Keçid linkləri

Təcili xəbərlər
2023, 10 Dekabr, bazar, Bakı vaxtı 09:01

'Faizlər həddindən artıq yüksəkdir'-deputat (Media icmalı)


R.Quliyev
R.Quliyev

Dövlətin sosial müdafiə siyasəti, minimum əməkhaqqının artırılmasının bazara mümkün təsirləri, bank faizləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Banklar faizləri indirməlidir»

Oxu.az saytında «Deputat: Banklar faizləri endirməlidir» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkədə sahibkarlıq, bank-sahibkar münasibətlərində mövcud vəziyyət barədə deputat Rüfət Quliyevlə söhbətləşib.

Deputat oxu.az-a deyib ki, Vergi Məcəlləsinə bu il edilən 107-səhifəlik dəyişikliklərin icrasından çox şey gözləyir. O, ilk növbədə hesab edir ki, bu dəyişikliklər sahibkarlara rahat işləmək, vergi orqanları, məmurlarla birbaşa əlaqənin minimuma endirilməsinə şərait yaratmalıdır.

R.Quliyevin bildirməsinə görə, sahibkarlarla bağlı daha bir vacib məsələ kredit problemidir: «Bu məsələ, əslində, birbaşa sahibkarlıqla, sahibkarlarla bağlı deyil, daha çox sahibkarlıq fəaliyyəti adı ilə şəxsi məqsədlər, şəxsi problemlər üçün götürülmüş kreditlərlə bağlı yaranan məsələdir. Bu gün haradasa 1 milyard 700 milyon manata yaxın ödənməmiş kredit var və sahibkarlar, belə desək daha düzgün olar, kredit götürmüş vətəndaşlar artıq bu kreditləri ödəyə, qaytara bilmirlər. İnsanlarda, vətəndaşlarda pul yoxdur həmin kreditləri ödəməyə. Onlar böyük əziyyət çəkirlər».

Deputata görə, bank sektoru artıq bir araya gəlməli, bu məsələnin həllini tapmalıdır. Onun fikrincə, bu məsələdə təzyiqlərə son qoyulmalıdır. Deputat həmçinin hesab edir ki, banklar faizləri 25-30-dan 10-15-ə endirməlidirlər: «Hətta, deyərdim ki, 10 faizdən yuxarı olmamalıdır faizlər. Çünki mövcud faizlər həddindən artıq yüksək faizlərdir. Həmçinin, burada qruplaşdırma aparılmalıdır. Məsələn, 5 minə qədər olan, 5 mindən 10 minə qədər olan, 10 mindən 15 minə qədər olan və sair kreditlər. Banklar artıq bu məsələdə istər sahibkarlarla, istərsə də vətəndaşlarla anlaşmalıdır, faiz dərəcələrini mütləq və kəskin şəkildə azaltmalıdırlar».

Bazar
Bazar

İnflyasiya və bahalaşma gözləntisi

«Yeni Müsavat» qəzetində «Minimum əməkhaqqının artırılması qiymətlərə və inflyasiyaya təsir edə bilərmi?-iki rəy» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu günlərdə dövlət başçısının sərəncamı ilə minimum əməkhaqqının 130 manatdan 180 manata qaldırılması, bu artımın mümkün təsirlərini keçmiş maliyyə naziri Fikrət Yusifov və iqtisadçı Natiq Cəfərli ilə müzakirə edib.

F.Yusifov hesab edir ki, minimum əməkhaqqının 38.5 faiz artırılması prezidentin ölkənin sosial məsələlərinin həllinə bilavasitə qayğısının nəticəsidir. Keçmiş nazirə görə, bu sənədlə ölkədə minimum əməkhaqqı yaşayış minimumu ilə eyniləşir, eyni zamanda, əmək münasibətlərinin leqallaşdırılması istiqamətində nəticələrin əldə olunmasına imkan yaranır.

Başqa bir iqtisadçı N.Cəfərli isə bildirib ki, bu artımın bahalaşma və inflyasiyanın yüksəlməsinə səbəb olacağı istisna deyil: «Azərbaycanda həmişə maaş və təqaüdlərin artması ilə paralel qiymətlər də artır, bahalaşmanı tətikləyən bir amil olur. Minimum əməkhaqqının artırılması ilə bazara əlavə manat kütləsi daxil olacaq. İl ərzində təxminəm 450 milyon manata yaxın əlavə ödənişlər olacaq».

N.Cəfərli vurğulayıb ki, Azərbaycanda noyabr ayından başlayaraq hər il Yeni il öncəsi birinci, Novruz bayramı öncəsi isə ikinci qiymət artımı baş verir: «Bu il də fevral ayının sonu, mart ayınının əvvəllərindən başlayaraq növbəti qiymət artımı dalğası yaranacaq».

Ekspertə görə, bu, həm bayramlardan öncə tələbatın artması, həm də mövsümi olaraq yerli malların bazarlardan çəkilməsi ilə bağlıdır.

B.Muradova
B.Muradova

Sosial-iqtisadi inkişaf kursu

«Azərbaycan» qəzetində «İlham Əliyevin sosial-iqtisadi inkişaf kursu uğurla reallaşır» sərlövhəli yazı dərc edilib.

Yazıda bəzi deputatların düşüncələrinə yer verilib.

Onlardan Milli Məclisin sədr müavini Bahar Muradova bildirib ki, sosial siyasətin əsas hədəfi dövlət qayğısının əhalinin bütün təbəqələrini əhatə etməsidir. Onun fikrincə, ötən 15 ildə bu sahədə gerçəkləşdirilən islahatlar və məqsədyönlü tədbirlər əhalinin etibarlı sosial müdafiə sisteminin təminatıdır: «Həyata keçirilən sosialyönümlü siyasətin nəticəsi olaraq əhalinin nominal gəlirləri 8.6 dəfə artıb, yoxsulluq səviyyəsi 5.1 faizədək, işsizlik səviyyəsi 5 faizədək azalıb. Son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində, 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib».

B.Muradova bu günlərdə minimum əməkhaqqının artırılmasını Azərbaycanda yürüdülən siyasətin mərkəzində insan amilinin dayanması ilə əsaslandırıb.

Parlament sədrinin müavini daha sonra da deyib ki, sosial qayğıya ehtiyacı olan insanlarla bağlı dövlət siyasətinin başlıca qayəsi Azərbaycan vətəndaşlarının daha rahat yaşamalarını təmin etməkdir: «Bu siyasət insanlarımızın, xüsusilə də gənclərimizin vətənpərvərlik və dövlətçilik ruhunda böyümələrinə, ölkəmizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün etibarlı qorunmasına əlavə stimul yaratmaqla, dövlətin öz vətəndaşının qüdrətli dayağı olduğuna inamını qətiləşdirir».

XS
SM
MD
LG