Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Rusiyada gənclər çamadanlarını yığırlar – Qərb mediası


Çukotkanın Lorino kəndinin gəncləri, arxiv fotosu
Çukotkanın Lorino kəndinin gəncləri, arxiv fotosu

Sosioloqlar rusiyalı gənclərin mühacirət həvəsinin getdikcə artdığını bildirir. “The Moscow Times” qəzetində Pavel Aptekar bunun Kremli ciddi narahat etməli olduğunu yazır. Axı, bu mühacirət epidemiyası indiki texnoloji inkişaf əsrində ölkənin iqtisadi artım potensialını ciddi şübhə altına alır.

Bazar ertəsi Levada sorğu mərkəzi yeni rəy sorğusunun nəticələrini açıqlayıb. Rusiyalıların 82 faizinin həmişəlik xaricə köçmək istəmədiyi üzə çıxıb. Amma xaricdə yaşamaq istəyən gənclərin sayı 41 faizdir və bu göstərici artmaqdadır. 2017-ci ilin mayında 18-24 yaşlıların 32 faizi xaricdə yaşamaq arzusunu dilə gətirmişdi.

Amma Prezident Vladimir Putinin sözçüsü Dmitry Peskov bu rəqəmləri narahatlıq mənbəyi kimi görmür. O iddia edib ki, mühacirət etmək istəyən gənclərin sayı yüksək deyil və “hər şey nisbidir”, yəni, onun fikrincə, suala cavablar da rahat səsləndiyi üçün verilib, ciddi mövqeyi əks etdirmir.

Tomskda immiqrasiya mərkəzi
Tomskda immiqrasiya mərkəzi

Əlbəttə, xaricə köçmək arzusu heç də həmişə həyata keçmir. Ancaq elə gənclərin getməyə hazır olması faktı həyəcan təbili çalmalıdır. Hər halda, onlar əhalinin ən fəal və innovativ üzvləridir, Rusiyanın iqtisadi inkişafına yaranacaq risklərin altına girməyə daha meyllidirlər”, – müəllif yazır.

Rusiya Federal Dövlət Statistika Xidmətinin mövqeyinə görə, mühacirətin miqyası elə də qorxulu deyil. Di gəl, rəqəmlər başqa şey deyir. 2011-ci ildə ölkəni 14 mindən çox rusiyalı həmişəlik tərk etmişdisə, 2018-ci ilin yanvar-noyabr aylarında bu rəqəm 51 mindən çox olub.

Almaniya Facebook-a qadağa qoyur

Facebook-un Almaniyada informasiya toplaması məhdudlaşdırılır. Dünən – fevralın 7-də Almaniyada çıxarılmış qərarda deyilir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan Facebook bazarda dominantlığından sui-istifadə edərək istifadəçilər barədə onların razılığı olmadan informasiya toplayıb.

Arxiv fotosu
Arxiv fotosu

Ötən il Cambridge Analytica qalmaqalı üzə çıxardı ki, on milyonlarla Facebook istifadəçisinin şəxsi informasiyasından onların razılığı olmadan istifadə edilib.

Almaniya Facebook-a qarşı sərt mövqeyi ilə seçilir. Ölkənin antimonopoliya qurumu özəlliklə Facebook-un adamlar barədə üçüncü tərəf tətbiqlər – WhatsApp və Instagram vasitəsilə informasiya toplamasına etiraz edib. Hələ üstəlik, Facebook istifadəçisi olmayanlar “like” və “share” düymələri ilə onlayn izlənirmiş.

“Gələcəkdə Facebook-un istifadəçilərdən sosial şəbəkəyə aid olmayan informasiyanı hesablarına pərçimləməyi tələb etməsinə icazə verilməyəcək”, – federal rəsmi Andreas Mundt deyib.

Facebook isə üçillik araşdırmanın nəticəsi olan bu qərardan şikayət verəcəyini bildirir. Sosial şəbəkənin mövqeyincə, antimonopoliya qurumu onun üzləşdiyi rəqabəti nəzərə almır, ötən il Avropada qüvvəyə minmiş gizlililik qanunlarına zərbə vurur.

Facebok-un Almaniyada 23 milyon gündəlik istifadəçisi var.

HRW cihadçıların gizli köçürülməsilə bağlı xəbərdarlıq edir

Şübhəli əcnəbi cihadçıların və onların qohumlarının Suriyadan köçürülməsi şəffaf olmalıdır. Bunu Human Rights Watch insan haqları təşkilatından “Frans Pres” agentliyinə deyiblər.

Suriya, arxiv fotosu
Suriya, arxiv fotosu

Məsələ bundadır ki, İslam Dövləti silahlı qruplaşmasının parçalanmasının ardınca Fransa onlarla fransalı cihadçını, onların arvad-uşağını ölkəyə gətirməyi planlaşdırır. Onlar hazırda İŞİD-lə savaşan ABŞ koalisiyasının saxlama mərkəzlərində, düşərgələrində saxlanır.

“Biz köçürülmə zamanı orda olmaq istərdik, ya da azından müəyyən şəffaflıq olmalıdır”, – qurumun antiterror direktoru Nadim Houry Suriyanın şimalındakı Amuda şəhərində agentliyə danışıb.

“İndi biz danışdığımız vaxtda artıq köçürülmələr baş verə bilər. Tam bir qeyri-şəffaflıq hökm sürür və qaranlıqda da pis şeylər baş verir”, – o deyib.

2014-cü ildən bəri İŞİD-ə on minlərlə əcnəbinin qoşulduğu, amma son illər onların çökməkdə olan “xilafət”dən ayrıldığı bildirilir.

ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDF) “Frans Pres”ə deyib ki, “hər gün” əcnəbi döyüşçü saxlayırlar.

Hazırda Suriyanın şimalında iki böyük həbs düşərgəsində SDF şübhəli İŞİD cihadçılarına bağlı yüzlərlə qadını və uşağı saxlayır. Onların içində fransalılar da var.

Al-Hol düşərgəsinin rəsmilərinin bildirməsinə görə, dekabrın ortasından, İŞİD-in son mövqelərinə qarşı savaş güclənəndən mindən artıq əcnəbi döyüşçü qəbul ediblər.

Suriyanın şimal-qərb hissəsinin kürd administrasiyası aylardır əcnəbilərin gəldikləri ölkələrə müraciət edərək onları təhvil almağa çağırır.

Həmin ölkələr buna könülsüz yanaşsalar da, artıq məsələ kəskinləşir. Belə ki, ABŞ Prezidenti Donald Trump dekabrda elan edib ki, əsgərlərini Suriyadan çıxaracaq. Bundan sonra regionda təhlükəsizlik vakuumunun yarana biləcəyi sarıdan narahatlıq var.

XS
SM
MD
LG