Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:35

'Bu hansı məmurun biznesidir,..' -Mətbuat icmalı


Yeni tikili
Yeni tikili

«Cənub qaz dəhlizi» layihəsinin əhəmiyyəti, istismara verilməmiş binaların sayında fərqli rəqəmlər, kölgə iqtisadiyyatı ilə mübarizənin yolları və başqa məsələlər medianın aparıcı mövzularındandır…

İstismara verilməmiş binalarla bağlı fərqli rəqəmlər

Marja.az saytında «Ekspert «800», komitə sədri «400-ə yaxın» deyir» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu binaların say məsələsində rəqəmlər üst-üstə düşmür.

«Bakıda təqribən qeydiyyatsız 800-dən artıq istismara qəbul olunmayan çoxmənzilli bina var», - deyə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı sayta bildirib.

Ekspert daha sonra da əlavə edib: «Bütövlükdə nəinki paytaxt Bakıda, həmçinin digər regionlarda da belə binalar var. Bu fərman çoxmənzilli binalar üzrə uzun illərdən qalan qeydiyyat probleminin həllinə birbaşa təkan verəcək. Bilirsiniz ki, bir mənzilin bir neçə nəfərə satılması halları müqavilə ilə satılan mənzillərdə baş verirdi...».

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə istismara qəbul edilməmiş 400 bina olduğunu, bunun təxminən 270-nə müsbət rəy verildiyini bildirir: «Lakin təkcə Fövqəladə Hallar Nazirliyinin qurumlarının müsbət rəy verməsi kifayət deyil. Çünki binalarda layihədən kənarlaşmalar var, torpaq sənədləri qaydasında deyil və ya torpaqlar təyinatı üzrə istifadə edilməyib. Tutaq ki, bina kənd təsərrüfatı torpaqlarında və ya sənaye məqsədli torpaqlarda tikilib. Prezidentin Fərmanı ilə yalnız memarlıq və torpaqdan istifadə nöqteyi-nəzərindən tələblərin pozulmasına amnistiya verilir, səhvlər bağışlanır. Fərman ilə təhlükəsizlik ön plana çıxarılır. Təhlükəsizlik tələblərinin pozulması bağışlanmır».

Monopoliya
Monopoliya

«Ya biznes, ya vəzifə»

«Yeni Müsavat» qəzetində «Kölgə iqtisadiyyatına qarşı mübarizə: Ya biznesi seç, ya da vəzifəni...» sərlövhəli yazı yer alır.

Yazıda kölgə iqtisadiyyatı və onunla mübarizə barədə ekspert Rəşad Həsənovun düşüncələrinə yer verilib.

Müəllifin bildirildiyinə görə, bu günlərdə vergilər naziri Mikayıl Cabbarov ölkədə kölgə iqtisadiyyatı ilə mübarizəni əsas məqsədlərdən biri adlandırıb.

Yazıda habelə vurğulanıb ki, bu günlər verilən rəsmi açıqlamaya görə, 2018-ci ildə görülən tədbirlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat vəsaitin dövriyyədən gizlədildiyi aşkarlanıb.

İqtisadçı R.Həsənov isə «Yeni Müsavat»a bildirib ki, kölgə iqtisadiyyatı ilə bağlı ölkədə ciddi problem var: «İqtisadiyyatın, xüsusilə real sektorun əhəmiyyətli bir hissəsi illeqal fəaliyyət göstərir. Hətta Dünya Bankı bildirir ki, bu göstərici 60 faizin üzərindədir. Müşahidələr göstərir ki, həqiqətən bəzi sahələrdə kölgə iqtisadiyyatının səviyyəsi hətta 70 faizdən yuxarıdır».

Ekspertin iddiasına görə, biznesin əhəmiyyətli bir hissəsi qeyri-qanuni fəaliyyət göstərir, dövriyyə uçotdan gizlədilir, bu isə bütün bazar sisteminə mənfi təsir göstərir.

R.Həsənov hesab edir ki, əslində sahibkar qeyri-qanuni fəaliyyət göstərməkdə maraqlı deyil: «Amma sahibkar buna öyrəşdirilmişdir...»

Ekspert qeyd edir ki, son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatının azaldılmasından ötrü bir neçə istiqamətdə addımlar atılır: «Bura ilk növbədə vergi qanunvericiliyinə edilən dəyişikliklər, vergi-gömrük əlaqələndirilməsi yolu ilə uçotun izlənilməsi imkanlarının ortaya qoyulması daxildir...».

R.Həsənov hesab edir ki, daha bir sıra addımlara ehtiyac var. O xatırladıb ki, Azərbaycanda Rəqabət Məcəlləsi 10 ildən çox bir vaxt ərzində gündəmə gəlsə də, işləmir: «Sual yaranır: nə üçün? Azərbaycan çox kiçik bir bazardır. Bu bazarın xüsusiyyətləri nəzərə alınaraq mütləq və mütləq Rəqabət Məcəlləsi olmalıdır. Eyni zamanda, bu məcəllənin işləkliyi təmin olunmalıdır. Burada artıq bu hansı məmurun biznesidir, bunu kim himayə edir kimi prinsiplərə yer olmamalıdır...».

Qaz kəmərinin inşası
Qaz kəmərinin inşası

«Cənub qaz dəhlizi»nin əhəmiyyəti

«Azərbaycan» qəzetində «Enerji təhlükəsizliyi və geniş beynəlxalq əməkdaşlıq layihəsi» sərlövhəli yazıda Azərbaycan qazını Avropaya nəql edəcək «Cənub qaz dəhlizi» layihəsinin regional və qlobal əhəmiyyəti dəyərləndirilir.

Yazıda bildirilir ki, fevralın 20-də Bakıda «Cənub qaz dəhlizi» Məşvərət Şurasının sayca beşinci toplantısı keçirilib: «Məşvərət Şurasının son beş ildə keçirilən toplantıları layihənin irəliləməsində mühüm rol oynayıb. Belə ki, bu tədbirlərdə görülmüş işlər barədə geniş söhbət açılıb, qarşıda duran vəzifələr müzakirə edilib, layihə ətrafında fikir mübadiləsi aparılıb».

Müəllif «Cənub qaz dəhlizi»ni Azərbaycanın yaratdığı mükəmməl beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq sayəsində gerçəkləşən layihə adlandırır. 7 dövlətin bu layihədə iştirakçı olduğu, daha 3 ölkə ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə anlaşma memorandumu imzalandığı bildirilir.

Yazıda bu tədbirdə prezident İlham Əliyevin «Cənub qaz dəhlizi» ilə bağlı səsləndirdiyi fikirlərdən sitat da təqdim edilir: «Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Hesab edirəm ki, biz burada yaxşı balans tapa bilmişik - yəni, istehsalçı olan Azərbaycan və istehlakçı və tranzit dövlətlər arasında. Maraqların balansı bu layihənin uğurunu şərtləndirir».

Yazıda qeyd edilir ki, «Cənub qaz dəhlizi» artıq mənzil başına yaxınlaşmaqdadır. Layihənin dördüncü - sonuncu seqmenti olan TAP-ın (Trans-Adriatik Qaz Boru Kəməri) çəkilişi uğurla davam edir.

XS
SM
MD
LG