Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 11:15

'Çörəkpulu qazanmayan adam küçəyə çıxmalıdır'-deputat (Media icmalı)


Tehranda bazar
Tehranda bazar

Azərbaycanın qeyri-neft sektorundakı ixracda artım, İranda bahalaşmanın Azərbaycana mümkün təsirləri, hakimiyyət-müxalifət münasibətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İranda bahalaşmanın Azərbaycana təsiri

Moderator.az saytında «İrandakı bahalaşma Azərbaycanın maraqları baxımından da arzuedilməzdir» sərlövhəli yazı oxumaq olar.

Yazıda vurğulanıb ki, son günlər İranda ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərində sürətlə bahalaşma müşahidə edilməkdədir. Müəllif İrandakı iqtisadi gərginlik, bahalaşma tendensiyasının Azərbaycana mümkün təsirləri ilə bağlı iqtisadçı, deputat Vahid Əhmədovla söhbət edib.

V.Əhmədov İrandakı bahalaşmanın Azərbaycana da müəyyən təsirlərini istisna etmir. Deputat vurğulayıb ki, İran Azərbaycanın ticarət partnyorları sırasında yer alır: «İranla Azərbaycan arasında iqtisadi-ticari əlaqələr var. Son zamanlar İranla iqtisadi münasibətlər çox inkişaf edir. İran Azərbaycanda müəyyən müəssisələrin tikilməsində iştirakçıdır. Azərbaycan Astarası ilə İran Astarasını birləşdirən dəmir yolunun salınması prosesi gedir. Ölkəmiz bu layihəyə vəsait ayırıb. İrandan Azərbaycana müəyyən mallar gətirilir, eləcə də Azərbaycandan İrana müəyyən mallar ixrac olunur. Yəni, iki ölkə arasında müəyyən ticarət dövriyyəsi var».

V.Əhmədov hesab edir ki, İranda qiymətlərin sürətlə bahalaşması ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyalarla bağlıdır: «ABŞ İrana ciddi sanksiyalar tətbiq edib. Bunlar da İrana öz təsirini göstərməkdədir».

F.Mustafa
F.Mustafa

«Hakimiyyət daha çox maraqlı olmalıdır ki,...»

«Yeni Müsavat» qəzetində «Hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın» sərlövhəli yazı yer alır.

Bu yazıda deputat Fazil Mustafanın düşüncələri əks olunur.

Deputat qəzetə təəssüflə qeyd edib ki, getdikcə Azərbaycanda aqressiya artır. F.Mustafanın fikrincə, ilk növbədə, cəmiyyətin müəyyən problemlərinin vaxtında həll olunmaması ilə bağlı məsələlərə diqqət yetirmək lazımdır. Onun sözlərinə görə, hakimiyyətin bir sıra addımları vaxtında atması qarşı tərəfin arqumentlər sarıdan «tərksilah» olunmasına gətirib çıxara bilər. Deputat vurğulayıb ki, prezident Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan insanların ailələri ilə bağlı problemi həll edib (11 min manat müavinətin verilməsi-r): «Halbuki müvafiq qurumlar vaxtında bunu həll etsəydi, heç bu qədər ajiotaj da yaranmayacaqdı. Yaxud təqaüdçülər, iş yerləri ilə bağlı məsələlər var... Yüzlərlə tikinti obyektinin işinin dayanması problemləri var. Həmçinin, istehsalla bağlı problemlər mövcuddur. Artıq alqı-satqı, bazar dayanıb, ticarət yoxdur. Müəyyən maneələr, inhisarçı fəaliyyətlər imkan vermir ki, insanlar çörəkpulu qazansınlar. Çörəkpulu qazanmayan adam mütləq küçəyə çıxmalıdır. Yəni, ümid edir ki, bəlkə nə isə dəyişdi və mən çörək qazana bildim. Ona görə də, əslində hakimiyyət daha çox maraqlı olmalıdır ki, aqressiya azalsın».

Deputat hesab edir ki, bu məsələdə barışmaz müxalifətin də məsuliyyəti var: «Yəni, əslində müxalifətin elektoratı daha mədəni, daha səviyyəli davranmaqla iqtidarı islahatlar aparmağa məcbur etməlidir. Bütün hallarda bunu etmək, aqressiyanın tonunun müxalifət tərəfindən aşağı salınması, məncə, daha faydalı yoldur. Çünki bu oyun qaydaları iqtidardan çox, müxalifətə lazımdır. İqtidarın əlində dəyənək var, sənin əlində heç nə yoxdur... Ona görə də, müxalifət dəyənəyi işə salmağa bəhanə verəcək addımlardan çəkinməlidir».

İxracat
İxracat

Artan qeyri-neft ixracı

«Azərbaycan» qəzetində dərc edilən «70-dən çox ölkə, 3088 çeşiddə məhsul» sərlövhəli yazıda Azərbaycanın 2018-ci ildəki ixrac əməliyyatları dəyərləndirilib.

Müəllif 2018-ci ilə dair illik ixrac əməliyyatlarının istiqamətləri və strukturu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac İcmalı»nın 2019-cu ilin yanvar sayına istinadən məlumat verir.

Yazıda əvvəlcə ümumi şəkildə il ərzində ixracın daha 36 faiz artaraq 19 milyard dollara çatdığı bildirilir. 2018-ci ildə qeyri-neft sektoru üzrə ixracın 1 milyard 689 milyon dollar təşkil etdiyini qeyd edən müəllif 2017-ci illə müqayisədə bunun 151 milyon dollar və ya 10 faiz artdığını bildirir: «Ötən il ərzində Rusiyaya 619.2 milyon, Türkiyəyə 344.9 milyon, İsveçrəyə 135.4 milyon, Gürcüstana 124.5 milyon, Qazaxıstana 44.6 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib. 2017-ci illə müqayisədə 2018-ci il ərzində Rusiyaya qeyri-neft ixracı 12, Türkiyəyə 18, Qazaxıstana 36 faiz artıb».

Müəllifin bildirməsinə görə, 2018-ci ildə qeyri-neft ixracı 9.8, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 13.8, sənaye məhsullarının ixracı isə 6.2 faiz artıb. Yazıda habelə vurğulanıb ki, 2018-ci ildə Azərbaycandan 3088 çeşiddə məhsul ixrac edilib: «2018-ci ilin 12 ayında daxil olan ixrac sifarişlərinə görə top 10 məhsul - pambıq, pambıq yağı, alma, pomidor, toyuq əti, yumurta, şərab, nar, tütün, soğan».

XS
SM
MD
LG