Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

Rusiyaya ‘cəhənnəmdən sanksiya layihəsi’ gəlir – Qərb mediası


Ötən il Rusiyaya ticarət sanksiyası tətbiq etmiş ölkələr
Ötən il Rusiyaya ticarət sanksiyası tətbiq etmiş ölkələr

Birləşmiş Ştatların hər iki partiyasını təmsil edən senatorlar Rusiyaya yeni sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıb. Bu sanksiyalar Rusiyanın ABŞ-da seçkilərə iddia olunan müdaxiləsi, Ukraynaya təcavüzünə görə tətbiq olunacaq. Layihə müəlliflərindən biri, respublikaçı senator Lindsey Graham sənədi “cəhənnəmdən gələn sanksiya layihəsi” adlandırıb.

Rəsmi adı Amerikanın Təhlükəsizliyini Kremlin Təcavüzündən Qoruma Aktı 2019 (DASKA) olan layihə elə açıqlanan kimi Rusiyanın maliyyə bazarlarında şok yaradıb. Bu layihəni hələ Konqres nəzərdən keçirəcək. Onun daha kəskin versiyası ötən il qəbul olunmadı.

DASKA şübhəli kiber fəaliyyət, korrupsiya, Rusiyadan kənarda bu ölkənin mayeləşdirilmiş təbii qaz ixracı obyektlərinə, Rusiyadan kənarda enerji layihələrinə investisiyalara görə Prezident Donald Trump-a sanksiya tətbiq etmək hüququ verir.

Lindsey Graham
Lindsey Graham

Rusiyada neft layihələrinə gəlincə, DASKA çərçivəsində Rusiyaya mal, xidmət, texnologiya satan, maliyyə, yaxud digər dəstək göstərən şəxsə sanksiya qoyula bilər.

Demokratik proseslərə, yaxud seçkilərə müdaxiləni dəstəkləyən Rusiya maliyyə qurumları sanksiyayla üzləşəcək.

Bundan başqa, sosial media şirkətləri platformalarında Rusiya hökuməti, yaxud digər hökumətlərin sponsorluğu ilə dezinformasiya yayılmamasını təmin etməlidirlər.

Papanın tələbi

Roma Papası Francis dünən – fevralın 21-dəVatikanda uşaqlara cinsi təcavüzlə mübarizəyə həsr olunmuş sammiti açıb. O, “konkret tədbirlər” görməyə çağırıb, katolik yepiskoplara kilsədə pedofiliyanı önləmək üçün yol xəritəsi verib.

Yepiskoplar Vatikana yığışır
Yepiskoplar Vatikana yığışır

“Müqəddəs Allah adamları bizə baxır, bizdən sadə, gözlənən pisləmə deyil, konkret, səmərəli addımlar gözləyir. Konkret olmalıyıq”, – Papa sammitin başlanğıcında deyib.

Ədalət istəyən körpələrin çığırtısına qulaq verin”, – o, üç gün yarım çəkəcəyi gözlənən toplantıda söyləyib.

Francis-in təqdim etdiyi 21 bəndlik “qaydalar”da keşişlərin məcburi davranış kodeksinin hazırlanması, sui-istifadə hallarını aşkarlayacaq adamlara təlim keçilməsi, polisə xəbər verilməsi kimi məsələlər yer alıb.

Maltanın arxiyepiskopu, sammitin təşkilatçılarından olan Charles Scicluna təklifləri “siyasətin gələcək inkişafı üçün yol xəritəsi” adlandırıb.

Dünyanın bir sıra ölkələrində, o cümlədən Çili, Almaniya və ABŞ-da kilsələr ətrafında yaranmış qalmaqal böyüyərək böhran həddinə çatıb.

Polşada pedofil keşişlərin qurbanlarını dəstəkləyən qrupun dünən yaydığı hesabatda bu katolik ölkəsində ruhanilərin yol verdiyi 400-dək cinsi təcavüz halı sənədləşdirilib.

Bosniya Herseqovinada miqrant
Bosniya Herseqovinada miqrant

AB-nin sərhədləri neçə dəfə pozulub

Ötən il Avropa Birliyi ölkələrinin sərhədləri 150 min 114 dəfə qanunsuz keçilib. Bu, 2017-ci ildəkindən 27% azdır. Məlumatı birliyin sərhədlərinin mühafizəsinə cavabdeh FRONTEX təşkilatı yayıb.

Ötənilki azalmanın səbəbi sərhədi qanunsuz keçən miqrantların sayının azalmasıdır. 2018-ci ildə Mərkəzi Aralıq dənizi marşrutu ilə gələn miqrantların sayı da azalıb. Bundan başqa miqrantların ən çox gəldiyi Tunis, Əlcəzair və Türkiyədən onların çıxma sayı da azalıb.

2018-ci ildə Misirdən dəniz xətti ilə Avropaya heç bir miqrant yola düşməyib.

Mərkəzi Aralıq marşrutuyla qanunsuz sərhədkeçmələr azaldığından diqqət Qərbi Aralıq marşrutuna yönəlib. Burada Mərakeş və Saharaaltı regiondan rekord sayda miqran Cəbbərültariq boğazını keçib. Beləliklə Qərbi Aralıq marşrutu ötən il Avropaya girməkdən ötrü ən çox istifadə olunan yola çevrilib.

Şərqi Aralıq marşrutu boyunca isə ötən ilin ən mühüm hadisəsi Suriyadan qanunsuz miqrantların Türkiyədə yerləşməsi və qayıdışı proqramının icrası olub.

XS
SM
MD
LG