Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Putinin imperiyası əmələ gələcəkmi – Qərb mediası


Rusiyanın Litvadakı səfirliyi qarşısında Ukraynaya müdaxiləyə etiraz aksiyası, 3 mart, 2014-cü il
Rusiyanın Litvadakı səfirliyi qarşısında Ukraynaya müdaxiləyə etiraz aksiyası, 3 mart, 2014-cü il

Rusiya Prezidenti Vladimir Putin ölkənin nüfuz dairəsini bərpa etmək istəyir, amma postsovet ölkələri Şərqlə Qərb arasında “havada” qala bilərlər. Bu haqda “Bloomberg”in saytında Marc Champion yazır.

1991-ci ildən sonra, Ermənistandan tutmuş Ukraynayadək bütün respublikalar Sovet imperiyasından qoparaq müstəqilliklərini elan edəndə sovet lideri Mikhail Gorbachev-in müşaviri onu inandırmağa çalışırdı ki, rəqibi, Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti Boris Yeltsinin yanaşmasını qəbul eləsin: Burax getsinlər.

Rusiya dirçəldikcə özləri geri dönəcəklər”, – müşavir yazırdı. Yeltsin Rusiyanın ənənəvi nüfuz dairəsini 20 ilə bərpa edəcəyini düşünürdü. “27 il keçir və 15 keçmiş sovet respublikasından ikisində – Moldova və Ukraynada seçkidir. Rusiyanın qələbə çaldığını demək olarmı?” – müəllif sual edir.

Boris Yeltsin (sağda) və Vladimir Putin, 1999-cu il
Boris Yeltsin (sağda) və Vladimir Putin, 1999-cu il

Yeltsinin varisi Vladimir Putin güclü Rusiya dövlətini qura bildi, Krımın ilhaqı kimi cəsarətli addımlar da atdı, Harvarddan tarixçi Serhii Plokhy belə deyir. Elə müşaviri Georgi Shakhnazarov-un Gorbachev-ə məktubu da Plokhy-nin “Sonuncu İmperiya” kitabında yer alıb. Putinin dövlət quruculuğundakı uğuru asan başa gəlməyib, digər sovet respublikalarını da çəkindirib, üstəlik, onun nüfuz dairəsini bərpa etmək layihəsini də əngəlləyib”, – müəllif vurğulayır.

Məncə, o, postsovet məkanında uduzmaqdadır. Hər iki şeyi eyni vaxtda etmək istəyir və bunlar ziddiyyətlidir”, – Harvardın Ukrayna Tədqiqat İnstitutunun direktoru Plokhy deyib.

Müəllif Rusiyanın qonşularını müxtəlif yollarla şirnikləndirməyə, yaxud qorxutmağa çalışdığını yazır: ya onlara subsidiyalı qaz təklif edir, ya strateji infrastrukturu alır, gah ticarət və enerji embarqoları qoyur, gah seçkilərə müdaxilə edir, yaxud hərbi gücə əl atır.

Nəticələr isə qarmaqarışıqdır. Rusiya və dörd eks-respublika AB-nin oxşarı olan Avrasiya İqtisadi Birliyinə qoşulublar. Həmişə seçilən üç Baltik ölkəsi isə çoxdandır NATO və AB üzvüdürlər. Qalan yeddi respublikadan bəziləri əlçatmaz görünür. Putin Krımı Rusiyaya qazandırdı, Rusiya əsgərləri Moldovanın Dnestryanı, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarını tutub, amma o, sonucda bu ölkələrin azı ikisilə strateji inteqrasiya şansını itirdi”, – məqalədə deyilir.

Taliban da saxta xəbərlə mübarizə aparır

Taliban silahlı qruplaşması da “saxta” xəbərlərlə mübarizəyə başlayıb, sosial mediada fəaliyyətini gücləndirir. “Frans Pres” agentliyi yazır ki, qruplaşmanın sözçüsü müharibə əməliyyatları barədə operativ məlumatlar yerləşdirir, media qanadı bir sıra mesajlaşma əlavələrində jurnalistlərlə birbaşa əlaqə yaradır.

Taliban sözçüsü Zabihullah Mujahid-in göndərdiyi mesajlar
Taliban sözçüsü Zabihullah Mujahid-in göndərdiyi mesajlar

1996-2001-ci illərdəki hakimiyyəti dövründə TV və radionu qadağan etmiş yaraqlılar inanılmaz çevikliklə müasir mediayla ayaqlaşmağa çalışırlar.

Media mübarizənin bir tərəfi hesab olunur”, – Talibanın sözçüsü Zabihullah Mujahid “Whatsapp” vasitəsilə agentliyə bildirib.

“Müasir texnologiyaya qarşı deyilik. Bu, zamanın tələbidir və İslam qaydalarını pozmur”, – yaraqlıların media qanadıyla əlaqəsi olan, Talibanda aparıcı qaynaq “Frans Pres”ə deyib.

Amma mənbə onu da etiraf edir ki, bəzən öz informasiyalarına nəzarət etməli olurlar. Məsələn, media qanadının bilgisi olmada, yüksək profilli müsahibələr gerçəkləşir ki, bu da tələsik təkziblərlə sonuclanır. Bəzən hətta müsahibə verən şəxsin danışmaq səlahiyyətinin olub-olmaması mübahisə doğurur.

Tez-tez Talibana bağlılığını iddia edən qaynaqlardan mediaya təsdiqlənməmiş informasiyalar sızdırılır.

Sosial mediada saxta hesablar peyda olur. Qruplaşmanın Facebook və Twitter-dəki rəsmi səhifələri tez-tez yasaqlanır, sonradan başqa adla yenidən açılır.

Hətta sözçü Mujahid-in belə konkret bir şəxs deyil, bəyanatların yayılması üçün istifadə olunan ləqəb olduğu bildirilir.

Arxiv fotosu
Arxiv fotosu

Anesteziya körpənin beyini üçün təhlükəsiz ola bilər

Qısa cərrahiyyə əməliyyatı zamanı anesteziyadan istifadə körpənin beyninin inkişafını zədələmir. Bunu yeddi ölkədən yüzlərlə körpə üzərində eksperiment sübuta yetirib.

“The Associated Press” agentliyi yazır ki, bu tədqiqat anesteziyanın dəfələrlə, yaxud uzun müddətə istifadəsinin təhlükəsizlik məsələlərini əhatələmir. Amma adi prosedurlarla bağlı övladlarının yatırdılmasından əndişələnən milyonlarla valideynin narahatlığını yüngülləşdirə bilər.

Bu nəticə sizi sakitləşdirməlidir. Ümumi anesteziya ilə birsaatlıq cərrahiyyə çağanız üçün təhlükəsizdir”, – Boston Uşaq Xəstəxanasından Dr. Mary Ellen McCann deyib. O, araşdırmanın aparılmasına köməklik göstərib.

Eksperiment 2 yaşlı 447 körpə üzərində aparılıb. Uşaqlar 5 yaşına çatanda IQ testindən keçiblər və göstəricilər normal olub.

XS
SM
MD
LG