Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 10:46

'Seçkiyə getməyənə 50 manat cərimə...'-Media icmalı


Neftçala Avtomobil Zavodu
Neftçala Avtomobil Zavodu

Sosial siyasət, Azərbaycanda istehsal edilən avtomobillərin bir hissəsinin anbarlarda qalması, seçki fəallığının artırılmasından ötrü cərimə təklifi və başqa məsələlər medianın mövzularındandır...

Anbarlarda avtomobil

Marja.az saytında «Azərbaycanda yığılan 190 avtomobil anbarlarda qalıb» sərlövhəli yazı oxumaq olar.

Yazıda Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən bildirilir ki, 2019-cu ilin yanvarında Azərbaycanda 89 ədəd minik avtomobili istehsal edilib: «Ötən il Azərbaycanda 969 minik avtomobili yığılıb. Bu il yanvarın 1-də hazır məhsul ehtiyatı 193 ədəd təşkil etmişdi».

Müəllif qeyd edib ki, bu, yığılmış avtomobillərin 20 faizidir: «2019-cu ilin yanvarında 188 ədəd traktor istehsal edilib. 2017-ci ilin yanvar ayı ilə müqayisədə traktor istehsalı 2.8 dəfə artıb. Ötən il ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi».

Yazıda bildirildiyinə görə, «Azərmaş» ASC-nin idarə heyətinin sədri Emin Axundov jurnalistlərə açıqlamasında deyib ki, 2019-cu ildə Neftçaladakı «Khazar» avtomobil zavodunda 3 min avtomobil istehsalı nəzərdə tutulur: «Emin Axundov fevralın 11-də bildirmişdi ki, 2018-ci ilin yazında işə düşmüş Neftçala Avtomobil Zavodunda bu vaxta kimi 1250-dək avtomobil istehsal olunub. Bu rəqəm rəsmi statistikadan yüksəkdir. Rəsmi statistikaya görə, ötən il və bu ilin yanvarında Azərbaycanda cəmi 1058 ədəd minik avtomobili istehsal edilib».

Azərbaycanda Naxçıvan Avtomobil Zavodu da minik avtomobilləri istehsal edir.

Seçki
Seçki

Partiya sədrindən seçki məcəlləsinə təklif

«Yeni Müsavat» qəzetində «Seçkiyə gəlməyən seçicilərə 50 manat cərimə təklifi» sərlövhəli yazı yer alır.

Yazıda Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Seçki Məcəlləsinə əlavələrlə bağlı təklifi yer alır.

Müəllifin qeyd etməsinə görə, F.Əliyev bildirib ki, seçicilərin səsvermə prosesinə cəlb edilməsindən ötrü istisnalar nəzərə alınaraq seçki günü seçki məntəqələrinə gəlməyən seçicilərə cərimələrin tətbiq olunması lazımdır: «F.Əliyev hesab edir ki, «Azərbaycanda vətəndaşların səsvermə hüququ azaddır» deyib üstündən keçmək də düzgün olmazdı. Konstitusiyaya görə, hər bir vətəndaşa azadlıq verilib, amma həmin azadlıqdan sui-istifadəyə yol verənlər üçün müxtəlif qanunvericilik aktlarında cəzalar nəzərdə tutulur».

ALDP sədri vurğulayıb ki, artıq bəzi ölkələrdə belə cərimələr mövcuddur: «Hesab edirəm ki, səsvermə prosesində iştirak etməyən seçicinin 50 manat cərimə olunması kifayət edər. Cəza halları vətəndaşda bir məsuliyyət hissi yaradır, eyni zamanda seçki şəffaflığını qoruyur. Düzdür, bu təklif başqa aspektlərdən də müzakirə olunacaq və bunun reallıqla uzlaşmadığı, insanların seçim azadlığının pozulması kimi qiymətləndirənlər də olacaq. Amma reallıq odur ki, seçicilərin əksəriyyəti səsvermədə iştirak etmirlər, bu prosesə laqeyd, əhəmiyyətsiz yanaşırlar».

Partiya sədri sual edib: «Qadağa olunan müəyyən yerlərdə siqaret çəkən, küçəni zibilləyən vətəndaşa cərimə cəzası tətbiq olunursa, taleyüklü referendum, prezident, parlament və bələdiyyə seçkilərində iştirak etməyən vətəndaşa cərimə niyə tətbiq olunmasın?».

İ.Əliyev Şüvəlanda
İ.Əliyev Şüvəlanda

Sosial məsələlərin həlli

«Azərbaycan» qəzetində «Sosial məsələlərin həlli gündəmdən düşmür» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, ölkədə həyata keçirilən iqtisadi islahatlar əlavə maliyyə resursları əldə etməyə imkan verir və bu gəlirlər ilk növbədə vətəndaşların rifah halının yaxşılaşdırılmasına yönəldilir.

Yazıda iddia olunur ki, güclü sosial siyasət yenə də ən vacib məsələlərdən biridir. Müəllif prezident İlham Əliyevdən sitat da gətirir: «Bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır».

Müəllif bu yaxınlarda minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılmasını xatırladır. O əlavə edir ki, pensiyaların minimum məbləğinin artırılması da nəzərdə tutulur. Yazıda daha sonra da prezident İ.Əliyevin hakimiyyətdə olduğu son 15 ildə maaş və pensiyaların dəfələrlə artırılmasından bəhs edilir: «Yaradılan 2 milyon yeni iş yerinin böyük hissəsi bölgələrin payına düşüb. Bu da regionların sosial-iqtisadi inkişafına yönəldilən və müvəffəqiyyətlə başa çatan üç dövlət proqramının sayəsində mümkün olub. Belə ki, rayonlarda onlarca müəssisə işə düşüb, yeni istehsalat sahələri yaradılıb. Vacib, lakin unudulmuş kənd təsərrüfatı sahələri bərpa edilib. Pambıq tarlaları, üzüm bağları, çay və gül plantasiyaları yenidən canlanıb. Çəltikçilik, tütünçülük, baramaçılıq və s. dirçəldilib».

Yazı bu sözlərlə də başa çatır: «Sosial siyasətin davamlılığı göstərir ki, xalqın rifahının yüksəldilməsi bundan sonra da daim gündəlikdə olacaq».

XS
SM
MD
LG