Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:25

İŞİD son nəfəsini verir – Qərb mediası


Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

İslam Dövləti (İŞİD) silahlı qruplaşması cihadçıları Suriyadakı “xilafət”in son qarışlarını müdafiə etməkdədir. “Frans Pres” agentliyi cihadçıların Suriyanın şərqində İraqla sərhəddə yarım kvadrat kilometrdən də kiçik əraziyə sıxışdırıldığını yazır.

Bu arada Avropa Birliyinin xarici işlər nazirləri bir araya gələrək Suriya böhranını götür-qoy edir. ABŞ Prezidenti Donald Trump isə Avropa ölkələrini əcnəbi döyüşçüləri ölkələrinə qaytarmağa çağırıb.

Cihadçılar Bağuz kəndinə gedən yolları bağlayaraq dinc sakinlərin çıxmasına imkan vermirlər. Birləşmiş Ştatların dəstəklədiyi Suriya Demokratik Qüvvələrindən (SDF) agentliyə bildiriblər ki, cihadçıların kənd üzərindən kommunikasiya üçün istifadə etdiyi dalğalar da vurulub.

“İndi onların əraziyə nəzarəti tam sıxışdırılıb, bir-birləri ilə çox danışa da bilmirlər”, – döyüşçü deyib.

SDF qüvvələri
SDF qüvvələri

SDF-in sözçüsü Mustefa Bali deyib ki, İŞİD yolları bağlayaraq 2 min dinc sakinin qaçmasını əngəlləyib.

Kənddən qaça bilənlər isə xəbər verirlər ki, İŞİD yaraqlıları qadınlar və uşaqlardan “insan qalxanı” kimi istifadə edirlər. Bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın sözçüsü Sean Ryan deyib.

Son həftələr “Bağuz yuvası”ndan minlərlə adam çıxa bilib. Amma artıq bazar günü gələnləri gözləyən çadırlar və yük maşınları boş qalıb.

Artıq iki gündür heç kim gəlmir”, – SDF döyüşçüsü AFP-yə deyib.

Avropa Parlamentinin gözlənən mənzərəsi

Mayda keçiriləcək seçkidən sonra Avropa Parlamentində ən böyük qrup sağ-mərkəzçilər olacaq. İfrat sağçıların yerlərinin sayında da artım gözlənir. Bunu Avropa Parlamentinin bazar ertəsi açıqladığı rəy sorğusu üzə çıxarıb.

Sorğu 27 üzv ölkədə keçirilib.

İllüstrativ foto
İllüstrativ foto

Kansler Angela Merkelin rəhbərlik etdiyi Alman Xristian Demokrat CDU/CSU alyansının 29 yerlə parlamentin ən böyük partiyası kimi qalacağı gözlənir. Amma ondan dərhal sonra hazırda Roma hökumətində təmsil olunan ifrat sağçı İtaliya Liqası gələcək.

Bu liqanın 27 yer qazanacağı gözlənir. “Reuters” agentliyi yazır ki, bu, Avropada oturuşmuş AB-yönlü hərəkatlara qarşı millətçi əhval-ruhiyyənin necə gücləndiyini göstərir. May seçkisi 1979-cu ildən bəri keçirilən ən vacib AB seçkisi olacaq. Bunu parlament rəhbərinin sözçüsü Jaume Duch jurnalistlərə deyib.

Ənənəvi partiyaların qurumda dominantlığını qoruyacağı, bunun da geniş mərkəzçi çoxluğa söykənən koalisiyanın davamlılığını təmin edəcəyi gözlənir. Koalisiya AB-nin icraedici qanadından gələn qanunvericiliyi daim dəstəkləyib. Amma sağ qanad radikallarının yer sayını artırması daha çox siyasi qeyri-müəyyənlik deməkdir.

Merkelin üzv olduğu Avropa Xalq Partiyası (EPP) yeni parlamentdəki 705 yerdən 183-nü, yəni 26 faizini qazanacaq. Bu, hazırkı 29 faizdən azdır.

Sol-mərkəzçi sosialist və demokratlar 135 yerə malik olacaq və onların payı bununla altı vahid azalaraq 19 faizə düşəcək. Bir səbəb Breksitdən sonra Britaniyaya məxsus yerlərin azalmasıdır, parlamentdə ümumi yerlərin sayı hazırda 751-dir.

Facebook-da “rəqəmsal qanqsterlər” söhbəti

Britaniya parlamentinin dünən – fevralın 18-də açıqladığı hesabatda Facebook saxta xəbərlərin yayılmasını, data gizliliyinin pozulmasını önləyə bilməyən “rəqəmsal qanqsterlər” adlandırılır.

İllüstrativ foto
İllüstrativ foto

Deputatlar 18 ay ərzində texnologiya şirkətləri və dezinformasiya ilə bağlı təhqiqat aparıb. Hesabatda dünyanın ən böyük sosial media platforması Rusiyanın xarici seçkilərə müdaxiləsinin miqyasını gizlətməyə çalışmaqda suçlanır.

2016-cı ildə ABŞ-da prezident seçkisi və Avropada bəzi seçkilər zamanı Rusiyanın yanlış yönəldici hekayətlərdən və hədəfli reklamlarda istifadə etdiyi iddia olunur. Facebook-un isə bütün bunlara yetərincə cavab vermədiyi bildirilir.

Sosial şəbəkə rəhbərlərinə daha bir ittiham odur ki, onlar əməkdaşlarının aşkarladığı xarici müdaxiləyə dair dəlilləri gizlətməyə, yaxud boğmağa çalışıblar.

Britaniya parlament komitəsinin sədri Damian Collins deyib ki, Facebook “suallarımıza yarımçıq, qeyri-səmimi, bəzən çaşdırıcı cavablar verməklə işimizi qəsdən pozmağa çalışıb”.

Facebook-un yaradıcısı və rəhbəri Mark Zuckerberg komitənin qarşısında ifadə vermək çağırışlarını rədd edib.

Facebook kimi şirkətlərin onlayn dünyada ‘rəqəmsal qanqsterlər’ kimi davranmasına, özlərini qanundan irəli hesab etməsinə icazə verilməməlidir”, – 108 səhifəlik hesabatda deyilir.

XS
SM
MD
LG