Şamaxı rayonunda zəlzələ nəticəsində qəzalı vəziyyətə düşən evlərin söküntüsünə başlanılıb. Fevralın 5-də baş vermiş zəlzələnin fəsadları ilə əlqaədar Fövqəladə Hallar Nazirliyi və Şamaxı Rayon İcra Hakimiyyətinümayəndələrindən ibarət komissiyaya indiyə kimi 1484 evdən müraciət edilib.
“ Turan” agentliyinin xəbərinə görə, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətindən bildiriblər.
İcra Hakimiyyətindən verilən məlumata görə, həmin 1484 evdən, hələlik, 375-nə baxış keçirilib. “Məlum olub ki, 41 ev yaşamaq üçün yararsızdır. Eyni zamanda, 135 evin bərpasına, 42 evin təmirinə ehtiyac var. Daha 87 ev isə qənaətbəxş hesab edilib”, deyə icra hakimiyyətindən vurğulayıblar.
İsmayıllı və Ağsuda da zəlzələyə görə müraciətlər araşdırılır.
İsmayıllı Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonda Fövqəladə Hallar Komissiyasına 415 evdən müraciət daxil olub.
Verilən məlumata görə, hazırda həmin mürəciətlər əsasında evlərə baxış keçirlir.
İcra Hakimiyyətindən deyilib ki, İsmayıllıda zəlzələ nəticəsində dağılan evlər yoxdur, qəzalı evlər var.
Ağsu Rayon İcra Hakimiyyətindən də deybilər ki, hazırda komissiya zəlzələnin ziyan vurduğu ərazilərdə evlərə baxış keçirir. Hələlik, nə qədər evin ziyan çəkdiyi bəlli deyil.
Xatırlatma
Fevralın 5-də gecə saatlarında Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri İsmayıllı rayonu olub. Zəlzələ ətraf yerlərdə 5.3 bal gücündə hiss edilib. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında onlarla evin, tiklinin xəsarət gördüyü bildirilirdi.
Prezident İlham Əliyev fevralın 6-da təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.Sərəncama əsasən, zəlzələlə nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial, infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasından ötrü Prezidentin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılıb.