Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:11

Jurnalistin ölümündə Səudiyyənin rolu varmı – tarix bitir


Jamal Khashoggi-nin portreti
Jamal Khashoggi-nin portreti

Fevralın 8-də ABŞ Konqresinin Prezident Donald Trump üçün qoyduğu son tarix bitir. O, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin ötən il jurnalist Jamal Khashoggi-nin qətlinə sifariş verib-vermədiyini müəyyənləşdirməlidir.

Yada salaq ki, Khashoggi ötən oktyabrda Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülüb. O, “The Washington Post” qəzetində Səudiyyə rəhbərliyinin tənqid olunduğu məqalələr yazırdı.

Bu arada yayılmış iki yeni məlumat ABŞ konqresmenləri Səudiyyə Ərəbistanına qarşı daha sərt addım atmağa vadar edib.

QƏTL RƏSMİLƏR TƏRƏFİNDƏN “PLANLAŞDIRILIB”

BMT-nin xüsusi məruzəçisi Agnes Callamard fevralın 7-də Türkiyəyə səfərindən sonra deyib ki, jurnalistin “qəddarlıqla və bilərəkdən qətli” Səudiyyə rəsmiləri tərəfindən “planlaşdırılıb və həyata keçirilib”.

Muhammad bin Salman
Muhammad bin Salman

​“The New York Times” qəzeti isə ABŞ kəşfiyyatı ilə görüşmüş rəsmilərə istinadla bir məlumat yayıb. Səudiyyənin vəliəhd şahzadəsi Muhammad bin Salman 2017-ci ildə köməkçisinə deyibmiş ki, Khashoggi Birləşmiş Ştatlardan Səudiyyə Ərəbistanına qayıtmazsa, onun dalınca “güllə ilə” gedəcək.

Fevralın 7-də hər iki partiyanı təmsil edən senatorlar qanun layihəsi hazırlayıb. Onlar Səudiyyə Ərəbistanına tank və uzaqmənzilli qırıcı təyyarə satışını dayandırmağı, qətldə əli olan səudiyyəlilərə sanksiya tətbiqini təklif edirlər.

Ər-Riyad əvvəlcə Khashoggi-nin yoxa çıxmasını inkar edirdi, amma daha sonra onun konsulluq daxilində bir dəstə tərəfindən öldürüldüyünü, vəliəhd şahzadənin bunda əli olmadığını bildirdi.

Trump isə vəliəhd şahzadəni, yaxud Səudiyyə hökumətini birbaşa ittiham etməyib, iqtisadi baxımdan vacib müttəfiqlə münasibətlərə ziyan vurmaq istəmədiyini deyib.

Oktyabrda Senatın xarici münasibətlər komitəsi ABŞ administrasiyasına 120 gün vaxt verib ki, vəliəhd şahzadənin jurnalistin qətlini sifariş edib-etmədiyini aydınlaşdırsın və ona qarşı tədbirləri planlaşdırsın.

XS
SM
MD
LG