2014-cü ilin Avromaydan etirazları zamanı polisin yol verdiyi insan haqları pozuntuları məsələsində “ədalətə müqavimət göstərib, yaxud onun işini əngəlləyib”. Bunu Amnesty International insan haqları təşkilatı bildirir.
Londonda mənzillənən qurumun təmsilçisi Colm O'Cuanachain fevralın 19-da çıxış edib. Həmin gün Avromaydan etirazları zamanı ən zorakı günün beşinci ildönümü tamam olub.
“Ədalət məsələsində beş il gözləmək uzun bir müddətdir və Ukrayna polisindən əziyyət görmüş qurbanlar üçün ədalət hələ də üfüqdə görünmür”, – təmsilçi Kiyevə səfəri zamanı deyib.
Kiyevdə Avromaydan adıyla tanınan, üç ay çəkən etirazlar nəticəsində moskvapərəst Prezident Viktor Yanukovych 2014-cü ilin fevralında Rusiyaya qaçıb.
Həmin etirazlarda təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 100-dən artıq adam öldürülüb, 2 min 500 nəfər yaralanıb.
Ukrayna rəsmiləri ölənlərdən azı 13-nün polis əməkdaşı olduğunu bildirir.
“HƏBSƏ ATILANLAR İÇİNDƏ KEÇMİŞ POLİS ƏMƏKAŞI YOXDUR”
2018-ci ilin sonunda Ukraynanın Baş prokuror 441 şübhəlini müəyyənləşdirib. Amnesty onların çoxunun keçmiş hüquq-mühafizə orqanları əməkdaşları olduğunu deyir.
İnsan haqları təşkilatının bildirməsinə görə, 228 nəfərin işi məhkəməyə göndərilib, onlardan 52-si ilə bağlı məhkəmə qərar çıxarıb.
Amma 48 məhkəmə işinin yalnız 9-da həbs qərarı çıxarılıb və həbsə atılanların içində keçmiş polis əməkdaşı olmayıb.
“Vədlər verildi, post-Yanukovych hakimiyyəti güclü sözlər dedilər, amma zaman və faktlar daha çox şey deyir. Məsuliyyət daşıyanların hamısı, komandanlıqda olanlar daxil, məsuliyyətə cəlb edilməyincə ədalətdən danışmaq olmaz”, – O'Cuanachain deyib.
Yanukovych-in devrilməsindən sonra Rusiya 2014-cü ilin martında Ukraynanın Krım regionunu ilhaq edib.
Moskva Ukraynanın şərqindəki separatçıları da dəstəkləyir. Bu münaqişədə 2014-cü ilin aprelindən bəri 10 min 300-dən çox adam öldürülüb.