Keçid linkləri

2025, 25 Yanvar, şənbə, Bakı vaxtı 17:37

Rusiyada deputatın həbsi nəyi göstərir – Qərb mediası


Raul Arashukov
Raul Arashukov

Putinin 2000-ci ildə hakimiyyətə gələndən qurduğu güclü, monolit və dinamik dövlət indi içəridən özünü yeyib-dağıdır, qubernatorlar, nazirlər, senatorlar nümayişkaranə, qəddarcasına həbsə göndərilir. Diqqətini daha çox geosiyasətə ayıran Putin sanki hakimiyyətin putinsizləşdirilməsi üçün darvazanı açıb, dövlət başçısından başqa heç kəsin toxunulmaz olmadığı bir durum yaradılır. Karnegi fondunun saytında Tatyana Stanovaya Rusiya Federasiya Şurasının senatoru Rauf Arashukov-un qətl sifarişində şübhəli bilinərək saxlanmasından yazır. Bu saxlanma təkcə senatorun özü üçün deyil, bütünlükdə Rusiya siyasi isteblişmenti üçün bir şok idi. Müəllif bu həbsi 2016-cı ildə iqtisadi inkişaf naziri Alexei Ulyukayev-in korrupsiya ittihamıyla saxlanması ilə müqayisə edir. O, Rosneftin ofisində şirkət rəhbəri Igor Sechin-lə görüşdən çıxınca saxlanmışdı.

Əvvəllər siloviklər yalnız regional miqyasda siyasətçilərə qarşı tədbir görürdülərsə, son illər federal xadimlər belə bundan sığortalanmayıblar, parlament toxunulmazlığının dəyəri kəskin düşüb. Ulyukayev-in həbsilə son həbsin fərqi ondadır ki, bu dəfə çoxsaylı siyasi institutlar, strukturlar, nüfuz qrupları zərbəni hiss elədi, qalib isə FSB – Federal Təhlükəsizlik Xidmətidir”, – yazan müəllif Ulyukayev-in həbsinin siyasi xarakterli olduğunu yazır. Axı, nazir Rosneft-in rəqib Bashneft şirkətini almaq niyyətin qarşı çıxmağa özündə cəsarət tapmışdı.

Aleksei Ulyukayev (sağda) məhkəmədə
Aleksei Ulyukayev (sağda) məhkəmədə

Rusiyanın Qaraçay-Çərkəz Şimali Qafqaz Respublikasını təmsil edən Arashukov isə siyasi fiqur, hətta əsl siyasətçi belə adlandırıla bilməz. O, böyük korporasiyalar və hakimiyyətə yaxınlığından faydalanan biznesmen sinfini təmsil edir. Belələri federal səviyyədə mövqelərini gücləndirməkdən ötrü federal status əldə etməyə can atırlar. Rusiyanın Şimali Qafqaz regionundan belə fiqurlarla bağlı kriminal element həmişə mövcud olur. Arashukov-un həbsi isə Rusiyada dövlət idarəçiliyi sisteminin bir çox vacib hissələrinə ciddi zərbə oldu. İlk zərbəni Gazprom nəhəngi və onun filial şirkətlərindən biri yedi. İstintaqa görə, bu şirkət mövcud olmayan istehlakçılara qaz satıb və bu sxemdə senatorun birbaşa əli olub. Gazprom rəhbəri Alexei Miller istintaqla tam əməkdaşlıq etsə də, imicinə ziyan dəydi. Ölkə rəhbərliyinin qaz monopolisti rəhbərinin konkret nədən xəbəri olmasıyla bağlı ciddi sualları olacaq”, – müəllif yazır.

Viktor Orbán bütün qırmızı xətləri keçib

Macarıstanda bir neçə həftədir hökumət əleyhinə etirazlar davam edir. Amma “The Guardian” qəzetində Dóra Diseri yazır ki, Baş nazir Viktor Orbán hələ də Avropa Birliyi daxilində dəstək tapacağından arxayındır.

Müəllif hakim Fidesz partiyasına qarşı çıxan macarıstanlıların hələ də xaricdən xilaskar gözlədiyini yazır, ancaq çifayda, köməyə gələn olmayıb.

Brüsseldə AB-nin qərargahı önündə etiraz aksiyası
Brüsseldə AB-nin qərargahı önündə etiraz aksiyası

Hətta Orbán-ın qaçqın siyasətinin əsas opponentlərindən olan Almaniya kansleri Angela Merkel belə səsimizə hay verməyib. Onların 2018-ci ildə Berlində son mətbuat konfransları ağlımdan çıxmır, həmrəyliyin Avropa üçün nə demək olduğunu kameralara söyləməyə çalışırdılar. Orbán bunu hasarların çəkilməsində, Merkel isə qaçqınlara sığınacaq verməkdə görürdü… Merkel Macarıstanın baş naziri ilə görüşdən qaçıb, dörd il ərzində onu Berlinə dəvət etməyib. O, özünü görməzliyə vurmağa, Macarıstanda demokratik geriləməyə dözümlü yanaşmağa üstünlük verib”, – məqalədə deyilir.

Amma müəllif iki ölkənin aparıcı partiyalarının Avropa parlamentində eyni qrupda yer aldığını qeyd edir. Alman Xristian Demokratlarına (CDU) bir çox səviyyələrdə Fidesz-in dəstəyi lazım olur.

İqtisadi faktorlar isə daha böyük rol oynayır. Almaniyanın böyük avtomobil şirkətlərinə Macarıstanda gəlirli biznesdən ötrü siyasi sabitlik və uğurlu ikitərəfli münasibət lazımdır. Oraya daha çox investisiya qoyurlar. Daimler və Audi-dən sonra BMW bu yaxınlarda elan edib ki, Macarıstanda yeni zavodun qurulmasına 1 milyard dollar sərmayə yatıracaq…

İndi ən böyük sual həmin böyük zavodlarda kimin işləyəcəyidir. Macarıstanda mərkəzi Avropanın bir sıra ölkələrində olduğu kimi kütləvi mühacirət səbəbindən ciddi işçi çatışmazlığı var. Lakin Orbán hökuməti bunun da ‘həll’ini tapıb: yeni qanun işəgötürənlərə icazə verir ki, işçilərin il ərzində 400 saat əlavə işləməsini istəsin. Adamlar dərhal bunu ‘qul qanunu’ adlandırıblar və Macarıstanda Miladdan öncə başlanmış etirazlara da məhz bu qanun səbəb olub”, – məqalədə vurğulanır.

Dünyada intiharlar azalıb

1990-cı ildən bəri dünyada intiharların sayı 30 faiz azalıb. Bu haqda “Frans Pres” agentliyi yazır.

İllüstrativ foto
İllüstrativ foto

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada hər il azı 800 min nəfərin özünü öldürdüyünü bildirir. Ölkələr üzrə ölüm səbəblərini araşdıran “Global Burden of Disease” təşkilatı isə son illər intiharların səviyyəsində azalma getdiyini üzə çıxarıb.

Qurum 2016-cı ildə 817 min nəfərin özünə qıydığını, bunun 1990-cı ildən bəri 6,7 faizlik artım olduğunu deyir. Amma son 30 ildə dünya əhalisinin sayı artıb deyə, əhalinin sayı və yaşına görə azalma qeydə alınıb. Yəni hər 100 min nəfərdən əvvəl 16,6 nəfər intihar edirdisə, 2016-cı ildə bu göstərici 11,2-yə düşüb. Bu, 32,7 faizlik azalma deməkdir.

“İntihar ölümün önlənə bilən səbəbidir və bu araşdırma onu göstərir ki, biz intiharların önlənməsi yönündə işimizi davam etdirməliyik”, – tədqiqatçı alim Heather Orpana deyib.

“The Global Burden of Disease” ümumilikdə azalma tendensiyasını alqışlasa da, intiharın bir çox regionlarda əsas ölüm səbəbləri arasında qaldığını da vurğulayır.

2016-cı ildə dünya üzrə intiharlar nəticəsində 34,6 milyon illik həyat itirilib. Bu göstərici konkret regionda və ölkədə orta ömür uzunluğu ilə intiharın törədildiyi yaşın müqayisəsi nəticəsində əldə olunur.

Bundan başqa, bütün regionlar və yaş qrupları üzrə (15-19 yaşlıları çıxmaqla) kişilərin qadınlardan daha çox həyatına son qoyduğu bildirilir. Amma təhlildə bunun səbəbi göstərilmir.

Qlobal miqyasda, hər 100 min nəfər üzrə 15,6 kişi və 7,0 qadın özünə qıyır.

XS
SM
MD
LG