ABŞ-ın Ədliyyə Departamenti bildirir ki, Almaniyanın Adem Yilmazı Birləşmiş Ştatlara təhvil verməkdənsə Türkiyəyə deportasiya etməsindən “dərindən məyus olub”.
Birləşmiş Ştatlar Yilmaza 2015-ci ildə ittiham irəli sürüb. O, Əfqanıstan və Pakistan sərhədlərində ABŞ hərbi qüvvələrinə hücum etməkdə, 2008-ci ildə amerikalı əsgərlərin öldürülməsilə nəticələnmiş intiharçı hücumunu törədənə göstəriş verməkdə suçlanır.
Birləşmiş Ştatların Baş prokuroru vəzifəsini icra edən Matt Whitaker ölkəsinin müttəfiqi barədə qeyri-adi dərəcədə sərt danışıb. O, fevralın 6-da deyib ki, ABŞ-ın ekstradisiya xahişinə baxmayaraq almaniyalılar bu həftə Yilmazi Türkiyəyə deportasiya ediblər.
“Almaniyanın təhlükəli terrorçu Adem Yilmazı Türkiyəyə deportasiya etməsindən dərin məyus olmuşuq. O, iki amerikalı hərbçinin qətlində əli olduğuna görə Birləşmiş Ştatlarda mühakimə olunmalıydı”, – Whitaker deyib.
Whitaker-in sözlərinə görə, “Almaniya hökuməti Yilmazı Türkiyəyə gedən təyyarəyə əyləşdirməklə onun məhkəmədən yayınmasına bilərəkdən kömək edib”.
“Almaniya hökuməti onu Birləşmiş Ştatlara ekstradisiya etməməyə görə hansısa məsuliyyət götürmür, müqavilə öhdəliklərinə sayqısızlıq göstərib, hüququn aliliyinə zərbə vurub”, – Whitaker vurğulayıb.
Birləşmiş Ştatların aparıcı rəsmisi Bloolmberg-ə deyib ki, ABŞ Yilmazın Türkiyədə saxlanması üçün Interpol-a müraciət edib.
Almaniyanın Vaşinqtondakı səfirliyinin, eləcə də Dövlət Departamentinin rəsmiləri məsələni şərh etməyiblər.