Birləşmiş Ştatlar Suriyada İslam Dövləti (İŞİD) yaraqlı qruplaşmasına qoşulmuş, ABŞ-da anadan olmuş qadının bu ölkəyə qayıtmasına icazə verməyəcək. Çünki onun vətəndaş olmadığı bildirilir.
Dövlət katibi Mike Pompeo fevralın 20-də deyib ki, hazırda Suriyada qaçqın düşərgəsində azyaşlı oğlu ilə qalan Hoda Muthana ABŞ vətəndaşlığı üçün rəsmi müraciət etməyib.
“Onun nə hüquqi əsası, nə qüvvədə olan ABŞ pasportu, nə pasport almaq hüququ, nə də Birləşmiş Ştatlara gəlməyə vizası var”, – deyən Pompeo 24 yaşlı qadının vətəndaşlığının olmamasının necə müəyyənləşdirildiyini açıqlamayıb.
ATASI DİPLOMAT OLUB
Prezident Donald Trump isə bildirib ki, Nyu Cersidə doğulmuş qadının Birləşmiş Ştatlara buraxılmamasına göstəriş verib.
“Dövlət katibi Mike Pompeoya göstəriş vermişəm, o, Hoda Muthana-nın ölkəyə buraxılmamasına tamamilə razıdır”, – Trump tvitində yazıb.
Amma qadının vəkili Hassan Shibly deyir ki, Mutahana Birləşmiş Ştatlarda anadan olub, Alabamada yaşayıb, 2014-cü ildə İŞİD-ə qoşulanadək pasportu qüvvədə olub. Vəkilin iddiasına görə, qadın terrorçu qrupdan imtina edib, hüquqi problemlərə baxmayaraq oğlunu qorumaqdan ötrü vətəninə qayıtmaq istəyir.
Muthana-nın atası yəmənli diplomat olub. Diplomat övladlarına avtomatik olaraq vətəndaşlıq verilmir. Amma Shibly deyir ki, onun atası qızı dünyaya gəlməmişdən “aylar” öncə diplomatlıqdan uzaqlaşıb.
“O amerikalıdır. Amerikalılar qaydaları pozurlar. Adamlar qaydaları pozanda adamların məsuliyyətə cəlb olunması üçün hüquqi sistem var. Qadının da istədiyi budur”, – vəkil söyləyib.