Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:35

Dünya palma yağının məngənəsinə necə keçib – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Palma yağı hazırda biskvitlərdən tutmuş şampuna qədər bir sıra məhsulların tərkibində özünə yer edib. Amma bu yağdan asılılığımız fəlakətli nəticələr verir. “The Guardian” qəzetində Paul Tullis bu haqda yazır.

Tropik iqlimdə bitən palma ağacının meyvəsində ən müxtəlif məqsədlər üçün istifadə oluna bilən bitki yağı var. Onunla ərzağı yaxşı qızartmaq olur, başqa yağlarla da kombinasiyaya yaxşı girir. Ən əsası, istehsal xərcləri digər, məsələn günəbaxan yağından ucuz başa gəlir.

Təxminən 50 ildir palma yağı istehsalı durmadan artır. 1995-2015-ci illərdə isə illik istehsal dörd dəfə artıb – 15,2 milyon tondan 62,5 milyon tona çatıb. 2050-ci ilədək yenidən dörd dəfə artaraq 240 milyon tona çatacağı gözlənir.

Belarusda tərkibində palma yağı olan məhsullar
Belarusda tərkibində palma yağı olan məhsullar

Bu gün dünyanın 150 ölkəsində 3 milyard nəfər tərkibində palma yağı olan məhsullar işlədir. Hərəmiz ildə 8 kiloqram palma yağı istehlak edirik.

Bu yağın 85 faizi Malayziya və İndoneziyadan gəlir. Amma müəllif bunun ətraf mühitə böyük zərbə vurmaqla gerçəkləşdiyini, üstəlik insan haqları pozuntularına yol verildiyini yazır. Palma plantasiyalarının genişləndirilməsi üçün meşələr təmizlənərək yandırılır. Bu yanğınlar 261 milyon nəfərin yaşadığı İndoneziyada havaya buraxılan istixana qazlarının əsas mənbəyi sayılır. Yəni, daha çox palma yağı istehsal etməyə maliyyə marağı planetin istiləşməsinə töhfəsini verir.

Məsələnin ən maraqlı tərəfi isə istehlakçıların palma yağı yediklərindən çox vaxt xəbər tutmamalarıdır. Palma yağıyla bağlı araşdırmalar üzə çıxarıb ki, gündəlik işlətdiyimiz ərzaq, digər məhsulların tərkibindəki 200-dən artıq inqrediyentin tərkibində palma yağı olmasına baxmayaraq, onlardan yalnız 10 faizində “palma” sözü yazılıb.

İŞİD-ə qoşulan avropalılar

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına qoşulmuş əcnəbilərin taleyi getdikcə vacib bir məsələyə çevrilir. Çünki ABŞ-ın dəstəklədiyi döyüşçülər qruplaşmanın Suriyanın şərqindəki sonuncu istehkamını da ələ keçirməyə hazırlaşırlar.

Suriyada İŞİD üzvlərinin arvadlarının saxlandığı düşərgə
Suriyada İŞİD üzvlərinin arvadlarının saxlandığı düşərgə

Kürdlərin nəzarət etdiyi Suriya Demokratik Qüvvələri (SDF) 800 əcnəbi döyüşçünü saxladığını bildirir. Onların 700 həyat yoldaşı, 1500 uşağı da başqa düşərgələrdə saxlanır. Hər gün düşərgələrə onlarla yaraqlı və ailə üzvləri gətirilir.

ABŞ Prezidenti Donald Trump Avropa ölkələrini vətəndaşlarını geri almaqdan ötrü daha çox iş görməyə çağırıb. SDF isə onları azad etmək niyyəti olmadığını bildirir. Di gəl, əraziyə hücum olunarsa, onlar qaça bilərlər.

Avropa ölkələri vətəndaşlarının problemini necə yoluna qoymaq üzərində işlədiklərini deyirlər. Amma məsələnin çətinliyi ondadır ki, diplomatlar SDF-in nəzarətində olan, beynəlxalq səviyyədə tanınmayan ərazidə işləyə bilməzlər.

Avropanın polis agentliyi Avropolun məlumatına görə, əsasən Britaniya, Fransa, Almaniya və Belçikadan olmaqla 5 min avropalı Suriya və İraqa döyüşməyə gedib. Onlardan 1500 nəfəri qayıdıb.

Britaniya rəsmiləri krallıqdan 900 nəfərin Suriya regionuna getdiyini bildirir. Onlardan beşdə biri həlak olub, yarıya qədəri qayıdıb, 360 nəfər regiondadır.

Belçikadan Suriya, yaxud İraqa 442 belçikalı gedib, onlardan 130-u qayıdıb, 142 nəfər öldürülüb. Hazırda Suriyada altı belçikalı kişi, 17 qadın, 32 uşaq saxlanır.

“ABŞ bizi heç cür əzə bilməz”

Çinin Huawei telekommunkasiya nəhənginin qurucusu Birləşmiş Ştatların şirkəti qara siyahıya salmaq cəhdlərini tənqid edərək deyir ki, dünya Huawei-siz və onun qabaqcıl texnologiyası olmadan keçinə bilməz.

Huawei-nin Pekində mağazası
Huawei-nin Pekində mağazası

“Birləşmiş Ştatlar bizi heç cür əzə bilməz”, – Ren Zhengfei BBC-yə müsahibəsində deyib.

Dünya bizdən əl çəkə bilməz, çünki çox qabağa getmişik”, – o, sözlərinə əlavə edib.

74 yaşlı Ren dekabrda qızının, Huawei-nin baş maliyyə rəsmisi Meng Wanzhou-nun saxlanmasını “siyasi motivli” adlandırıb. O, Birləşmiş Ştatların İrana qarşı sanksiyalarını pozmaqda suçlanır, gələn ay Kanada onun ABŞ-a ekstradisiya olunması məsələsinə baxacaq.

Buna etiraz edirik. Amma bu yola girmişiksə, qoy məhkəmələr bunu həll eləsin”, – o vurğulayıb.

Huawei-nin qurucusu adətən mediadan çəkingənliyi ilə tanınıb. Amma son aylar şirkətə qarşı casusluq ittihamları artdığından diqqət mərkəzinə keçməli olub.

Ötən il təhlükəsizlik səbəblərindən Avstraliya Huawei-nin avadanlığını özünün 5G şəbəkəsindən çıxarmalı olub.

Yeni Zelandiya isə ən böyük telekommunikasiya daşıyıcısının növbəti nəsil şəbəkəsində Huawei texnologiyasından istifadəsini yasaqlayıb. Məlumatlara görə, Çexiya Respublikası şirkəti vergi portalının yaradılmasından ötrü 20 milyon avroluq (22 milyon dollar) tenderdən kənarlaşdırıb.

XS
SM
MD
LG