Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

'İqtidar və müxalifət arasında dialoq olmalıdır'-Media icmalı


Q.İbadoğlu
Q.İbadoğlu

«Azəri» yatağının hasilata başlamasının ildönümü, tələbələrin təminatına aid təkliflər, hakimiyyət-müxalifət münasibətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Tələbə təqaüdlərini 50 faiz də artırmaq olar»

Azadliq.info saytında «Tələbələrin təqaüdlərini 20 faiz deyil, 50 faiz də artırmaq olar» sərlövhəli yazı oxumaq olar.

Sayt ölkədə tələbə təqaüdlərinin 20 faizə yaxın artırılmasına dair bu günlərdə imzalanmış prezident sərəncamları ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncəsinə və onun Təhsil Nazirliyinə təkliflərinə yer verib.

Müəllif vurğulayır ki, sərəncamlardan birinə görə, dövlət hesabına maliyyələşən təqaüd alanların sayı 16 min vahid artırılacaq. Q.İbadoğlu isə bildirib ki, bu fərmandan 600-ə yaxın doktorant və 110 mindən artıq tələbə bəhrələnəcək. Təqaüd alan tələbələr ümumi tələbələrin təqribən 45 faizinə çatdırılacaq: «Əgər büdcə vəsaitləri düzgün bölüşdürülərsə, Azərbaycan mənasız beynəlxalq tədbirlərə ev sahibliyi etməzsə, eyni zamanda dövlət qurumlarının səmərəsiz istifadə etdiyi dövlət təminatlı xarici kreditlərə ödəniş öhdəliyi büdcənin üzərinə qoyulmazsa, tələbələrin təqaüdlərini 20 faiz deyil, 50 faiz də artırmaq olardı».

Q.İbadoğlu qeyd edib ki, artımdan sonra ən yuxarı akademik göstəricilərə malik olan tələbələr 130 manat təqaüd alacaq. O xatırladıb ki, bu il ölkədə yaşayış minimumu 180 manat təsdiq edildiyindən bu vəsait hətta minimum ehtiyacları belə tam ödəməyəcək: ​«Minimum yaşayış səbəti yalnız ölkə üzrə deyil, rayonlar üzrə də hesablansın və tələbələrin təqaüdü minimum yaşayış səbətinə çatdırılsın və regionlar üzrə fərqləndirilsin».

Eyni zamanda, o təklif edir ki, tələbələrin təqaüdlə təminatı 3 il ərzində 75 faizə çatdırılsın. Təkliflərdə habelə, yataqxana təminatı və başqa məsələlərə də diqqət çəkilir: «2019-2020-ci təhsil ilində dünyanın ilk 100-də yer alan universitetlərin bakalavr, magistr və doktorluq proqramlarına qəbul olunan tələbələrin təhsil haqlarının ödənilməsi dövlət büdcəsindən həyata keçirilsin».

V.Əhmədov
V.Əhmədov

Deputat: «Müxalifətə də şərait yaradılmalıdır»

«Yeni Müsavat» qəzetində «Vahid Əhmədov: Azərbaycanda kapitala amnistiya vermək lazımdır» sərlövhəli yazı diqqət çəkir.

«Mən həmişə bu fikirdə olmuşam ki, iqtidarla müxalifət arasında dialoq olmalıdır, müəyyən məsələlərdə ümumi razılığa gəlməlidirlər». Milli Məclisin deputatı Vahid Əhmədov bu fikri «Yeni Müsavat»a müsahibəsində ifadə edib. Deputat deyib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanması əsas məsələdir, ölkədə sabitlik olmalıdır, özünü müxalifət lideri hesab edən istənilən şəxs də qanun çərçivəsində mübarizə aparmalı, qanuni yolla hakimiyyətə gəlməlidir.

O hesab edir ki, iqtidar və müxalifət arasında dialoq olmalıdır, siyasətdə təhqirə yol verilməməlidir. Onun fikrincə, ölkədə normal müxalifət də olmalıdır: «Onlar üçün də müəyyən şərait yaradılmalı, dialoqa gedilməlidir. Necə ki, Qarabağ məsələsində hamı eyni fikirdədir, digər məsələlərdə, ölkənin sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə də ortaq məxrəcə gəlmək mümkündür».

V.Əhmədova görə, ölkə televiziyalarında normal vəziyyət yaradılmalı, orada xarici ölkələrdə olduğu kimi, səviyyəli ictimai dinləmələr yer almalıdır.

Xəzərdə neft platforması
Xəzərdə neft platforması

14 illik gəlir - «Azəri» yatağı

«Azərbaycan» qəzetində ««Azəri» yenə də neft verir və gəlir gətirir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Xəzərin Azərbaycan sektorundakı «Azəri» yatağından ilk neft hasil olunmasından 14 il keçir, bu yataqdan neftin alınması «Əsrin müqaviləsi»nin kulminasiya nöqtəsi sayılır: ««Azəri» təkcə Xəzərdə deyil, bütün dünyada istismar edilməkdə olan ən böyük neft yataqlarından biridir. Belə deməyə onun ərazisinin böyüklüyü, karbohidrogen ehtiyatlarının zənginliyi, tikinti zamanı işə cəlb edilmiş insanların sayı və indiyədək gətirdiyi gəlirlər əsas verir».

Yazıda bildirilir ki, Azərbaycanın həyata keçirdiyi digər neft-qaz layihələri kimi, «Azəri» də ölkənin böyük həcmdə valyuta ehtiyatları əldə etməsinə imkan verib: «Dövlət bu ehtiyatlardan səmərəli istifadə edərək onları ölkənin əsas inkişaf istiqamətlərinə yönəltdi. Beləliklə, Azərbaycanın iqtisadi inkişafı təmin edildi. İnsanların rifah halı yüksəldi. Eyni zamanda, çoxsaylı infrastruktur layihələri icra edildi, sosial məsələlər öz həllini tapdı. Bunlara xərclənən vəsaitlərin xeyli hissəsi məhz «Azəri»nin 14 il əvvəl hasil olunmağa başlayan neftindən əldə edilən gəlirlərdən yaranmışdır».

Müəllif yazıb ki, 2017-ci ilin sentyabrında «Azəri», «Çıraq», «Günəşli» (AÇG) yataqlar bloku üzrə yeni müqavilənin imzalanması «Azəri»nin də «ömrünü uzadıb»: «Bu isə yeni neft həcmləri və yeni gəlirlər deməkdir».

İndiyə qədər bu blokdan ümumilikdə 140 milyard dollar civarında gəlir əldə edildiyi bildirilir.

XS
SM
MD
LG