Azərbaycan xəbərləri
Yazıdan 'həyəcanlanan' sabiq polis məhkəməyə gəlmir
Ötən ilin iyulunda Gəncədə icra başçısının güllələnməsi və ondan sonra baş verən hadisələr barədə criminalaz.com saytında yayımlanmış iki yazıdan həyəcanlandığı iddia olunan üç qadından biri də Gülnar Muradovadır. O, keçmiş polis əməkdaşıdır. 2011-ci ilə qədər daxili işlər orqanlarında işləyib.
criminalaz.com saytının baş redaktoru, saytdakı yazılara görə dövlət əleyhinə çağırışlarda ittiham olunan jurnalist Anar Məmmədovdan şikayətçi olanlar arasında o da var. Jurnalistin işi üzrə istintaqda şahid qismində də ifadə verib. Amma məhkəməyə gəlmir.
Bakı Ağır Cinayətlər Məhkəməsində fevralın 8-də keçirilən iclasda hakim Eldar Mikayılov bildirib ki, G.Muradovaya dəfələrlə çağırış göndərilib, amma gəlməyib. Jurnalist və vəkili isə onun məhkəmədə dindirilməsində israrlı olduqlarını bildirib. Bundan sonra hakimlər onun məcburi gətirilməsi barədə qərar çıxarıb.
Vəkil Elçin Sadıqov həm də yazılara rəy vermiş ekspert Bəxtiyar Əliyevin də əlavə şahid kimi məhkəməyə çağrılmasını istəyib. Müdafiəçi deyir ki, ekspert rəyində anlaşılmayan bir çox ifadələr var. Məhkəmə vəsatəti təmin edib. Fevralın 19-da keçiriləcək növbəti məhkəmə iclasına ekspert də çağrılacaq.
Xatırlatma
Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.
İyulun 12-də A.Məmmədovun xanımı və qayınatası da Bakı Şəhər Prokurorluğunda dindirilmişdi. Bundan sonra ölkə daxilində bir neçə sayta, o cümlədən criminal.az-a girişə məhdudiyyət qoyulmuşdu.
Dekabrın 12-də A.Məmmədov haqqında açılmış cinayət işinin istintaqı başa çatıb. A.Məmmədov Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, o, 8 ilədək azadlıqdan məhrum edilə bilər.
A.Məmmədov ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz, obyektiv yazılarına görə sifarişlə təzyiqlərə məruz qalır.
Bütün xəbərləri izləyin
İctimai fəalın 20 sutka həbs edildiyi deyilir
İctimai fəal Könül Əhmədova yanvarın 22-də Xəzər rayon Məhkəməsinin qərarı ilə 20 sutka inzibati həbsə məhkum edilib. Bu barədə onun yaxınları məlumat yayıb.
Yaxınlarının sözlərinə görə, Əhmədova yanvarın 23-də onlarla əlaqə saxlayaq qeyd edib ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1. (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə ittiham olunur.
Əhmədovanın himayəsində 14 yaşına çatmayan iki azyaşlı övladı olduğu vurğulanır.
Yaxınları onunla telefonla danışana qədər ictimai fəalın 10 sutka inzibati həbsə məhkum olunduğunu bildirmişdilər.
Bu deyilənləri Daxili İşlər Nazirliyi və məhkəmədən dəqiqləşdirmək mümkün olmayıb.
Yerli hüquq müdafiəçilərinin son siyahısına görə, Azərbaycanda hazırda uzunmüddətli həbs edilmiş 340 siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onların sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb edildiyini vurğulayırlar.
Erkən evliliyə cəhdlə bağlı 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub
Ötən il 90 erkən evliliyə cəhd faktı müəyyən edilərək 28 nəfər cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Daxili İşlər Nazirliyində (DİN) 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.
Məlumata görə, beş valideyn və 41 aidiyyəti şəxs barədə inzibati tənbeh tətbiq edilib, daha 57 şəxslə profilaktik iş aparılıb.
