Venesuelada dövlət təhlükəsizlik qüvvələrinin yol verdiyi zorakılıq ölkədə qətllərin statistikanın yüksəlməsinə kömək edib. “Reuters” agentliyi bu statistikanın dünyada öndə yer aldığını yazır.
2010-2017-ci illərdə polis və ordunun törətdiyi qətllərin sayı 4 faizdən 27 faizə yüksəlib. Bunu Venesuela Mərkəzi Universitetinin kriminologiya professoru Keymer Avila deyir və ötən il göstəricinin daha da artdığını bildirir.
Nicolas Maduro hökuməti əvvəllər yoxsul ərazilərə əsgərlər göndərirdi. 2015-ci ildə Xalq Azadlıq Əməliyyatlarının məqsədinin kriminalları təmizləmək olduğu bildirilirdi. Amma insan haqları qrupları və sakinlər bu əməliyyatlar nəticəsində məhkəmədən kənar qətllərin sayının artdığını deyirlər.
İnsan haqları qruplarının bildirməsinə görə, Maduro 2017-ci ildə Dövlət Polisinin Xüsusi Əməliyyat Qüvvəsini (FAES) yaradandan narahatlıq daha da artıb.
Çin və Rusiya silahları ilə təchiz olunmuş 1300 zabitin son altı ay ərzində xüsusi təhqiqat aparılmadan yoxsul məhəllələrdə 100-dən artıq adamı qətlə yetirdiyi bildirilir. Bunu Provea yerli insan haqları qrupu yanvarın 26-da açıqladığı hesabatda qeyd edir.
Hazırda Maduro ABŞ sanksiyalarına rəğmən hakimiyyətini saxlamağa çalışır. Qərb dövlətlərinin çoxu müxalifət lideri Juan Guaido-nu dəstəkləyir. FAES isə Maduro hökumətinə sadiqliyi elan edib.
Venesuelanın baş prokuroru Tarek Saab cümə günü bildirib ki, hökumət özbaşına həbs, məhkəmədən kənar edam həyata keçirən rəsmilərlə bağlı təhqiqat aparacaq. O, etirazçıları öldürdüyünə görə bir neçə polis əməkdaşının həbs olunduğunu da sözlərinə əlavə edib. Amma FAES üzvlərindən saxlanan olmadığını deyib.
Papa BƏƏ-də səfərdədir
Bu gün – fevralın 4-də Papa Francis-in Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tarixi səfəri başlanır. O, ölkə başçısı, bir qrup müsəlman liderlə görüşdən sonra xristianlar qarşısında ayin gerçəkləşdirəcək.
“The Associated Press” agentliyi yazır ki, sabah – fevralın 5-də Papa ayininə 135 min dindarın yığışacağı gözlənir ki, bu, xristian inancının Ərəbistan yarımadasında indiyədək görünməmiş bir formada göstərisidir.
Francis əmirliyin paytaxtına bazar günü axşam çatıb, Əbu Dabinin nüfuzlu vəliəhd şahzadəsi şeyx Mohammed bin Zayed Al Nahyan tərəfindən qarşılanıb.
Bazar günü Francis Vatikandan etdiyi qəfil müraciətində Yəməndə məhdud atəşkəsə əməl olunmasına, adamlara ərzaq və dərman çatdırmağa səsləyib. Yəməndə dünyanın ən pis humanitar böhranının yaşandığı bildirilir.
BƏƏ Yəmən müharibəsində Səudiyyə Ərəbistanının əsas müttəfiqidir. Görünür, papa belə bir müraciəti səfərdən öncə etməklə regiona səfəri zamanı müharibənin humanitar fəsadlarını açıq şəkildə pisləməklə ev sahiblərini utandırmaq istəməyib
Dinin xoşbəxtliklə əlaqəsi
Dini toplantılara fəal qatılanlar daha xoşbəxt olurlar, cəmiyyətə daha çox qaynayıb qarışırlar, nəinki dinə inanmayanlar, heç bir dini qrupa üzv olmayanlar. Bunu Pew Araşdırma Mərkəzi Birləşmiş Ştatlar və 20-dən artıq digər ölkədə keçirdiyi sorğu nəticəsində üzə çıxarıb.
Dini baxımdan fəalların az siqaret çəkdiyi, az içdiyi də bəlli olub. Amma idmanla məşğulluq, köklük göstəricilərinə görə onların daha sağlam olmasını söyləmək olmaz. Di gəl, bir çox ölkələrdə qatı dindarlar sağlıq durumlarının da əla olduğunu söyləyib. Bircə Birləşmiş Ştatlar istisnadır.
Pew tədqiqatçıları fərdi və ictimai rifahın səkkiz indikatoruna dinin müsbət, mənfi, yaxud qarışıq təsirini öyrənməyə çalışıb. Bu hesabatda daha çox respondentlərin özlərinin xoşbəxtliyini necə dəyərləndirməsi öyrənilib.
Təhlil Birləşmiş Ştatlarda və dünyanın bir çox ölkələrində dini icmada ardıcıl iştirakın özünü daha artıq xoşbəxt hiss etməklə, cəmiyyətə qaynayıb-qarışmaqla aşkar əlaqəsini üzə çıxarıb. Seçkiyə getmək, icma qruplarına, digər könüllü təşkilatlara qoşulmaq da bu sıradadır.
Buradan belə bir nəticə çıxır ki, Birləşmiş Ştatlar kimi dini fəaliyyətin azalmaqda olduğu cəmiyyətlərdə şəxsi və ictimai rifahın iflas riski var.