Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:53

''Exchange' açmaqdan ötrü 50 min manat...' –Media icmalı


Valyutadəyişmə məntəqəsi. Foto arxiv
Valyutadəyişmə məntəqəsi. Foto arxiv

Regionlarda sənayeləşmə, statistik rəqəmlərə şübhə, «exchange»lərin yenidən açılmasına mane olan amillər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Exchange»lərin açılması ləngiyir

«Yeni Müsavat» qəzetində ««Exchange»lərin açılmasını ləngidən səbəblər» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkədə valyutadəyişmə məntəqələrinin (VDM) fəaliyyət göstərməməsi səbəblərinə iqtisadçı-ekspert Rəşad Həsənovla aydınlıq gətirməyə çalışır.

Yazıda vurğulanır ki, parlament «Valyuta tənzimi haqqında» Qanuna dəyişiklik barədə layihəni qəbul edib. Müəllifin fikrincə, bu, valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur. Yazıda qeyd edildiyinə görə, bu məntəqələrə lisenziya verərkən maliyyə bazarlarına nəzarət edən qurum bunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalı idi. Amma yeni dəyişiklikdə bu aradan qaldırılır.

R.Həsənov isə hesab edir ki, məntəqələrin fəaliyyət göstərməməsi təkcə prosedurların mürəkkəbliyində deyil: «...Burada əsas məsələ faktiki olaraq sektorda mənfəət normasının çox aşağı olmasından qaynaqlanır. Hazırda banklar çox kiçik marjalarla valyutadəyişmə əməliyyatlarını həyata keçirirlər. Burada çox az gəlir norması var».

Ekspert vurğulayıb ki, «exchange» açmaqdan ötrü 50 min manat vəsait tələbi sahibkarların bu işə marağını azaldan əsas amildir: «Yeni qaydalara görə, paytaxtda fəaliyyət göstərmək istəyən VDM-lər üçün 50 min manat həcmində depozitlərin yerləşdirilməsinə ehtiyac var. Bu, kifayət qədər böyük vəsaitdir və indiki halda onu dövriyyədən kənarda saxlamaq hər hansı investorun, sahibkarın maraqlarına ziddir. Xüsusilə də marjanın bu qədər az olduğu şərtlər daxilində maraq azalıb. Həmçinin, VDM-lərə qoyulan texniki tələblər çox yüksəkdir. Yeni qaydalarda xüsusi məkanların tələb olunması, mühafizə sisteminin daha etibarlı formada qorunması və sair əlavə xərc formalaşdırır».

Azərbaycanda VDM 2015-ci ildə baş verən ikinci devalvasiyadan ( dekabr ) sonra qapadılıb. Həmin vaxt ölkədə dollara kəskin tələbat artmışdı.

Bakıda bazar
Bakıda bazar

Tədrici inflyasiya

«Novoye Vremya» qəzetində «Real olmayan statistika» sərlövhəli yazı yer alıb.

Müəllif diqqəti Mili Məclisin bu günlərdəki iclasında deputat Əli Məsimlinin ölkədə süni qiymət artımı ilə bağlı fikir səsləndirməsinə çəkir. Yazıda vurğulanır ki, hətta bu çağırışa baxmayaraq, süni qiymət artımı baş verir: «...Hələlik, bəzi qurumların antiinflyasiya siyasəti istənilən nəticəni vermir».

Müəllif daha sonra rəsmi statistik rəqəmlərə şübhəsini ifadə edir. Yazıda vurğulandığına görə, inflyasiyaya aid statistik rəqəmlərin reallıqda özünü göstərməməsi istər ərzaq mallarına, istərsə də qeyri-ərzaq mallarına aiddir.

Müəllifə görə, manatın sabit olmasından çox danışılsa da, burada da məsələ təqdim olunan kimi deyil. Yazıda qeyd edilir ki, manat əsas dünya valyutalarına görə sabit sayılsa da, tədricən dəyər itirməkdədir.

Müəllif hesab edir ki, indi ölkədə «tədrici inflyasiya» baş verir, bunun qarşısı alınmayacağı halda inflyasiya arta bilər.

Yazıda habelə vurğulandığına görə, iqtisadiyyatda da ciddi dəyişikliklər baş verməyib, ölkə iqtisadiyyatı müasir çağırışar önündə «kövrək» olaraq qalmaqdadır.

Yazıda bütün bunların fonunda dünya neft bazarındakı qiymətlərin önəmi üzərində dayanılır.

Sumqayıtda kimya zavodunun açılışı
Sumqayıtda kimya zavodunun açılışı

Regionlarda sənayeləşmə

«Azərbaycan» qəzetində «Sənayeləşmə regionların inkişafında önəmli faktora çevrilir» sərlövhəli yazı dərc edilib.

Müəllif hesab edir ki, prezident İlham Əliyevin həyata keçirdiyi sənayeləşmə siyasətinin alternativi yoxdur. Yazıda vurğulandığına görə, yürüdülən siyasətin əsas məqsədi ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etməklə, neftdən asılılığı aradan qaldırmaqdır: «Elə son 15 ildə qeyri-neft sektoruna verilən dəstək də həmin məqsədə xidmət edir. Ölkəmizdə bu müddət ərzində minlərlə irili-xırdalı sənaye, emal, kənd təsərrüfatı müəssisələri fəaliyyətə başlayıb, müasir xidmət infrastrukturu yaradılıb, turizm inkişaf etdirilib və s. Bir sözlə, ölkənin hərtərəfli inkişafına yönəldilən siyasət nəticəsiz qalmayıb».

Yazıda qeyd edildiyinə görə, regionların sosial-iqtisadi inkişafının təmin edilməsinə istiqamətlənən dövlət proqramları da bu sahədə mühüm rol oynayıb. Müəllif vurğulayıb ki, artıq başa çatan üç Dövlət Proqramından sonra bölgələrdə yüzlərlə sənaye müəssisəsi yaradılıb: «Əvvəllər istifadə olunmayan xammal bu gün həmin müəssisələrdə hazır məhsula çevrilərək yerli tələbatı ödəməklə bərabər, xarici bazara da ixrac olunur».

Yazıda daha sonra da ötən 2018-ci ildə başa çatan dövlət proqramı ayrılıqda dəyərləndirilir: «2014-2018-ci illərdə 16 mindən çox sahibkar ümumi dəyəri 2.6 milyard manat olan layihələrinə 1 milyard manatdan çox güzəştli kredit alıb və həmin kreditlərin 70 faizi regionlarda fəaliyyət göstərən iş adamlarının payına düşüb. Bu hesaba ötən il bölgələrdə qeyri-neft sektoruna aid çoxsaylı müəssisələr istifadəyə verilib...».

XS
SM
MD
LG