Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:56

Gürcüstanı nə gözləyir – Qərb mediası


Tbilisi
Tbilisi

Gürcüstan noyabrın 28-də tarixi seçki keçirərək ilk dəfə qadın prezident seçdi. Fransada doğulmuş və təhsil almış Salome Zurabishvili namizədliyini müstəqil şəkildə irəli sürsə də, onu milyarder Bidzina Ivanishvili-nin Gürcü Arzusu koalisiyası dəstəklədi. “New Eastern Europe” portalında Giorgi Lasha Kasradze yazır ki, bu yaxşı xəbərin arxasında dünyada demokratiyanın durumundan narahat hər kəs üçün kədərli bir şey də var. “Hazırda Gürcüstanın siyasi mühiti Gürcü Arzusunun son illər verdiyi demokratik vədləri yerinə yetirə bilməməsi ucbatından yerində sayır. Hətta Zurabishvili-nin rəhbərliyi altında belə irəliyə doğru yolda xeyli çətinliklər var”, – müəllif yazır.

Gürcüstanlılar azı 2012-ci ildən bəri, Gürcü Arzusu keçmiş prezident Mikheil Saakashvili-nin Vahid Milli Hərəkatını parlament seçkisində məğlub edəndən, bu koalisiyanın problemləri yoluna qoyacağını gözləyir. Amma koalisiya ətrafında getdikcə daha çox korrupsiya, səriştəsizlik iddiaları dolaşır. Elə prezident seçkinin qalibinin ikinci turda müəyyənləşməsi də Ivanishvili və nazirlərinə bir zərbə oldu.

Salome Zurabishvili QHT-lərlə görüşür
Salome Zurabishvili QHT-lərlə görüşür

Ancaq milyarderdən siyasətçiyə çevrilmiş kardinal daha çox özünü günahlandırmalıdır; illər boyu o, elektoratını “dayə ölkəsi”nə çevirib, ipləri özü çəkib. Maliyyə resurslarından hiyləgərcəsinə öz xeyrinə istifadə edərək Gürcüstan ziyalılarına, məşhur aktyorlara, müğənnilərə, bəstəkarlara, yazıçılara maaş ödəyib”, – yazan müəllif Ivanishvili-nin seçkinin ikinci raundundan öncə son vasitəyə əl atdığını, 600 min gürcüstanlının kredit borclarını siləcəyini elan etdiyini yada salır.

Açıq aşkar bilinən odur ki, Gürcü Arzusu ictimaiyyətin inamını yenidən qazanmaq istəyirsə, Ivanishvili siyasətə yanaşması barədə yenidən düşünməlidir”, – məqalədə deyilir.

Amma müəllif Zurabishvili-nin ümidverici qələbəsinə baxmayaraq, çox şeyin dəyişməyəcəyinin ortada olduğunu vurğulayır. Seçkidən sonra Ivanishvili seçicilərə Gürcü Arzusuna ikinci mandatı verdiyinə görə təşəkkür etdi, “qalanı yəqin ki mənlikdir” dedi.

Gürcü Arzusunun Gürcüstan və xalqını irəli aparmaq potensialı var... yalnız bir halda ki yolundakı ən böyük əngələ – özünə qalib gəlsin”, – müəllif vurğulayır.

Facebook Moldovayla bağlı 200 hesabı silib

Facebook sosial şəbəkəsi Moldova əhalisini hədəfə alan 200-dən artıq “həqiqi olmayan” hesabı sildiyini, hesablardan bəzilərinin hökumət işçilərinə bağlı olduğunu bildirir. Bu haqda “BBC” yazır.

Kişinau
Kişinau

Fevralın 24-də Moldovada yeni seçki sistemi üzrə səsvermə keçiriləcək.

Avropanın ən yoxsul ölkələrindən olan Moldova siyasi baxımdan avropapərəst və rusiyayönlü fraksiyalara bölünüb.

Facebook bildirir ki, silinən hesablar bölücü siyasi məsələlərlə bağlı paylaşımlar edib, manipulyasiya edilmiş fotolar paylaşıb.

Sosial şəbəkə 168 hesabın, 28 səhifənin, səkkiz Instagram istifadəçisinin silindiyini bildirir. Lakin Birləşmiş Ştatlarda seçkiyə müdaxilə iddialarından fərqli olaraq, bu fəaliyyətin Moldovanın özündən qaynaqlandığı vurğulanır.

Bu fəaliyyətin arxasında dayananlar kimliklərini gizlətməyə çalışsalar da, biz onların bəzilərinin Moldova hökumətinin işçiləri olduğunu aşkarladıq”, – sosial şəbəkə bəyanatında bildirir.

Moldovada parlament seçkisi öncəsi siyasi ab-hava gərgindir. Bu ölkənin hökuməti avropapərəst siyasət yürüdür, prezidenti isə rusiyayönümlü platforması ilə vəzifəyə seçilib.

Rusiya Prezidenti Vladimir Putin (ortada) və Igor Dodon (solda)
Rusiya Prezidenti Vladimir Putin (ortada) və Igor Dodon (solda)

Prezident Igor Dodon bir neçə dəfə parlamentin qəbul etdiyi qanunları imzalamaqdan imtina etdiyindən səlahiyyəti dayandırılıb.

Bu arada xarici ölkələr də Moldova seçkiləri ilə bağlı xəbərdarlıq edirlər. Bu dəfə Rusiya Birləşmiş Ştatları seçkiyə müdaxilədə suçlayıb, qarşı tərəf ittihamı rədd edir.

ABŞ səfiri moldovalıları “parlaq, çiçəklənən, demokratik yolu seçməyə” çağırıb.

Bağdadın mərkəzində hərbi muzey açılıb

Bağdadın mərkəzində İslam Dövləti (İŞİD) silahlı qruplaşması ilə savaşda həlak olmuş şiə yaraqlıların şərəfinə muzey açılıb. “The Associated Press” agentliyi yazır ki, bu muzey həm də İranın dəstəklədiyi döyüşçülərin ölkədəki çəkisinin artdığını göstərir.

İraqın şiə döyüşçüləri
İraqın şiə döyüşçüləri

Onlar hökumətin İŞİD-i məğlub etməsində mühüm rol oynayıblar. Amma İraqda paralel dövlət qurmağa çalışmaqda da ittiham olunurlar.

Muzey Bağdadın tarixi, Osmanlı dövrünə aid al-Qishla binasında açılıb. Burada İŞİD-lə dördillik müharibədən qalan raket buraxıcılar, dronlar, toplar sərgilənir. Ziyarətçilər döyüşçülərin savaş meydanında buraxdığı şəxsi əşyaları ilə də tanış ola bilirlər.

“Burada şəhidlərin ruhunu hiss edirəm. Hiss edirəm ki, İraq onların sayəsində mövcuddur... Onlar İraqın nəbzidir”, – 55 yaşlı müəllim Umm Hassanin al-Oukeily agentliyə deyib.

Əsasən şiələrdən ibarət Xalq Səfərbərlik Qüvvələri 2014-cü ilin iyunundan yaranıb. O zaman İraqın baş şiə ruhanisi Böyük Ayətulla Ali al-Sistani İŞİD-lə müharibəyə könüllüləri səsləmişdi.

Müharibədə 7 min döyüşçünün həlak olduğu bildirilir. Şiə qruplar İraqın şiə müsəlman çoxluğunu qorumuş müqəddəs qüvvə imicini qazanıb.

XS
SM
MD
LG