Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:54

İran inqilabçılarının ‘40 il sonrakı ağlı’ – Qərb mediası


1979-cu ilin fevralında İrandan çıxarılan amerikalılar
1979-cu ilin fevralında İrandan çıxarılan amerikalılar

Mohammad Reza Tajik 40 il öncə şah rejiminin qvardiyasından qaçaraq İslam İnqilabına qoşulub. “The Associated Press” agentliyi onun bir çox iranlılar kimi indi qırx il öncəni, gənclik dövrünün həyəcanını, o vaxtdan verdikləri itkiləri kədərlə yada saldığını yazır.

Tehranda mağaza işlədən Tajik qardaşının 1980-ci ildə İraqla müharibədə, dostunun isə ötən il Suriyada vətəndaş müharibəsində həlak olduğunu deyir.

“Yox, istədiyimizi əldə edə bilmədik. Hər şey dəyişib, inqilabi dəyərlər əriyib. Təəssüf ki, bu gün də ayrıseçkilikdən, qohumbazlıqdan, korrupsiya və yalandan əziyyət çəkirik, hətta həmişəkindən daha artıq”, – 60 yaşlı keçmiş əsgər deyib. O, dükanını Tehranın sərt soyuğunda odun peçiylə qızdırır.

İslam İnqilabının 40 illiyi ərəfəsində “The Associated Press” Tehranda iranlılarla söhbət edib. Birləşmiş Ştatlar ötən il İranla nüvə sazişindən çıxandan sonra İran rialı kəskin ucuzlaşıb, iqtisadi çətinliklər artıb.

“Problemlər var, amma onları inqilaba deyil, rəsmilərin səriştəsizliyinə bağlayıram. İnqilab doğru idi və baş verməliydi, di gəl, hakimiyyətdəkilər onu yolundan sapdırdılar”, – Tajik belə deyib.

İslam inqilabının 40 illiyi münasibətilə hərbi sərgi
İslam inqilabının 40 illiyi münasibətilə hərbi sərgi

Ancaq 67 yaşlı dəllək Bashir Nahavandi belə düşünmür. O, inqilab vaxtı taksi sürücüsü işləyib, etirazçıları pulsuz daşıyıb, özü də Mohammad Reza Pahlavi şaha qarşı nümayişlərə qatılıb.

“İndiki durumumdan, işimdən, gəlirimdən narazı deyiləm. Düzdür, bəzi adamlar bahalıqdan şikayətçidir, amma onlar gələcəyə baxmalı, daha dözümlü olmalıdırlar”, – o deyib.

Nahavandi ölkə liderlərini İslamı qoruduqlarına, iranlı qadınların hicab geyinməsini məcburi edən qanunu mühafizə etdiklərinə görə tərifləyib.

“Müsəlmanıq, din bizim üçün öndədir. Dinə fikir verilməsə, sayqı göstərilməsə, bir qucaq pulun da dəyəri olmaz”, – o, sözlərinə əlavə edib.

Köklüklə xərçəngin əlaqəsi

Birləşmiş Ştatlarda yaşlı nəslə nisbətən gənclərdə köklüklə (obezite) bağlı xərçəng halları yayılmaqdadır. BBC bunu Amerika Xərçəng Cəmiyyətinə istinadla yazır.

Arxiv fotosu
Arxiv fotosu

Qurum son 40 ildə köklükdə kəskin artımın daha gənc nəsildə xərçəng riskini də artırdığını bildirir. Bu problemin xərçənglə mübarizədə son dövrlər əldə olunmuş irəliləyişi yavaşıdacağı vurğulanır.

Cəmiyyət 1995-2014-cü illərin milyonlarla səhiyyə sənədini araşdırıb və nəticələri “The Lancet” dərgisində dərc etdirib.

Tədqiqatçılara görə, köklüyə bağlı 12 xərçəng növündən altısı üzrə göstəricilər yüksəlib, özəlliklə də yaşı 50-dən az olanlar arasında.

25-49 yaşlılar arasında, ən çox da yaşı 20-30 aralığında olanlarda xərçəngin kəskin çoxaldığı üzə çıxıb.

Araşdırmaçılar bu tendensiyanı məhz son onillər ərzində köklük göstəricilərinin sürətlə artmasıyla əlaqələndirirlər.

Yəni əlavə piy qatı bədəndə boş-boşuna oturmur. Piy hüceyrələri enerji yığmağa kömək etsə də, bədənin digər hissələrinə kimyəvi siqnallar da göndərir. Həmin siqnallar hüceyrələri daha sürətlə parçalanmağa sövq edir və bununla da adamlarda xərçəng riski yaranır.

Bəs bakteriyalarla depressiyanın hansı bağlılığı var

Bağırsaqlardakı bakteriyalar bizim zehni durumuza təsir göstərə, depressiyayla əlaqəli ola bilər. Bu haqda “Frans Pres” agentliyi yazır.

İllüstrativ foto
İllüstrativ foto

Ümumdünya Səhiyyə Təşkilatı dünyada 300 milyon nəfərin depressiyadan əziyyət çəkdiyini bildirir. Və xəstənin fiziki və zehni durumunun əlaqəli olduğu bildirilir.

Belçika alimləri inanırlar ki, bağırsaq bakteriyalarının çoxu kimyəvi maddələr buraxır və onlar da beyinə ciddi təsir göstərir. Bu maddələrdəki bir sıra mikroorqanizmlər zehni sağlamlıqda müsbət, yaxud mənfi izini buraxır.

Eksperiment zamanı mindən çox adamın depressiya durumu və nəcisi yoxlanıb. Depressiyadan əziyyət çəkənlərdə iki növ bakteriyanın “daim tükəndiyi” aşkarlanıb. Bu, hətta antidepressantdan istifadə edənlərdə də belədir.

Agentlik bu tapıntının alimlər arasında ziddiyyət yaratdığını da yazır. Amma Niderlandda 1063 nəfər üzərində, Belçikada bir qrup depressiyalı xəstələr üzərində araşdırma da eyni nəticəni ortaya qoyub.

XS
SM
MD
LG