Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Yerli südün maya dəyərini bahalaşdıran amillər-Media icmalı


Süd
Süd

Dövlət başçısının zəlzələ baş verən bölgəyə səfəri, südün maya dəyərini bahalaşdıran amillər, «Valyuta tənzimi haqqında» Qanuna dəyişiklik və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Südün maya dəyərinin 70 faizi...

Fed.az saytında «Samir Eyyubov: Yerli bazarda satmaq əvəzinə, xaricə qaçırıq» sərlövhəli yazı oxumaq olar.

Yazıda «Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları» İctimai Birliyinin sədri Samir Eyyubovla söhbət təqdim edilib.

Müəllif bildirib ki, bu yaxınlarda Azərbaycandan xaricə süd və süd məhsulları ixrac ediləcəyi ilə bağlı bəyanatlar səslənib. Bu bəyanatlar fonunda marketlərdə əhaliyə satılan yerli məhsullar bahalaşıb.

Müəllif habelə vurğulayıb ki, Azərbaycanda hazırda yerli süd məhsulları (idxal rüsumu ilə birlikdə ölkəyə gətirilən) bəzi xarici məhsullarından baha olduğuna görə ixracı mümkünsüz görünür.

S.Eyyubov isə deyib ki, ölkədə südün maya dəyərinə təsir edən amillərdən biri yemdir və yemlə bağlı vəziyyət düzəlmir: «Bu, Azərbaycanda ciddi problem olaraq qalır və xaricdən asılılığımız çox yüksəkdir. Xüsusən qüvvəli yemlər – soya və qarğıdalı yemlərindən söhbət gedir... Südün maya dəyərinin 70 faizini təşkil edən də məhz budur».

S.Eyyubov vurğulayıb ki, rəsmi statistikaya görə, ölkədə 1 milyon 200 min südlük inək var: «Ancaq məsələ burasındadır ki, cins heyvanlardan günə 20 litr, yerli cinslərdən isə 5-7 litr süd sağılır. Ona görə də, heyvan göstəricisinə baxmayaraq, süd o qədər də bol deyil».

Birlik sədri daha sonra da əlavə edib ki, təsərrüfatlara imkan yaratsalar, Azərbaycanı 90 faiz südlə təmin edərlər: «Quru süddən emal olunan məhsul təbii süddən emal edilən məhsuldan daha ucuzdur. Problem odur ki, quru südü yenidən südə çevirəndə onun tərkibinə yağ vurulmalıdır. Bir çox emalçılar onun içinə palma tərkibli yağlar vururlar. Palma yağı 2 man 50 qəpik, kərə yağları 14-15 manatdır».

Bakıda valyutadəyişmə məntəqəsi. 2016
Bakıda valyutadəyişmə məntəqəsi. 2016

«Exchange»lərin açılması asanlaşırmı?

«Yeni Müsavat» qəzetində ««Exchange»lərin açılması yenidən gündəmdə-qanun dəyişir» sərlövhəli yazı yer alıb.

Yazıda bildirilir ki, Azərbaycanda valyutadəyişmə məntəqələrinin açılışı asanlaşır. «Valyuta tənzimi haqqında» Qanuna dəyişiklik edilməsi təklif olunub. Müəllifin qeyd etməsinə görə, dəyişiklik valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi prosedurunun sadələşdirilməsini nəzərdə tutur. Qanunun 13-2.5-ci maddəsinə əsasən, maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə lisenziya verərkən onu müvafiq icra hakimiyyəti, indiki halda ölkə prezidenti ilə razılaşdırmalı idi. Təklif olunan dəyişikliklə bu məsələnin aradan qaldırıldığı bildirilir.

Müəllif xatırladıb ki, 2015-ci ilin dekabrında baş verən manatın ikinci devalvasiyasından sonra ölkədə əhali arasında dollar ajiotajı daha da güclənib, insanlar kütləvi şəkildə valyutadəyişmə məntəqələrinə üz tutaraq dollar almağa çalışıblar. Yazıda vurğulandığına görə, onda çıxış yolu kimi valyutadəyişmə məntəqələrinin lisenziyaları ləğv edilib.

«Yeni Müsavat»a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, əslində valyutadəyişmə məntəqələrinin açılmasının qarşısını alan səbəblər çoxdur. O deyib ki, yeni məntəqələrin açılması ilə bağlı qanunda çox sərt şərtlər qoyulub: «Bu, təkcə prezidentin təsdiqi məsələsi deyil. Eləcə də 50 min manatlıq və ya 50 min dollarlıq ilkin depozit şərti də mövcuddur. Həmçinin, valyutadəyişmə məntəqələrinin özünün müxtəlif təhlükəsizlik qaydalarına cavab verməsi üçün avadanlıqlarla təchiz edilməsi şərti var. Təqribən bu da 100 min manata başa gəlir. Buradan demək olar ki, bir valyutadəyişmə məntəqəsinin açılmasına 150 min manata yaxın ilkin vəsait lazımdır. Bu hal isə insanlar, əsasən də fiziki şəxslər üçün o qədər də cəlbedici deyil».

İ.Əliyev Şamaxıda
İ.Əliyev Şamaxıda

«Vətəndaşın yanında»

«Azərbaycan» qəzetində dərc edilən «İmdada yenə İlham Əliyev çatdı» sərlövhəli yazıda dövlət başçısının fevralın 7-də Şamaxı səfəri dəyərləndirir.

Müəllif yazıb ki, prezidentin bu səfərinin mahiyyəti yalnız zəlzələnin (fevralın 5-də gecə saatlarında İsmayıllı, Şamaxı və Ağsu rayonlarında baş vermiş zəlzələ nəzərdə tutulur –red.) fəsadlarını yerində öyrənmək deyildi: «Bu səfər ümumilikdə prezidentin idarəçilik fəlsəfəsinin məntiqi təzahürü idi. Dövlət başçısı daim ölkədə baş vermiş ekstremal proseslərə çevik münasibət bildirib, hadisə yerinə şəxsən baş çəkib və bu prosesdə insanların maraqlarının qorunmasını ön plana çəkib. Ən nəhayət, vətəndaş mənafeyinə həssas münasibətin mükəmməl nümunəsini yaradıb».

«Bir neçə gün əvvəl Şamaxı rayonu ərazisində baş verən zəlzələdən sonra hadisəyə çevik reaksiya verməklə prezident növbəti dəfə əsl liderlik örnəyi göstərdi»,-deyə müəllif səfər barədə düşüncəsini davam etdirir.

Yazının sonunda da oxuyuruq: «...Dövlət başçısı hər zaman öz vətəndaşlarının yanındadır və baş verən istənilən ekstremal hadisə zamanı, çətin vəziyyətlərdə öz vətəndaşını tək qoymur, maddi və mənəvi dəstəyini onların üzərindən əsirgəmir».

XS
SM
MD
LG