Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:17

AB İranla ticarət sistemini dəstəkləyir


İranla ticarət mexanizmi
İranla ticarət mexanizmi

Avropa Birliyi (AB) İranla ABŞ sanksiyalarından yan keçəcək yeni ticarət mexanizmini alqışlayıb, amma eyni zamanda Tehranı tənqid edib. Tehran “sabitsizlik yaradan” ballistik raket proqramı, AB-nin bir sıra üzvlərinin ərazilərində “düşmənçilik fəaliyyəti”, Yaxın Şərq ölkələrinin işinə qarışmasına görə tənqid olunub.

Birlik səfirlərinin fevralın 4-də qəbul etdiyi bəyanatda İranın dünya ölkələri ilə 2015-ci ildə imzaladığı nüvə sazişinə sadiqlik vurğulanır.

Bəyanatda Fransa, Britaniya və Almaniyanın ötən həftə işə saldığı maliyyə mexanizmi alqışlanır. Mexanizm ABŞ sanksiyaları altına düşmədən İranla ticarətə şərait yaradır.

Bu sistemin məqsədinin “İranla ticari və iqtisadi əlaqələrə, ən vacibi isə İran xalqının həyatına müsbət təsir göstərmək” olduğu vurğulanır.

AB sammiti, arxiv fotosu
AB sammiti, arxiv fotosu

Amma bəyanatda o da vurğulanır ki, Avropa Şurası İranın “raketlərinin vurma məsafəsini, sınaqların, əməliyyat buraxmalarının sayını artırmaq” cəhdlərindən “dərindən narahatdır”.

SURİYA, YƏMƏNLƏ BAĞLI ÇAĞIRIŞ

Qurum Tehranı belə fəaliyyətdən çəkinməyə çağırır, bu işlərin “inamsızlığı dərinləşdirdiyini, regionda sabitsizliyə töhfə verdiyini” vurğulayır.

Bu yaxınlarda AB İranın kəşfiyyat xidmətlərinə və iki iranlıya sanksiyaları təsdiqləyib, onların Danimarka, Niderland, Fransa ərazisində İran hökumətinin opponentlərinə hücumlar hazırlamaqda suçlayıb.

Tehran isə ittihamları rədd edir, məqsədin İranla AB-nin münasibətlərinə zərbə vurmaq olduğunu deyir.

AB “regionda gərginliyin artmasından, İranın bu kontekstdə rolundan, Suriya və Livan kimi ölkələrdə qeyri-dövlət oyunçulara hərbi, maliyyə və siyasi dəstək verməsindən” narahatlığını bildirib.

Qurum Suriya Prezidenti Bashar al-Assad-ın əsas tərəfdarı olan Tehranı çağırır ki, BMT-nin sülh danışıqlarından əlavə, Dəməşqə təzyiq rıçağından istifadə etsin.

Yəməndə isə Səudiyyənin rəhbərlik etdiyi koalisiya İranın dəstəklədiyi şiə husi üsyançılarla savaşır. AB Tehranı və regiondakı bütün tərəfləri “BMT-nin rəhbərliyi altında münaqişənin davamlı siyasi həllinə doğru konstruktiv işləməyə” çağırıb.

Bəyanat İranı insan haqları və fundamental azadlıqlara tam əməl etməyə, ölüm hökmünə son qoymağa, qadınlar və qızlar, etnik və dini azlıq üzvləri üçün bərabər hüquqlar təmin etməyə çağırır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG