Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:04

Sovet qoşunlarının Əfqanıstandan çıxmasından 30 il keçir – Qərb mediası


Əfqanlar sovet əsgərləri ilə sağollaşır, 1986-cı il
Əfqanlar sovet əsgərləri ilə sağollaşır, 1986-cı il

40 il öncə Sovet İttifaqı Əfqanıstanı işğal etdi və bu, ölkədə on illərlə davam edəcək müharibəyə təkan verdi. Qırmızı Ordunun sonuncu əsgəri Əfqanıstandan 1989-cu il fevralın 15-də çıxıb. “Frans Pres” agentliyi o dövrün xronologiyasını sadalayır.

1979-cu ilin dekabrında, Sovet-ABŞ Soyuq Müharibəsinin pik dövründə Moskva yoxsul və dağlıq ölkə olan, həm də strateji baxımdan əlverişli mövqedə yerləşən Əfqanıstana girir. Amma bu işğal Birləşmiş Ştatlar və digərlərinin dəstəklədiyi yaraqlıların sərt dirənişi ilə üzləşir.

Moskva on il sonra geri çəkilir. Di gəl, ölkədəki savaş bitmir ki bitmir.

1992-ci ildə Mohammad Najibullah-ın kommunist hökumətinin çöküşü ilə hakimiyyət uğrunda qanlı dava başlanır. İki il ərzində 100 minədək adam həlak olur, paytaxt Kabil qismən dağılır.

1994-cü ildən ölkənin cənubunda Taliban baş qaldırmağa başlayır.

Əfqanıstanda ABŞ əsgərləri
Əfqanıstanda ABŞ əsgərləri

Molla Mohammad Omar-ın başçılıq etdiyi Taliban 1996-cı ildə hakimiyyətə gələrək şəriət rejimi qurur. Qadınların işləməsi yasaqlanır, qızların məktəbləri bağlanır, musiqi, əyləncə qadağan olunur.

BMT-nin sanksiyalar tətbiq etdiyi rejim Al-Qaeda hərbi şəbəkəsinə yaxınlaşır, onun lideri, səudiyyəli Osama bin Ladeni gizlədir.

2001-ci ilin 11 sentyabr terrorundan sonra Birləşmiş Ştatlar Əfqanıstana girir. Taliban rejimi devrilir. Hakimiyyətə Hamid Karzai gətirilir və ölkənin yenidən qurulmasına milyardlarla dollar axıdılır. Əfqanıstanda təhlükəsizliyin təminatı üçün 150 əsgər yerləşdirilir.

Amma Taliban qonşu ölkələrə sığınır və Kabil hökumətinə, NATO-ya qarşı hücumları davam etdirir.

NATO 2014-cü ildə beynəlxalq missiyasını buradan çıxarınca Taliban daha da coşur, ölümcül hücumlar gerçəkləşdirir. Üstəlik, 2015-ci ildə İslam Dövləti (İŞİD) qruplaşması da Əfqanıstana girir.

Ötən ilin sonunda ABŞ Prezidenti Donald Trump Əfqanıstandakı 14 min əsgərinin yarısını çıxaracağını deyib. Hazırda Vaşinqton münaqişənin bitirilməsi üzrə Talibanla danışıqlar aparır. Rusiya və İran da yaraqlılarla paralel danışıqlar təşkil edir.

Türkiyə şübhəli Gulen tərəfdaşlarını saxlayır

Türkiyə fevralın 12-də şübhəli Gulen tərəfdarlarına qarşı ən böyük əməliyyatlardan birini gerçəkləşdirib. Dövlət mediası 1112 nəfərin saxlanmasına order verildiyini yazır.

Çevriliş cəhdindən sonra saxlananların məhkəməsi gedir
Çevriliş cəhdindən sonra saxlananların məhkəməsi gedir

Ankara ABŞ-da yaşayan vaiz Fethullan Gulen-i 2016-cı ilin uğursuz dövlət çevrilişi cəhdinin təşkilində suçlayır. Gulen isə ittihamı rədd edir. Gulen 1999-cu ildən Pensilvaniya ştatında yaşayır.

Sözügedən çevriliş cəhdində 250-dən artıq adam öldürülüb.

Dünənki əməliyyat polis qüvvələrinə 2010-cu ildə keçirilmiş imtahan, imtahana qatılanlardan bəzilərinin sualları qabaqcadan əldə etməsi iddiaları ilə bağlı olub. Bunu Anadolu dövlət agentliyi yazıb. Ankara baş prokurorluğunun başlatdığı əməliyyatda indiyədək 124 şübhəlinin saxlandığı bildirilir. Amma onlardan neçəsinin polisdə çalışdığı bəlli deyil.

Daxili işlər naziri Suleyman Soylu bazar günü deyirdi ki, Gulen tərəfdarlarına qarşı “böyük əməliyyat” gözlənir. “Şeytanlar yalanlarını gerçəkləşdirə bilməyəcəklər. Onları bitirəcəyik”, – o deyib.

Hökumət Gulen şəbəkəsinin on illər boyunca dövlət qurumlarına nüfuz etdiyini, onlara imtahanlarda kömək olunduğunu, “paralel dövlət” yaratmağa çalışdıqlarını deyir.

Uğursuz çevriliş cədindən sonra 77 mindən artıq adam saxlanıb və məhkəməsini gözləyir, genişmiqyaslı həbslər davam edir. 150 min dövlət qulluqçusu, hərbçi işdən çıxarılıb.

Fransada kişi media işçiləri feministlərə qarşı

Fransada bir qrup gənc media rəsmisi qadın həmkarlarını İnternetdə qısnayan “oğlan klubu” yaradıbmış.

ABŞ Nümayəndələr Palatasının üzvləri də MeToo kampaniyasına qoşulur
ABŞ Nümayəndələr Palatasının üzvləri də MeToo kampaniyasına qoşulur

Onların Facebook sosial şəbəkəsində yaratdıqları “League of LOL” qapalı qrupu əsasən 30 yaşlarında kişilərdən ibarət imiş və illərlə qadın jurnalistləri ələ salırlarmış. Bəzən onları hədəfə alan pornoqrafik memlərdən istifadə edirlərmiş.

Qrupdakılar daha çox feminist kimi tanınan qadınları hədəfə alıblar.

Qrupun yaradıcısı jurnalist Vincent Glad bazar ertəsi sol-qanad “Liberation” qəzetindən işdən çıxarılıb. Qrupun mövcudluğunu elə qəzetin özünün yaratdığı fakt-araşdırıcı bölmə üzə çıxarıb.

Qəzetin internet redaktoru Alexandre Hervaud da işdən çıxarılıb.

Bu məsələyə artıq “Fransa mediasında #MeToo” adı verilib. Qeyd edək ki, bir müddət öncə dünyada tanınmış qadınların əks cinsin onlara qarşı yol verdiyi nalayiq hərəkətləri dilə gətirməsi MeToo (MənDə) hərəkatının vüsət almasına səbəb olub.

Fransada aşkarlanmış qrupun qurbanları bu hücumlar nəticəsində bir qadının jurnalistikadan getdiyini, digərinin intihar həddinə çatdırıldığını danışıb.

Qrup üzvləri bəzi qadınların başlarını pornoqrafik təsvirlərə yerləşdiriblər.

2009-cu ildə yaradılmış League of LOL-un ictimaiyyətlə münasibətlər, qrafik dizayn, media təhsili sahəsində çalışan üzvləri varmış. Amma qrupun fəaliyyəti son illər səngiyibmiş.

XS
SM
MD
LG