Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:28

Ocalan 20 ildir həbsdədir, amma nüfuzu azalmayıb – Qərb mediası


HDP tərəfdarı Abdullah Ocalan-ın portretini qaldırır
HDP tərəfdarı Abdullah Ocalan-ın portretini qaldırır

Türkiyə hakimiyyəti kürd yaraqlılarının lideri Abdullah Ocalanı 20 il öncə həbs edəndə bu, qadağan olunmuş separatçı qruplaşmaya ciddi zərbə sayılırdı. Amma ekspertlərin fikrincə, onun qruplaşma üzərində nüfuzu böyükdür və potensial sülh razılaşmasında da əsas fiqur sayılır. Bu haqda “Frans Pres” agentliyi yazır.

Ocalan Kürd İşçi Partiyasını (PKK) 1978-ci ildə tələbə dostları ilə birlikdə yaradıb. Məqsədi kürdlərə muxtariyyət əldə etmək idi.

Partiya 1984-cü ildən silahlı qruplaşmaya çevrilib, müstəqil kürd dövlətinin yaradılmasını qarşısına hədəf qoyub. PKK-nın əməliyyatları nəticəsində 40 mindən çox adamın öldürüldüyü bildirilir. Ankara, Birləşmiş Ştatlar və Avropa Birliyi bu qruplaşmanı terror qruplarının qara siyahısına salıb.

Ocalan 1999-cu ildə həbs olunub. O, Suriyada qalırdı, amma Dəməşqlə Ankara 1998-ci ildə razılaşma əldə etdiyindən oradan çıxmağa məcbur olur. Ocalan 1999-cu il fevralın 15-də Keniyanın paytaxtı Nayrobidə Yunanıstan səfirliyinin qarşısında Türkiyə gizli xidmət agentləri tərəfindən saxlanır.

Kürd nümayişçilər Ocalana azadlıq tələb edirlər
Kürd nümayişçilər Ocalana azadlıq tələb edirlər

Agentlik yazır ki, hazırda İmralı adasında həbsxanada saxlanmasına baxmayaraq, Ocalan təkcə Türkiyədə deyil, bütün regionda kürdlər üçün nüfuzlu fiqur olaraq qalır.

Ocalanın həbsi təşkilata böyük zərbə oldu, çünki o, PKK-nın hər bir aspektinə nəzarət edirdi, qəfildən yoxa çıxdı. Bundan başqa, məhkəməsində müharibəni dayandırmaq, müstəqil Kürdüstan ideyasından əl çəkmək qərarı verməsi qarışıqlıqda yeni dönəm başlatdı”, – “Qan və İnanc: PKK və Kürdlərin müstəqillik savaşı” kitabının müəllifi Aliza Marcus deyib.

“Amma PKK buna uyğunlaşıb, qismən də ona görə ki, Ocalan müsahibələri, vəkilləri ilə görüşlər vasitəsilə həbsxanadan kommunikasiya yarada bilib”, – Marcus deyir.

Məsələn, 2013-cü ildə Ocalan kürdpərəst Xalq Demokratik Partiyasından (HDP) olan deputatlar vasitəsilə atəşkəs elan edir, Ankara ilə siyasi həll uğrunda sülh danışıqlarına yol açır.

Amma atəşkəs 2015-ci ildə pozulur və ölkənin cənub-şərqində qanlı toqquşmalar başlanır.

2016-cı ilin uğursuz çevriliş cəhdindən sonra isə Ankara terrorla mübarizəni gücləndirir. İmralıya Ocalanın vəkilləri və ailə üzvlərinin səfərlərinə qadağa qoyulur.

2011-ci ildən Ocalan vəkilləri ilə görüşmür. Hazırda həbsdə 300-dən çox adam aclıq aksiyası keçirərək Ocalana ailə üzvləri və vəkilləri ilə görüş verilməsini tələb edir.

