Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:48

'Regionlarda ticarətin 50 faizi nisyədir'-Media icmalı


Nisyə dəftəri
Gözlə
Embed

No media source currently available

0:00 0:08:19 0:00

Nisyə dəftəri

Regionlarda nisyə dəftəri, problemli kreditlərdən xilas yolları, islahatlar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Nisyə dəftəri

«Yeni Müsavat» qəzetində «Regionlarda «nisyə dəftəri» problemi-sorğu» sərlövhəli yazı oxumaq olar.

Müəllif Sosial Strateji Tədqiqatlar Mərkəzinin regionlarda pərakəndə ticarət müəssisələrində keçirdiyi sorğu barədə qurumun rəhbəri İlqar Hüseynlə söhbət edib.

Mərkəz rəhbəri bildirib ki, sorğu ölkənin 3 regionunda 20 müxtəlif xidmət fəaliyyəti ilə məşğul olan kiçik və orta sahibkarları (KOS) əhatə edib. Onun deməsinə görə, sorğuda əsas məqsəd nisyə satış məsələlərini araşdırmaq olub: «10-15 min manat, 15-25 min manat və 25-50 min manat dövriyyəsi olan KOS subyektlərində vətəndaşlarla ticarət münasibətində əhəmiyyətli rol oynayan «nisyə» satış məsələlərini araşdırmışıq».

İ.Hüseynovun vurğulamasına görə, nəticədə maraqlı rəqəmlər ortaya çıxıb: «Aylıq dövriyyəsi 10-15 min manat olan KOS-lar vətəndaşlara 2017-2018-ci illər ərzində 5850, aylıq dövriyyəsi 15-25 min manat olanlar 8340, aylıq dövriyyəsi 25-50 min manat olanlar isə 12800 dəfə nisyə satış ediblər. 2019-cu ilin yanvar ayına birinci kateqoriyada nisyədən geri qaytarılmayan məbləğin miqdarı 22.4 faiz, ikincidə 28.7 faiz, üçüncüdə isə 38 faiz təşkil edir. Yəni, bu rəqəmlər onu deməyə əsas verir ki, ölkənin regionlarında vətəndaşlar arasında ticarət münasibətlərinin az qala 50 faizini nisyə mübadilə təşkil edir».

Müəllif vurğulayıb ki, hazırda Vergilər Nazirliyi bir çox istiqamətlər, o cümlədən kassadankənar satışlara görə ağır məbləğli cərimələr tətbiq etməyə başlayıb: «Regionlarda «nisyə» satış demək olar ki, çox ciddi bir sosial partlayışın qabağını almaqda davam edir. Əks halda, vətəndaşların böyük əksəriyyətinin nağd hesablaşmalar etmək imkanları yoxdur. İstər müəllimlər, istərsə də pensiyaçılar aylıq maaş və pensiyaların ümidindədirlər.... Bəs nisyə satışla olan münasibətlər Vergilər Nazirliyinin əməkdaşları və sahibkarlar arasında necə tənzimlənməlidir?».

V.Bayramov
V.Bayramov

Problemli kreditlərdə Rusiya təcrübəsi

Strateq.az saytında «Tanınmış ekspert problemli kreditlərin həll yolunu təklif edir: Oxşar təcrübə Rusiyada da tətbiq olunub» sərlövhəli yazı yer alır.

Sayt vaxtı keçmiş kreditlərin həlli yolları barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun düşüncələrinə yer verib.

«Hazırda banklarda rəsmi qeydiyyata alınan problemli kreditlərin məbləği 1 milyard 585 milyon manatdır. Vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində payı 12 faizdən çoxdur. Monitorinqlər göstərir ki, ödənilməyən kreditlərin bir qismi hələ də banklar tərəfindən vaxtı keçmiş kreditlər kimi rəsmiləşdirilmir. Təhlillərə görə isə, xarici valyutada olan kreditlərin ödənilməsi ilə bağlı çətinliklər daha çoxdur», - deyə iqtisadçı bildirib.

V.Bayramov hesab edir ki, problemli kreditlərin həlli ilə bağlı vahid proqramın qəbul olunmasına, birbaşa və dolayısı ilə güzəşt mexanizmlərinə ehtiyac var: «Azərbaycanda da problemli kreditlərin dövlət tərəfindən satın alınıb sağlamlaşdırılmasına ehtiyac var. Bu zaman dövlət problemli kreditləri alıb qiymətli kağız formasında bazara çıxarır və kreditlərə güzəştlər tətbiq olunur. Xatırladım ki, oxşar praktika Rusiyada da tətbiq olunub».

V.Bayramov qeyd edib ki, nəticədə, dövlət milli valyuta ucuzlaşandan sonra xarici kreditlər üzrə yaranan fərqi qapadır, müştəri isə güzəştli müddət ilə kredit müqaviləsi rəsmiləşən günün məzənnəsi ilə ödənişlər edir.

İ.Əliyev
İ.Əliyev

İslahat gündəliyi

«Azərbaycan» qəzetində «İlham Əliyevin islahatlar gündəliyi» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, prezident İlham Əliyev hələ 2016-cı ildə «Biz dərin islahatlar dövrünə qədəm qoyuruq» bəyanatını verəndə bu prosesin belə geniş miqyası əhatə edəcəyini heç də hamı gözləmirdi.

Müəllifin fikrincə, prezidentin «Real» televiziyasına müsahibəsinin əsas leytmotivini də məhz bu islahatların gedişinin təhlili kimi səciyyələndirmək olar: «Bir məqamı unutmayaq: hələ 1993-cü ildə - böyük faciələrin, böhranların, dövlətçiliyin süqutunun yaşandığı o məşəqqətli dövrdə Heydər Əliyevin xaosdan qurtuluşa keçidi uğurla tətbiq etməsi və ardınca başlatdığı islahatlar 26 il sonra yeni keyfiyyət mərhələsinə qədəm qoyan islahatların təməli, möhkəm zəminidir».

Yazıda qeyd edilib ki, prezidentin islahatların əsas hədəfləri ilə bağlı son açıqlaması isə hər kəsdə konkret təsəvvür yaradıb. Müəllifin fikrincə, ölkə rəhbərinin strateji məqsədi Azərbaycanın inkişaf etmiş dövlətlərin cərgəsinə qoşulması və daha qüdrətli, daha müasir ölkəyə çevrilməsidir.

«Buna doğru gedilən yolda əsas istiqamət dövlət idarəçiliyi mexanizminin daha da təkmilləşdirilməsi və mobilləşdirilməsi, onun xalqa əlçatanlığının və xidmət əmsalının yüksəldilməsi, əhalinin problemlərinin, sosial qayğılarının daha səmərəli metodlarla həlli, ən nəhayət, Qarabağ münaqişəsinin Azərbaycanın maraqlarına uyğun nizamlanmasıdır», - müəllif yazıb.

XS
SM
MD
LG