yetirilə bilər. Yazı bu sözlərlə də başa çatır: «Yaşayarıq, görərik».

İ.Əliyev Saatlıda pambıq tarlasında.
İ.Əliyev Saatlıda pambıq tarlasında.

«Problemsiz kəndlər»

«Azərbaycan» qəzetində «Dolanışıq harada asandır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazının girişində də başlığın davamı kimi sual edir: Doğma kənddə, yoxsa yad şəhərdə?

Yazıda vurğulanıb ki, indi kəndlərdə işıq, qaz, su, yol problemi, təftiş qorxusu, məmur müdaxiləsi yoxdur. Müəllifin iddiasına görə, üstəlik, indi kəndli qədər sözün yaxşı mənasında dili uzun, imkanları geniş istehsalçıya da rast gəlmək çətindir. Hətta müəllifin vurğulamasına görə, onun bir tanışı var, kəndə gedəndə qayıtmaq istəmir: ​«Bunların üzərinə dövlətin kəndə və kəndliyə etdiyi digər sərfəli güzəştləri, maddi dəstəyi də gəlsək, onda tanışımızın şəhərə qayıtmaq istəməməsinə təəccüblənməyə qətiyyən yer qalmır...».

Yazıda qeyd edildiyinə görə, subsidiyaları, güzəştli qiymətlərlə verilən yanacağı, gübrəni, toxumu, texnikanı da nəzərə alanda kəndli indi heç də şəhərdə «mənəm» deyən iş adamlarından, müxtəlif qurumlarda çalışan dövlət məmurlarından pis yaşamır.

Yazıda habelə qeyd edilib ki, ötən il Aran rayonlarında pambıqdan 40-60 min manat xalis qazanc götürən fermerlər olub. Müəllifin gəldiyi nəticəyə görə, kənd təsərrüfatının başqa sahələrində vəziyyət pis deyil: «Baramaçılıqda, üzümçülükdə, taxılçılıqda, faraş tərəvəzçilik və meyvəçilikdə də qazanc pis deyil. Sadəcə, işləmək və bazarın nəbzini tutmaq lazımdır..., daha bəziləri kimi doğma kənddəki torpağını, ev-eşiyini ya satıb, ya da atıb dolanışığı yad şəhərlərdə axtarmayasan».

XS
SM
MD
LG