Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Avtomobillərin qiyməti artıb-Media icmalı


Ə.Məsimli
Ə.Məsimli

Regionların inkişafı ilə bağlı dövlət proqramları, avtomobil bazarında vəziyyət, süni qiymət artımından şikayətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Deputat qiymət artımından narahatdır

«Yeni Müsavat» qəzetində «Deputat süni qiymət artımına qarşı mübarizəyə çağırdı» sərlövhəli yazı oxumaq olar.

Müəllif Milli Məclisin fevralın 12-də keçirilən plenar iclasında deputat Əli Məsimlinin süni qiymət artımı ilə mübarizə aparılması çağırışına diqqət çəkir.

Yazıda bildirildiyinə görə, Milli Məclisin plenar iclasında çıxış edən deputat Ə.Məsimli bildirib ki, dövlət başçısının son qərarları ölkədə yeni dönəmə start verildiyini göstərir. «Prezident seçkilərindən sonra (2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkisi nəzərdə tutulur-red.) Azərbaycanda struktur islahatlarının yeni mərhələsi başlayıb»,- deyən deputat əlavə edib ki, islahatları xalq dəstəkləyir.

Deputat prezidentin minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması ilə bağlı sərəncamını da yüksək qiymətləndirib. Bununla belə, Ə.Məsimli ölkədəki qiymət artımından narahatlığını da ifadə edib: «...Çox təəssüflər olsun ki, biz süni qiymət artımına da rast gəlirik. Cənab prezident süni qiymət artımına qarşı mübarizə aparmaq üçün tapşırıqlar verib, amma bəzi sahibkarlar bayramları bəhanə gətirərək qiymətləri qaldırırlar».

Deputat Novruz bayramı ərəfəsində süni qiymət artımı ilə mübarizənin ciddi şəkildə aparılmasını xüsusilə zəruri sayıb.

Maşın bazarı
Maşın bazarı

Avtomobil bazarında vəziyyət

Bizimyol.info saytında «Maşın bazarında qiymətlər artıb» sərlövhəli yazı yer alıb.

Əmlak məsələləri eksperti Nüsrət İbrahimov sayta deyib ki, Azərbaycanın avtomobil bazarında 2019-cu ilin yanvar ayı ərzində 1705 ədəd avtomobil satılıb. Onun vurğulamasına görə, avtomobil bazarında qiymətlər iki cür müəyyən olunur: «Dəyişən və dəyişməyən (sabit) strukturlarla. Dəyişən strukturla orta qiymət 42 min 483 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 1.5 faiz azalma müşahidə olunub. Amma sabit strukturla orta qiymət 74 min 104 manat təşkil edib. Bu ilin yanvar ayı ərzində qiymətlərdə 5.4 faiz artım müşahidə olunub».

Ekspert əlavə edib ki, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərdə orta qiymət 21 min 479 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə qiymət artımının 17.73 faiz təşkil etdiyi qeyd olunur. «Mühərrik həcmi 2 litrdən yuxarı, 3 litrdən aşağı olan avtomobillərdə orta qiymət 39 min 707 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 6.53 faiz olub. Mühərrik həcmi 3 litrdən yuxarı olan avtomobillərdə orta qiymət 87 min 15 manat təşkil edib. Yanvar ayı ərzində bu avtomobillərdə artım 5.49 faiz olub», - N.İbrahimov sayta bildirib.

Ələt-Astara-İran sərhədi magistralı
Ələt-Astara-İran sərhədi magistralı

«Davamlı inkişaf»

«Azərbaycan» qəzetində «Davamlı və sabit regional inkişafın möhkəm təməli» sərlövhəli yazı dərc edilib.

Müəllifin yazmasına görə, inkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaqdan ötrü regional inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib şərtlərdəndir: «Son 15 ildə (hazırkı prezident İlham Əliyevin hakimiyyətdə olduğu dönəm-r) hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi, bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək dinamizmlə həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir ki, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda müasir infrastrukturun yaradılmasını tələb edir»

Yazıda vurğulandığına görə, son 15 ildə məhz regionların sosial-iqtisadi inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq Azərbaycan ictimai həyatın bütün sahələrində çoxşaxəli islahatlar aparan və investisiya cəlbedicililyini qoruyan ölkələrdən biri kimi tanınır.

Yazıda daha sonra regionların inkişafı ilə bağlı dövlət proqramlarından bəhs edilir. Müəllif sonda da yazıb: «Azərbaycan prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək...».

XS
SM
MD
LG