Hesabat dövründə 15 qızqaçırma faktı üzrə "adam oğurluğu" maddəsi ilə cinayət işləri başlanılıb, ümumilikdə 32 şəxs barəsində müvafiq tədbirlər görülüb.
Rəsmilər son illər ölkədə erkən evliliyin azaldığını bildirirlər.
Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirmişdi ki, Azərbaycanda 18 yaşına qədər nikaha girən qızların sayı ən çox 2011-ci ildə olub: "2011-ci ildə 5 min 138 bu cür hal var idi. O zaman biz təklif etdik ki, Ailə Məcəlləsinə dəyişiklik olsun və nəticədə 2012-ci ildən bu göstərici azaldı".
Amma ekspertlər deyir ki, bir çox hallarda erkən evlilik qeydiyyatdan kənarda baş verir. Onların fikrincə, erkən evliliklə mübarizədən ötrü sərt tədbirlərdən öncə azyaşlıların təhsildən kənarda qalmasının qarşısı alınmalıdır.
Ceyhun Bayramov: Azərbaycan İranda sabitliyə önəm verir
Yanvarın 23-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikası xarici işlər nazirinin müavini Vahid Cəlalzadəni qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, İranda son gərginlik, eləcə də regional məsələlər müzakirə olunub.
Bildirilir ki, V.Cəlalzadə İranda son gərginlik və hazırkı vəziyyət barədə ətraflı məlumat verib. C.Bayramov, öz növbəsində, İranda sabitliyə önəm verdiklərini vurğulayıb, son hadisələr zamanı həlak olanların ailələrinə başsağlığı diləklərini çatdırıb.
"İki ölkə arasında nəqliyyat, kommunikasiya sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub, xüsusilə Azərbaycan və İran tərəfindən icra olunan bir sıra layihələrin regiondan keçən nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb", - məlumatda vurğulanır.
Cəbrayıl rayonunda Araz çayı üzərində inşa edilən "Xudafərin", "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyaları (SES) iki ölkənin birgə layihələridir. Onların arasında Şimal-Cənub Beynəlxalq Dəhlizi ilə də bağlı əməkdaşlıq var.
Xatırlatma
Azərbaycanın İranla münasibətləri 2023-cü ilin əvvəlində Tehrandakı səfirliyə hücumdan sonra xeyli gərginləşmişdi. Həmin il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə "Kalaşnikov" avtomatı ilə silahlı hücumda səfirliyin bir əməkdaşı həlak olub, ikisi xəsarət almışdı. Amma son vaxtlar iki ölkənin münasibətlərində müəyyən yaxınlaşma müşahidə edilir. Hətta onlar birgə hərbi təlimlər də keçiriblər.
Ötən ilin sonu, dekabrın 28-dən etibarən İranın bir çox şəhərində İslam hökumətinə qarşı geniş yayılmış narazılıq və iqtisadi problemlər fonunda kütləvi nümayişlər başlayıb. Bir neçə həftə çəkən etirazlar zorakı üsullarla yatırılıb. ABŞ-də yerləşən HRANA təsdiqlənmiş ölü sayının 5 mindən yuxarı olduğunu, 9 min 787 ölümün araşdırıldığını bildirir.
İran bundan əvvəl nüvə proqramı və insan haqları məsələsinə görə müxtəlif sanksiyalarla üzləşib.
Azərbaycana gələnlər də azalıb, oradan gedənlər də…
2025-ci ildə Azərbaycana dünyanın 189 ölkəsindən 2 milyon 570 min 200 xarici və ya vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, əvvəlki il ilə müqayisədə 2.1 faiz azdır. Gələnlərin 23.9 faizi Rusiya Federasiyası, 17.7 faizi Türkiyə, 8.1 faizi İran, 6.5 faizi Hindistan, 4.3 faizi Gürcüstan, 4.1 faizi Səudiyyə Ərəbistanı vətəndaşları olublar. 2024-cü ilə nisbətən ən çox Çindən (41.7) və Özbəkistandan (34.3) gələnlərdə artım var.
Ötən illə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı da 2.3 faiz azalaraq 2 milyon 109 min 900 nəfər olub: "Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı 20.4 faiz, İrana gedənlərin sayı 9.2 faiz artmış, Rusiya Federasiyasına gedənlərin sayı 31.5 faiz, Türkiyəyə gedənlərin sayı isə 1.6 faiz azalmışdır".
Xatırlatma
Ekspertlər Azərbaycana gələnlərin sayında azalmanı, əsasən, bu ölkədə bir sıra qonşularla müqayisədə turizm imkanlarının əlverişli olmaması ilə izah edirlər. Onlar deyirlər ki, Azərbaycanda turizmlə bağlı qiymətlər qonşu ölkələrlə, o cümlədən Gürcüstanla müqayisədə yüksəkdir.
Ölkədən müvəqqəti (səyahət və s. məqsədlərlə) gedənlərin sayındakı azalma isə əhalinin dolanışıq səviyyəsinin getdikcə ağırlaşması ilə izah edilir. Hərçənd rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.
2020-ci ilin əvvəlindən koronovirus pandemiyası ilə bağlı Azərbaycanın quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Pandemiya başa çatsa da, bu məhdudiyyətin götürülməməsini rəsmilər təhlükəsizlik amili, ekspertlər isə hökumətin iqtisadi maraqları (ölkədən valyuta çıxmasın və s.) ilə izah edirlər.
İnsan haqları müdafiəçiləri Avropa Şurasına çağırış etdi
Bir qrup insan haqları müdafiəçisi Avropa Şurasını Azərbaycana qarşı Birgə Əlavə Proseduru (Joint Complementary Procedure) başlatmağa çağırır. Bu çağırışla yanvarın 22-də "Azərbaycanda repressiyaya son kampaniyası" çıxış edib.
Kampaniya qeyd edir ki, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2025-ci il sessiyasına akkreditasiya təqdim etməməsi Assambleyanın monitorinqi ilə əməkdaşlıqdan aşkar imtinasıdır.
Kampaniya bildirir ki, Azərbaycan son 10 ildə Avropa Şurasının standartlarını, institutlarını və qərarlarını gözardı edib. İnsan hüquqları müdafiəçiləri 2026-cı ilin qış sessiyası ərəfəsində AŞPA-nı Azərbaycandakı insan hüquqları böhranına xüsusi diqqət yetirməyə çağırırlar. Kampaniya bu çağırışı dəstəklədiyini bildirir, AŞPA-nı Nazirlər Komitəsi ilə Birgə Əlavə Proseduru başlatmağa çağırır.
Xatırlatma
Azərbaycanın AŞPA-dakı səsvermə hüququ 2024-cü ildən dondurulub. Buna Azərbaycanın qurum qarşısında insan hüquqları ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirməməsi səbəb göstərilib. Azərbaycan hakimiyyəti də buna cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb. Sonradan Bakı həmin müzakirələrdə bu qərara səs vermiş deputatları qara siyahıya salaraq onların Azərbaycana gəlişinə məhdudiyyət qoyub. Rəsmilər bir neçə dəfə bildiriblər ki, nümayəndə heyətinin mandatı bərpa olunandan sonra əməkdaşlığa hazırdırlar.
Azərbaycan prezidenti İlham Əliyev isə bu həftə "Euronews" televiziyasına müsahibəsində deyib ki, AŞPA, Avropa Parlamenti ilə əməkdaşlıq uzun illərdir dayandırılıb: "Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik".
Avropa Şurası 2020-ci ildə təşkilat qarşısında öhdəliklərini kobud şəkildə pozan üzv-dövlətlərlə bağlı yeni qərar qəbul edib. Əgər üzv-dövlət öhdəliklərini kobud şəkildə pozur, təşkilatın prinsip və dəyərlərinə əməl etmirsə, bu halda, Avropa Şurası Nazirlər Komitəsi o ölkəyə münasibətdə əlavə prosedura başlamaq qərarı verir.
Hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu deyirlər. Hakimiyyət isə bu termini qəbul etmir.
27 milyon manatlıq əmlaka həbs qoyulub
2025-ci ildə Azərbaycanda zərərin ödənilməsi məqsədilə istintaqı başa çatdırılmış cinayət işləri üzrə 27 milyon 439 min 745 manat məbləğində əmlaka həbs qoyulub.
Bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində baş prokuror Kamran Əliyevin sədrliyi ilə əməliyyat müşavirəsində bildirilib.
Vurğulanıb ki, hesabat dövründə baş idarə 174 şəxs barəsində 104 cinayət işini baxılması üçün məhkəmələrə göndərib: "İstintaqı başa çatdırılmış cinayət işləri üzrə ümumilikdə özgə əmlakına vurulmuş 35 milyon 391 min 465 manat məbləğində maddi ziyandan 11 milyon 634 min 316 manatının ödənilməsi təmin olunub".
Xatırlatma
Azərbaycanda bir çox müxalifət partiyaları Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətindən heç də razı deyillər. Onların fikrincə, idarə ciddi və köklü korrupsiya hallarının üzərinə gedə bilmir, ya xırda, ya da gözdən düşən məmurlar məsuliyyətə cəlb edilirlər. Bunu onlar bundan ötrü ölkədə siyasi iradənin olmaması ilə izah edirlər. Hərçənd rəsmilər bunun əksini söyləyirlər.
Üstəlik, korrupsiyaya yol verdiyi bildirilən bəzi məmurların "maddi ziyanın ödənilməsi" nəticəsində uzunmüddətli həbslərdən kənarda qalması halları da cəmiyyətdə əlavə mübahisələrə səbəb olur.
Azərbaycan NATO ilə kibertəhlükəsizlik məsələlərini müzakirə edir
Bu gün, noyabrın 22-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov NATO baş katibinin müavini Radmila Şekerinskanı qəbul edərək əməkdaşlıq münasibətlərindən danışıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, görüş zamanı tərəflər arasında mövcud əməkdaşlıq gündəliyi, perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
"Azərbaycanla NATO arasında minasızlaşdırma, kibertəhlükəsizlik və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib", - məlumatda vurğulanır.
R.Şekerinska yanvarın 21-də Azərbaycana gəlib.
Xatırlatma
Azərbaycan-NATO (Şimali Atlantika Müqaviləsi Təşkilatı) əməkdaşlığı 1994-cü ildən başlanıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib. 2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2005-ci ildə prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.
Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilik məsələsi qoyulmayıb. Müxalifət bunu hökumətin islahatlara hazır olmaması və Rusiya ilə yaxınlıq kimi izah edir.
SOCAR Kot-d'İvuarda neft-qaz layihəsində 10 faiz pay alıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Kot-d'İvuarda yerləşən "Baleine" neft-qaz yatağının işlənməsi layihəsində 10 faiz iştirak payının alınması ilə bağlı "Eni S.p.A." şirkəti ilə saziş imzalayıb.
Bu barədə qurum özü məlumat yayıb.
Sənədi Dünya İqtisadi Forumunun 2026-cı il illik toplantısı çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəf və "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskaltsi imzalayıb.
Məlumatda bildirilir ki, "Baleine" Qərbi Afrikada son illərdə aşkar edilmiş ən iri neft-qaz yataqlarından biri hesab olunur. Dənizdə yerləşən bu neft və qaz yatağı 2021-ci ildə kəşf edilib və 2023-cü ildə hasilatına başlanılıb.