AB-nin yeni qaydaları Şimal axını-2-ni yavaşıda bilər

Avropa Birliyi dünən – fevralın 13-də idxal qaz kəmərlərinə dair yeni qaydalar qəbul edib. “Reuters” agentliyi bu qaydaların Rusiyanın planlaşdırdığı Şimal axını-2 kəmərinə kölgə salacağını yazır.

Şimal axını-2 kəməri çəkilir
Şimal axını-2 kəməri çəkilir

Rusiya kəməri ətrafında onsuz da qeyri-müəyyənlik hökm sürür. Belə ki, Danimarka öz ərazi sularından keçən hissəyə qadağa qoya bilər. Digər tərəfdən Birləşmiş Ştatlar sanksiyalarla hədələyir.

Qanun layihəsində deyilir ki, idxal kəmərləri qaz təchizatçılarının birbaşa mülkiyyətinə çevrilməməli, AB qaydalarına əməl olunmalıdır, ayrıseçkilik yaratmayan tariflər qoyulmalıdır, şəffaf hesabatlılıq təmin edilməlidir, daşıma gücünün azı 10 faizi üçüncü tərəflərə açılmalıdır.

AB-nin enerji məsələləri üzrə komissarı Arias Canete deyib ki, birlik təbii qaz idxalından asılılığı artdıqca boşluqları qapadır. Avropa Komissiyası bildirib ki, yalnız “sərt prosedurlar” altında istisnalar mümkündür.

Yeni qaydalara görə, Avropaya qaz gətirən kəmərlər AB-nin qanunları ilə işləyəcək və Avropaya qaz satmaqda maraqlı olan hər bir kəs Avropanın enerji qanununa sayqı göstərməlidir”, – Canete bəyanatında deyib.

“Reuters” qeyd edir ki, bu qaydalar Rusiyadan Almaniyaya qaz nəqlini nəzərdə tutan Şimal axını-2 layihəsini dayandırmasa da, yavaşıda bilər.

Prosesi müşahidə etməkdəyik və yeni qanunvericilik yayılan kimi onu incələyəcəyik”, – Şimal Axını-2 bəyanatında deyib.

ABŞ-la istənilən danışıqlar yalnız ‘ziyan vura bilər’

Birləşmiş Ştatlarla hər hansı danışıqlar “yalnız maddi və mənəvi ziyan gətirə bilər”. Bunu İranın Ali dini lideri Ayətulla Ali Khamenei fevralın 13-də deyib. Həmin gün Polşanın paytaxtı Varşavada Yaxın Şərq üzrə sammit başlanıb.

Ali Khamenei
Ali Khamenei

Ayətullanın yeddi səhifəlik bəyanatı sözbəsöz İran dövlət televiziyasında oxunub. Bu bəyanatdan iki gün öncə isə İran islam inqilabının 40-cı ildönümünü qeyd edib.

“Birləşmiş Ştatlarla istənilən məsələnin həlli təsəvvürə gəlmir və onunla danışıqlar yalnız maddi və mənəvi ziyan gətirə bilər”, – Khamenei deyib.

Ali dini lider istənilən danışıqları “unudulmaz səhv” adlandırıb. Onun sözlərinə görə, danışıqlar “düşmənin qarşısında diz çökmək, canavarın pəncəsini öpmək” kimi bir şeydir.

2015-ci ildə İranın Birləşmiş Ştatlar daxil aparıcı ölkələrlə danışıqları nüvə sazişinin imzalanmasıyla sonuclanmışdı. Khamenei də danışıqları dəstəkləyirdi. Saziş İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların yüngülləşdirilməsini nəzərdə tuturdu.

Amma ötən il ABŞ Prezident Donald Trump sazişdən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqladı.

Khamenei dövlət işlərində son sözə malikdir və bu bəyanat indiki administrasiyanın Qərblə əməkdaşlığının daha da məhdudlaşdırıla biləcəyini göstərir.

XS
SM
MD
LG