Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:50

Khamenei-nin varisi kim olacaq – Qərb mediası


Ali Khamenei (solda) və Sadeq Larijani, arxiv fotosu
Ali Khamenei (solda) və Sadeq Larijani, arxiv fotosu

İranın ali dini lideri ayətulla Ali Khamenei son 30 il ərzində dövlətə nəzarəti əlində cəmlədiyindən onun varisliyi üstündə siyasi böhran yaranacağı gözlənir. İran İslam İnqilabının 40-cı ildönümünü qeyd etdiyi bir vaxtda xəstə və yaşlı ayətullanı kimin əvəzləyəcəyi sualı da yenidən ortaya çıxır. “The National Interest” portalında Geneive Abdo yazır ki, həmin varisin kimliyindən asılı olmayaraq, onun Khamenei-dən daha zəif, İslam İnqilab Keşikçiləri Korpusundan (İİKK) daha asılı olacağı şəksizdir.

Ötən dekabrda dünyasını dəyişmiş Mahmoud Hashemi Shahroudi Khamenei-ni əvəzləməyə əsas namizəd sayılırdı. İndi favorit namizəd olmasa da bir neçə variant var. Onlardan biri ədliyyənin rəhbəri, İraqda anadan olmuş Sadeq Larijani-dir. Digəri keçmiş prezidentliyə namizəd, müqəddəs İmam Rza məbədinin hamisi Ebrahim Raisi-dir. Raisi Khamenei-nin tələbəsi, ona sadiq sayılır. Larijani isə sərt xətt tərəfdarı olmasına baxmayaraq, daha müstəqil hesab olunur.

Ebrahim Raisi
Ebrahim Raisi

Khamenei yəqin ki İranın inqilab ideologiyasını müdafiə edəcək bir varis hazırlayacaq. Bu ideologiya həm antiqərb, həm də anti-Amerikadır. Ali dini idarəçilik konsepsiyasına sadiqlik də tələb olunur. Həm Larijani, həm də Raisi 50 yaşlarındadır və bu, Khamenei üçün vacibdir, çünki ali dini lider İran gənclərinin çoxunun ruhani üsul-idarəsinə mövcud müxalifətinə dirəniş göstərməkdən ötrü gənc olmalıdır. İranlıların əksəriyyətinin yaşı 29-dan azdır.

İstənilən varis həm ölkədəki itaətsizliyi cilovlamağı bacarmalı, həm də ölkəni xarici təhdidlərdən qorumalıdır. İİKK daxil olmaqla çoxlarının gözündə İran daim düşmən təhdidi ilə üz-üzədir. Media tez-tez yazır ki, Khamenei öləndən sonra İranı İİKK idarə edə bilər. Amma bu ssenari heç inandırıcı görünmür. Bu, İran konstitusiyasının pozulması demək olar. Dövləti idarə etmək İİKK-nın da marağında deyil, ona elə Korpusun ideologiyasını dəstəkləyən ali dini lider lazımdır... ABŞ hökumətinin hesablamasına görə, İİKK İran iqtisadiyyatının 20 faizinə nəzarət edir”, – məqalədə deyilir.

İŞİD-çilər Avropaya necə keçir

İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı terrorçular Avropada yeni cihad hücumları dalğası başlada bilər. Bu xəbərdarlığı bu günlərdə Interpol rəhbəri Jürgen Stock jurnalistlərlə söhbətində səsləndirib. O, yeni terrorçu dalğasını “İŞİD 2.0” adlandırıb. Məsələ bundadır ki, əvvəllər həbs olunmuş bir sıra cihadçılar həbsdən buraxılır, bəziləri Avropaya qayıdır, bəziləri barədə isə polisin heç məlumatı yoxdur və “yatmış hüceyrə” kimi fəaliyyət göstərir. “The Daily Beast” portalında Anne Speckhard və Ardian Shajkovci yazırlar ki, Prezident Donald Trump-ın əksini iddia etməsinə baxmayaraq, ABŞ kəşfiyyat rəhbərləri İŞİD-in hələ də məğlub edilmədiyini deyirlər.

Suriyalı qadınlar
Suriyalı qadınlar

Ötən həftə Zorakı Ekstremizmin Araşdırılması üzrə Beynəlxalq Mərkəz Suriyada ABŞ koalisiyasının dəstəklədiyi YPG kürd qruplaşmasının saxladığı 18 İŞİD üzvünü dindirib.

Onlardan biri 35 yaşlı tunisli Abdel Kadr 2008-ci ildə qanunsuz şəkildə Avropaya keçib, orada bir almaniyalı ilə evlənməklə qanuni yaşamaq və işləmək hüququ əldə edib. Abdel Kadr “dinə tapındığını”, daha sonra bir çox əcnəbi döyüşçülər kimi, Bashar al-Assad qüvvələrinin əzdiyi suriyalıların köməyinə getdiyini deyir. O, 2014-cü ildə humanitar ləvazimat dolu maşının sükanı arxasına keçərək Almaniyadan Suriyaya yollanıb,

Abdel Kadr sonucda İŞİD-ə qoşulub və ötən il YPG tərəfindən ələ keçirilib. O, İŞİD-in Avropaya və bütün dünyaya gizli fəaliyyət göstərmək məqsədilə əməliyyatçılar göndərdiyini deyib. Onlar kəşfiyyatçılardır. “Günün 24 saatını maskayla keçirirlər. Məxsusi olaraq bunun üçün seçiliblər. Öz evləri, xüsusi ailələri var. Məxsusi seçiliblər və çoxu Avropaya göndərilib”, – o deyib. Abdel Kadr Avropada 1000 partizan olduğunu, özlərini müxtəlif millətlərdən olan qaçqınlar kimi təqdim etməyi planlaşdırdıqlarını sözləyib. Deyir, İŞİD həmin şəxsləri Avropadakı qaçqın axınının içərisinə yerləşdirə bilib və çoxları da Avropaya saxta pasportla göndərilir.

Krımın ilhaqından beş il sonra...

Bu ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin reytinqi düşməyə başlayıb. Ötən ilin son 3 ayında 66 faiz ətrafında var-gəl edən reytinq ötən ay 64 faizə düşüb. Bu rəqəmlər özlüyündü ciddi görünməyə bilər. Amma vacib olan odur ki, Putinin reytinqi 2014-cü ilin yanvarından bəri indiki kimi aşağı səviyyəyə düşməyib. Onda reytinqi 63 faiz idi. Bu haqda “The Moscow Times” qəzetində Andrei Kolesnikov yazır.

Vladimir Putin (solda) və Rusiya Patriarxı Kirill
Vladimir Putin (solda) və Rusiya Patriarxı Kirill

Son 10 il ərzində Putinin populyarlığı hərbi kampaniyalar, patriotik isteriyalara bağlı olub. 2008-ci ildə Gürcüstanla qısa müharibədən sonra reytinq 88 faizə yüksəlib. Onda Putin baş nazir idi. Amma 2013-cü ilin noyabrında 61 faizə düşdü. 2014-cü ildə Krımın ilhaqıyla reytinq 86 faizə yüksəldi.

Müəllif 2018-ci ilin martında prezident seçkisindən sonra ƏDV-nin və yanacağın qiymətinin artmasının, real gəlirlərin azalmasının, üstəlik pensiya yaşının qaldırılmasının ölkədə narazılığı gücləndirdiyini qeyd edir.

Beş il ərzində dairə qapanıb. Bu beş il Rusiyaya baha başa gəlib, iqtisadi depressiya yaşanıb, repressiv qanunvericilik aktları qəbul olunub, davamlı antiqərb təbliğat kampaniyası aparılıb.

Amma bu dəfə Putinin ilhaq etməyə daha bir Krımı yoxdur... Ötən ilin sonunda Krım yaxınlığında ukraynalı dənizçilərin saxlanmasını, yeni hipersonik raketin sınaqdan çıxarılmasını Putin xalqa əla Yeni il hədiyyəsi adlandırsa da, adamlar buna laqeyd yanaşdılar. Kuril adalarının statusu üzrə Yaponiyayla aparılan danışıqlar da milli qürur hissini oyada bilmədi...

Sentyabrda regional seçkilərdə hökumətin dəstəklədiyi bir neçə namizədin məğlubiyyəti hakimiyyəti elektoratın nə istəməsi barədə düşünməyə məcbur etdi. Açıq-aşkar narazılıq ortadadır, amma adamların öz tələblərini və arzularını dilə gətirməkdən ötrü alətləri yoxdur. Normal təmsilçilik demokratiyası sistemi çoxdan dağılıb”, – müəllif yazır.

XS
SM
MD
LG