Azərbaycanda isə "qara qızıl" azalır
Azərbaycanın özündə isə neft hasilatı azalıb, qaz çoxalıb. 2025-ci ildə Azərbaycanda 27.7 milyon ton neft (- 4.8 faiz), 51.5 milyard kubmetr təbii qaz (+ 2.4 faiz) hasil edilib.
SOCAR-ın borc öhdəlikləri ilə bağlı son rəqəmlər açıqlanmayıb. Amma 2025-ci ilin əvvəlində uzunmüddətli borc öhdəlikləri 16.5 milyard manat təşkil edib (öhdəliklərdə artım var).
Şirkətin işçilərinin sayında ümumən azalma var. 2025-ci il yanvarın 1-də SOCAR üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib. Ondan əvvəlki 10 il ilə müqayisədə şirkətdə 6 min 645 ştat azalıb.
MONEYVAL Azərbaycanın tövsiyələri əsasən yerinə yetirdiyini bildirir
Avropa Şurasının MONEYVAL qurumu bildirir ki, Azərbaycan çirkli pulların yuyulması, terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizədə tədbirlərini təkmilləşdirib. Qurum yanvarın 21-də bu haqda hesabat yayıb.
Azərbaycan Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupun (FATF) standartlarının tətbiqi ilə bağlı texniki çatışmazlıqların aradan qaldırılmasında irəliləyiş əldə edib, - MONEYVAL belə qənaətə gəlib.
Azərbaycanın uyğunluq reytinqi də FATF-in tövsiyələri üzrə yüksəldilib. Ölkənin 40 tövsiyədən 8-nə FATF standartlarına tam uyğun, 28-nə əsasən uyğun, 4-nə qismən uyğun gəldiyini açıqlanıb.
MONEYVAL bildirir ki, Azərbaycan gücləndirilmiş nəzarət (enhanced follow-up) prosesində qalacaq, bir il sonra yenidən hesabat təqdim etməyə dəvət olunub.
Avropa Şurasının monitorinq orqanı olan MONEYVAL çirkli pulların yuyulmasına, terrorçuluğun və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə üzrə fəaliyyəti qiymətləndirir.
İsrail və Azərbaycan prezidentləri görüşüb
Azərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Davosda İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, söhbət zamanı Azərbaycan-İsrail münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafı vurğulanıb.
Azərbaycan və İsrail prezidentləri əməkdaşlığın perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Bu arada Azərbaycan ABŞ prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv dövlət olmaq dəvətini qəbul edib. Bu təşəbbüsün ilkin məqsədi Qəzzada münaqişəni bitirməkdir, sonradan digər münaqişələri də əhatələyə bilər. Bu dəvətin dünyanın bir çox ölkələrinə göndərildiyi açıqlanıb.
2023-cü il oktyabrın 7-də ABŞ və Qərb ölkələrinin terror təşkilatı saydığı HƏMAS İsrailin cənubuna hücum edib, təxminən 1200 nəfər həlak olub, 251 nəfər girov götürülüb. Bu hücuma cavab olaraq İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb. O vaxtdan bəri Qəzzada 65 mindən çox insanın öldürüldüyü bildirilir. Girovların bir çoxu isə azad edilib.
Azərbaycan İsrail-Fələstin böhranında, BMT kimi, "iki dövlət" prinsipini müdafiə edir. Söhbət həm İsrailin, həm də Fələstinin dövlət kimi qəbul edilməsindən gedir.
Davosda builki ənənəvi İqtisadi Forum yanvarın 19-da başlayıb.
Azərbaycanın xarici ticarətində müsbət saldo 8 dəfə azalıb
2025-ci il üzrə Azərbaycanın xarici ticarət dövriyyəsi 49.4 mlrd. ABŞ dollarına çatıb.
Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bu, 2024-cü illə müqayisədə 3.8 faiz çoxdur.
Bu dövr üzrə ixracın həcmi 5.7 faiz azalaraq 25.04 mlrd. dollara düşüb. İdxal isə 15.8 faiz artaraq 24.4 mlrd. dollara yüksəlib.
Bu isə xarici ticarət saldosuna mənfi təsir edib. Ötən il xarici ticarətin müsbət saldosu 8.3 dəfə azalaraq 663 mln. dollara enib. 2024-cü ildə bu rəqəm 5.5 mlrd. dollar təşkil etmişdi.
Rəsmilər idxalın artmasını, əsasən, ölkənin qızıl alışı ilə izah edirlər. Amma müstəqil iqtisadçılar vurğulayırlar ki, səbəblər daha çoxdur, ən əsası, ölkədə iqtisadi artım baş vermir.
Onlar xatırladır ki, ölkənin ixracının 85 faizi neft və qazın payına düşür. Ötən il Azərbaycanda həm neft hasilatı azalıb, həm də o ucuzlaşıb.
Son bir ildə 160-dan çox məktəb bağlanıb?
Son bir ildə Azərbaycandakı dövlət təhsil müəssisələrinin sayında 161 azalma var. Bu, Dövlət Statistika Komitəsinin (DSK) aylıq hesabatlarında "Təhsil" bölməsindəki məlumatların təhlili nəticəsində bəlli olub.
DSK-nın yeni açıqlanan hesabatında deyilir ki, 2025/2026-cı tədris ilinin əvvəlinə ölkənin 4 min 160 dövlət və 35 qeyri-dövlət ümumi təhsil müəssisələrində (məktəbəhazırlıq qruplarında təhsilalanlar da daxil olmaqla) 1.7 milyon nəfər təhsil alıb.
Bir il əvvəl 4 min 321 dövlət və 33 qeyri-dövlət məktəblərində 1.7 milyon şagirdin təhsil aldığı bildirilirdi.
Xatırlatma
Elə rəsmilər də son dövrlər ölkədə şagird sayı çox az olan bəzi kənd məktəblərinin fəaliyyətinin dayandırılacağından bəhs ediblər. Onların vurğulamasına görə, bu, təkcə bağlama deyil, həm də birləşmələri əhatə edəcək. Rəsmilər bu prosesi "optimallaşdırma" adlandırırlar.
Son illər Azərbaycanda doğuşun azalması məktəblilərin sayında da azalma ilə müşahidə edilir. Amma bəzi ekspertlər də deyirlər ki, hökumətin bu addımları təkcə şagird sayının azalması ilə bağlı deyil. Onların fikrincə, məhz ölkəyə neft pullarının gəlişində azalma baş verdikdən sonra belə addımlar atmağa başlayıblar.
Son vaxtlar ölkənin ucqar kəndlərində bəzi məktəblərin bağlanması valideynlər arasında da müəyyən narazılıqlara səbəb olub. Onlar mediaya açıqlamalarında əlavə yol və vaxt itkisindən şikayətlənirlər.
20 Yanvar faciəsindən 36 il keçir [Video]
Bu gün Azərbaycanda 1990-cı il 20 Yanvar hadisələrinin 36-cı ildönümü qeyd edilir.
Hər il olduğu kimi, paytaxt sakinləri, o cümlədən dövlət, hökumət rəsmiləri, siyasi partiyaların təmsilçiləri Bakıda Şəhidlər Xiyabanına gedərək faciədə həlak olanların qəbirlərinə gül dəstələri qoyurlar.
36 il öncə, 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə ozamankı SSRİ rəhbərliyinin göstərişi ilə Bakıya ordu yeridilib. 35 minlik ordu korpusunun apardığı əməliyyat "Zərbə" adlanırdı. Azərbaycanın rəsmi qurumları həmin günlərdə Bakıda və respublikanın bir sıra bölgələrində SSRİ ordusunun 130-dan çox dinc sakini öldürdüyünü, 700-dən çox adama isə müxtəlif dərəcəli xəsarətlər yetirdiyini açıqlayıblar. Üstəlik, həmin vaxt 841 nəfər fəalın həbs olunduğu bildirilir.
Azərbaycanda həmin prosesin iştirakçıları hesab edirlər ki, SSRİ rəhbərliyinin məqsədi müstəqilliyə can atan xalqı qorxutmaq idi. SSRİ rəhbərliyi isə ordu yeridilməsini respublikada asayişin pozulması ilə izah edirdi.
Azərbaycan həmin hadisələrdən bir il sonra öz müstəqilliyini bərpa edib.
Ceyhun Bayramov Marko Rubio ilə danışıb
Yanvarın 19-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regional vəziyyət və Bakı ilə Yerevanın normallaşma prosesi müzakirə edilib.
Açıqlamaya görə, ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitindən sonra Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində ikitərəfli təmaslar, müzakirələr yüksək qiymətləndirilib və tərəflər layihənin qısa müddət ərzində razılaşdırılaraq imzalanacağına ümidvar olduqlarını bildiriblər. "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) icrası üzrə görülən işlərin əhəmiyyəti vurğulanıb", - məlumatda əlavə edilib.
Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın 20 faiz ərazisi işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.
Ötən il avqustun 8-də 30 ildən çox münaqişədə olmuş Azərbaycan və Ermənistanın rəsmiləri Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Oval ofisdə ABŞ prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə (TRIPP) yaranacaq. Paraflanan mətində də tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.
Həmin vaxt ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupun yaradılması ilə bağlı anlaşma memorandumu da imzalanmışdı.
Xatırlatma
Rəsmi Bakının 2024-cü ilin noyabrında Donald Tramp ABŞ prezidenti seçilənə qədər Vaşinqtonla münasibətlərində müəyyən soyuqluq müşahidə edilib. ABŞ rəsmiləri, bir qayda olaraq, Azərbaycanda fundamental azadlıqlar və tənqidçilərin həbsi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Azərbaycan rəsmiləri isə belə çağırışları ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndiriblər.
İndi artıq yüksəksəviyyəli təmaslarda hərtərəfli əməkdaşlıq perspektivlərindən bəhs olunduğu açıqlanır.
Azərbaycanda mənzillər 12 faizdən çox bahalaşıb
Azərbaycanda mənzillər 12 faizdən çox bahalaşıb. Bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.
2025-ci ilin IV rübündə mənzil bazarında qiymətlər 2025-ci ilin III rübü ilə müqayisədə 3.1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 4.3 faiz, təkrar mənzil bazarı üzrə 3 faiz artıb.
2025-ci ilin yanvar-dekabr aylarında isə 2024-cü ilin analoji dövrünə nisbətən 12.2 faiz qiymət artımı qeydə alınıb.
Səbəblər...
Son bir ildə ölkədə iqtisadi artım 1, inflyasiya isə 5 faiz civarında olub.
Ekspertlər iqtisadi artımın çox zəif olmasına baxmayaraq, mənzil bazarında bahalaşmanı bir çox amillərlə izah edirlər. Onlar deyir ki, paytaxt Bakıda tikintilərin sayı əvvəlki illərlə müqayisədə kəskin azalıb. Habelə, digər tərəfdən vurğulanır ki, Bakıda söküntü işləri davam edir və bu zaman əhaliyə ödənilən kompensasiyalar da mənzil bazarına təsir göstərən amillərdəndir.
Ekspertlər hesab edir ki, Rusiyaya sanksiyalar və bəzi Azərbaycan vətəndaşlarının orada əmlaklarını sataraq Bakıya gəlib daşınmaz əmlak almaları da qiymətləri müəyyən qədər bahalaşdırır. Onların fikrincə, ən nəhayət, Azərbaycanda biznes mühiti əlverişli olmadığından insanlar pullarını daha çox daşınmaz əmlaka qoymağa üstünlük verirlər.
Ekspertlər düşünür ki, bir çox məmurların qanunsuz yollarla həddən çox gəlir əldə etmələri də bu məsələdə az rol oynamır.