Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:04

16 ştat Trump administrasiyasını məhkəməyə verir


ABŞ-Meksika sərhədi, arxiv fotosu
ABŞ-Meksika sərhədi, arxiv fotosu

Kaliforniyanın rəhbərliyi ilə ABŞ-ın 16 ştatı Prezident Donald Trump administrasiyasını məhkəmə verir. Səbəb prezidentin Meksikayla sərhəddə hasar tikilməsinə pul yığmaqdan ötrü fövqəladə vəziyyət elan etmək qərarıdır.

İddia fevralın 18-də Kaliforniya məhkəməsində qaldırılıb.

Bir neçə gün öncə Trump fövqəladə səlahiyyətini işə salıb. O, seçki kampaniyası dövründə vəd etdiyi hasara maliyyəni təmin etmək, bunun üçün Konqresdən yan keçmək istəyir.

Konqres Trump-ın xahişini rədd edib, bu il hasarın tikilməsinə istədiyi 5,7 milyard dolları ayırmayıb.

Demokratlar vəd ediblər ki, “bütün mümkün vasitələrə əl ataraq” Trump-ın istəyinin yerinə yetməsini əngəlləyəcəklər.

“PREZİDENTİN PULLARI OĞURLAMASININ QARŞISINI ALAQ”

Prezident hasarın qanunsuz miqrasiyanın və narkotik qaçaqçılığının önlənməsi üçün gərəkdiyini deyir. Demokratlar isə bu iddiaları rədd edir.

Kaliforniyanın Baş Prokuroru Xavier Becerra bəyanatında deyib ki, Trump-ın “prezident səlahiyyətindən sui-isifadəsini önləmək üçün” onu məhkəməyə verirlər.

ABŞ Prezidenti Donald J. Trump
ABŞ Prezidenti Donald J. Trump

Prezident Trump-ı ona görə məhkəməyə veririk ki, Konqresin ştatlarımızın əhalisi üçün kənara qoyduğu vergiödəyicisi pullarını birtərəfli qaydada oğurlamasının qarşısını alaq. Çoxumuzdan ötrü prezident idarəsi tamaşa yeri deyil”, – o deyib.

Kaliforniyayla birlikdə məhkəmə iddiasını Kolorado, Konnektikut, Delaver, Havay, İllinoys, Men, Merilend, Miçiqan, Minnesota, Nevada, Nyu Cersi, Nyu Meksiko, Nyu York, Oreqon, Virciniya ştatlarının baş prokurorları da qoşulub. Bu ştatların baş prokurorları demokratlardır.

Ağ ev hələlik, bu iddianı şərh etməyib.

Bu günlərdə Konqres hökumətin ikinci dəfə bağlanmasını önləməkdən ötrü büdcə razılaşması əldə etdi. Həmin sənəddə sərhədin hasarlanmasına 1,4 milyard dollaradək vəsait ayrılması nəzərdə tutulur.

BU, BİRİNCİ MƏHKƏMƏ İDDİASI DEYİL

Texasdan üç torpaq sahibi və bir ətraf mühit qrupu cümə günü prezidentə qarşı məhkəmə iddiası qaldırıb, onun addımının Konstitusiyanı və onların mülkiyyət hüququnu pozduğunu bildirib.

Bu hüquqi addımlar Trump-ın sərhədi hasarlamaq cəhdlərini yavaşıda bilər. Di gəl, məhkəmə iddiaları sonucda ABŞ Ali Məhkəməsinə gedib çıxacaq ki, bu məhkəmə də mühafizəkar meyllidir.

Ştatlar məhkəmə iddialarında deyirlər ki, Trump-ın göstərişi onların milyonlarla dollar itirməsinə aparıb çıxarar.

Becerra telekanallara müsahibələrində iddiada Trump-ın öz sözlərinin ona qarşı dəlil kimi istifadə olunacağını vurğulayıb. Prezident elan ediləsi fövqəladə vəziyyətin olmadığını söyləyirdi.

Trump cümə günü deyib ki, onun fövqəladə vəziyyət elan etməyə ehtiyacı yoxdur, amma hasar çəkilməsi prosesini sürətləndirmək istəyir. Bu sözlər hökumətin hüquqi müstəvidə arqumentini zəiflədir.

Prezident özü etiraf edib ki, fövqəladə vəziyyət elan etmək gərək deyil. Federal hökumətin məlumatı da sübut edir ki, cənub sərhədində hasarın tikintisini vacib edən fövqəladə durum yoxdur”, – ştatlar məhkəmə iddiasında bildirir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG