Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

'İstismara qəbul edilməyən 400 binada 10 min sakin yaşayır'-Media icmalı


R.Ağayev
R.Ağayev

Sumqayıtda yenidən kimya sənayesinin inkişafı, yaşayış minimumu standartlarının köhnəlməsi, tikintisi başa çatan çoxmənzilli binaların istismara qəbul edilməməsinin səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Yaşayış minimumu standartlarına baxılmalıdır»

Musavat.com saytında «Yaşayış minimumu standartlarına yenidən baxılmalıdır-ekspert» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, dövlət başçısının sərəncamı ilə martın 1-dən Azərbaycanda minimum əməkhaqqı artırılaraq ölkə üzrə orta yaşayış minimumu (180 manat) həddinə çatdırılıb və bundan sonra yaşayış minimumunun hesablanması ilə bağlı müzakirələr başlanıb.

Müəllif xatırladıb ki, bu il təsdiqlənmiş yaşayış minimumu ölkə üzrə 180, əməkqabiliyyətli əhaliyə 191, pensiyaçılara 149, uşaqlardan ötrü isə 160 manat müəyyən edilib.

İqtisadçı Rövşən Ağayev mövzu ilə bağlı sayta deyib: «Nəzərə alaq ki, minimum yaşayış standartları az qala 15 il öncə təsdiqlənib. Belə ki, 2005-ci ildə Azərbaycan Dünya Bankının təsnifatında ozamankı gəlir standartı ilə adambaşına milli gəliri 3000 dollardan aşağı olan «aşağı orta gəlirli» ölkələr qrupunda idi. Bu gün isə artıq adambaşına milli gəliri 5000 dollar ətrafında olan «yuxarı orta gəlirli» ölkələr qrupunda yer alıb».

Ekspert qeyd edib ki, 2005-2007-ci illərdə rəsmi yaşayış minimumu 65-70 dollar olub, 2019-cu ildə isə 105 dollardır: «Ötən 12-13 ildə ABŞ-dakı inflyasiyanı, 1 ABŞ dollarının alıcılıq qabiliyyətində baş verən azalmanı da nəzərə alsaq, belə çıxır ki, Azərbaycanda minimum yaşayış dəyərində ciddi artım baş verməyib».

R.Ağayev vurğulayıb ki, 2015-ci ildə Dünya Bankı adambaşına gündəlik qazancı 1.90 dollara qaldırıb (buna qədər 1.25 dollar idi) və bu dəfə həmin məbləğ ABŞ dollarının 2011-ci ildə olan alıcılıq qabiliyyəti ilə hesablanıb.

Ekspertə görə, ötən müddətdə Azərbaycan nəhəng gəlirlər əldə etsə də, iqtisadi imkanlar böyüsə də, aztəminatlı insanlara hazırlanan rəsmi minimum yaşayış standartları ciddi dəyişməyib.

R.Ağayev hesab edir ki, minimum istehlak səbətinin strukturu da dəyişməlidir...

Bina
Bina

İstismara qəbul edilməmiş binaların taleyi

Marja.az saytında «İstismara qəbul edilməmiş binaların sayı və problemin səbəbləri açıqlandı» sərlövhəli yazı yer alır.

Sayt ölkə üzrə istismara qəbul edilməmiş çoxmənzilli binaların problemləri barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin düşüncələrinə yer verib.

Komitə sədri deyib ki, ölkə üzrə istismara qəbul edilməmiş hündürmərtəbəli binaların sayı 400-ə yaxındır və hazırda bu binalarda yaşayış mövcuddur: «Həmin binaların tikintisi başa çatdırılıb. Hazırda istismara qəbul edilməmiş 400-ə yaxın binada 10 minə yaxın sakin yaşayır».

S.Nuriyev binaların istismara qəbul edilməməsinin səbəblərindən də danışıb: «Birinci səbəb icraatın tamamlanmamasıdır. Yəni, tikintinin mərhələlərində sənədlər qaydaya salınmayıb».

Komitə sədrinə görə, ikinci səbəb isə layihələrdən kənara çıxmalardır.

S.Nuriyev əlavə edib ki, bütün sənədləşməsi düzgün olan təşkilatlar da binanın istismara qəbul olunmasına tələsmirlər: «Qanunvericilikdə olan son dəyişikliklərdən irəli gələrək istismara qəbul edilmiş binalarda bir ay ərzində sakinlər öz idarəetmələrini qurmalıdırlar. Bu da MTK-lara sərf etmir».

Fevralın 19-da dövlət başçısı «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» Fərman verib. Həmin sənədə bu prosesin tezləşdirilməsi nəzərdə tutulur.

İ.Əliyev «SOCAR Polymer» zavodunun açılışında
İ.Əliyev «SOCAR Polymer» zavodunun açılışında

«Sumqayıt yenidən sənaye mərkəzinə çevrilir»

«Azərbaycan» qəzetində «Sumqayıt yenidən neft-kimya sənayesi mərkəzinə çevrilir» sərlövhəli yazı dərc edilib.

Yazıda iddia olunur ki bu gün Sumqayıt təkcə Azərbaycanın deyil, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir: «Regionların sosial-iqtisadi inkişafına yönəldilən dövlət proqramlarının nəticələri bu şəhərin simasında, eləcə də sakinlərinin güzəranında özünü aydın əks etdirir».

Yazıda habelə bildirilir ki, bu günlər Sumqayıt şəhərinə səfəri zamanı dövlət başçısı Kimya Sənaye Parkında «SOCAR Polymer» layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışında iştirak edib. Müəllif xatırladıb ki, «SOCAR Polymer» zavodlarının təməli 2015-ci ilin oktyabrında prezident İlham Əliyevin iştirakı ilə qoyulub. 2018-ci ilin iyul ayında isə layihə çərçivəsində inşa edilmiş polipropilen zavodunun açılışı olub: ««SOCAR Polymer» zavodları ilkin mərhələdə ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüskəksıxlıqlı polietilen istehsal edəcək. Daxili bazarın tələbatı ödənildikdən sonra qalan məhsul Türkiyəyə və Avropaya ixrac olunacaq. Bu, ümumi investisiya xərcləri 816 milyon dollar təşkil edən bir müəssisədir».

Müəllif yazıb ki, «SOCAR Polymer»in fəaliyyəti ölkənin qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.

Yazı belə bir cümlə ilə də başa çatır: «Məşğulluq problemi uğurla həll olunan sumqayıtlılar da, öz növbəsində, Azərbaycanın inkişaf və tərəqqisinə xidmət edirlər».

XS
SM
MD
LG