Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Azərbaycan 'dayanan məzənnə'yə keçib-Media icmalı


Dollar
Dollar

Azərbaycanda məzənnə siyasəti, gəncliyin vəziyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Manat «üzmür»

Marja.az saytında «Azərbaycan «dayanan məzənnə» rejiminə keçib» sərlövhəli yaz yer alır.

Yazıda Azərbaycan Mərkəzi Banının ( AMB) rəhbəri Elman Rüstəmovun ötən həftə keçirdiyi mətbuat konfransında səsləndirdiyi bir sıra fikirləri təhlil edilib. Müəllif əvvəlcə ondan sitat gətirib. «Azərbaycanda devalvasiya haqqında danışmaq qeyri-ciddidir. Cari ildə Azərbaycanda makro-iqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var», - deyə AMB sədri vurğulayıb.

Müəllif yazıb ki, diqqəti çəkən məqam Mərkəzi Bankın sədrinin «dayanıqlı məzənnə» ifadəsi işlətməsi olub. «Elman Rüstəmov bildirdi ki, 2019-cu il və ortamüddətli (1 ildən 3 ilə qədər) dövr üçün bütün parametrlər (makroiqtisadi sabitlik, yeni büdcə qaydaları və aşağı inflyasiya) dayanıqlı məzənnə ideologiyası üzərində qurulub».

Müəllifin fikrincə, E.Rüstəmovun sözlərindən belə çıxır ki, Azərbaycan «dayanan məzənnə» rejiminə keçib. «Əgər məzənnə hərəkətə gələrsə, makroiqtisadi sabitlik pozula, o cümlədən inflyasiya yüksələ bilər», - yazıda qeyd edilir.

Müəllif daha sonra da xatırladıb: «Bir neçə il öncə Mərkəzi Bank Azərbaycanın «üzən məzənnə» rejiminə keçdiyini açıqlamışdı… Daha sonra Mərkəzi Bankın sədri məzənnə rejimi barədə ifadəni dəyişərək, Azərbaycanda «tənzimlənən üzən məzənnə» rejiminin olduğunu açıqlamışdı».

Müəllif hesab edir ki, əhaliyə və iş dünyasına məzənnə siyasəti tam aydın olmalıdır: «Məzənnə rejiminin «üzən», «tənzimlənən üzən», yoxsa «sabit» olduğu dəqiq bəyan edilməlidir. Əhali üçün «Neftin qiyməti yüksək, tədiyyə balansımız profisitli və Neft Fondunun transfertləri olduğundan dollar bahalaşmayacaq» şəkilində açıqlama vermək tam doğru deyil. Makroiqtisadi sabitlik, məzənnə üçün bütün risklər səmimi etiraf edilməlidir. Elman Rüstəmov çıxış etdikdə, çoxları «bu adam danışırsa, yenə dollar bahalaşacaq» şəkilində düşünür…».

Çayxanada keçən gənclik
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Gənclərin arzuları...

Azadliq.info saytında «Gənclərin günü» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkə gəncliyinin vəziyyətini gündəmin müzakirəsinə daşıyır.

Yazıda vurğulandığına görə, uzun illərdir ki, gənclərə qayğıdan danışırlar və xüsusən də son günlər bütün telekanallar, hökumətə yaxın mətbuat gənclərin Azərbaycanda problemsiz həyat sürməsindən bəhs edirlər.

Müəllifin fikrincə, fevralın 2-si Gənclər Günü kimi qeyd olunduğundan son günlər bu mövzuda təbliğat gücləndirilib (1997-ci ildən fevralın 2-si Azərbaycan Gəncləri Günü kimi qeyd olunur-red).

Müəllif iddia edir ki, ölkədə real mənzərə isə fərqlidir: «Xaricə mühacirət edənlərin, şərlənərək həbs olunanların, ali təhsilli işsizlərin siyahısına baxanda gənclərin üstünlük təşkil etdiyini görürük. Vəzifə kürsüsündə oturanların yaşına nəzər salanda da «qocalar evi»nin təntənəsini görürük. Yəni, bu ölkədə gənclərin günü yoxdur».

Müəllif bir çox gənclərin mövcud arzularına toxunmağa çalışır: «Gənclik arzuları kredit borcunu ödəyə bilməkdən, təhsil haqqını tapa bilməkdən, ölkədən qaça bilməkdən, az rüşvətlə ev tikə bilməkdən ibarətdir. Qanunların pas atdığı, milyardların talan edildiyi, yaltaqlığın karyera pilləkəni olduğu ölkədə gənclərin günü necə olmalıdır?».

Müəllif hesab edir ki, insan insan kimi yaşamalıdır: «Bu ölkədə minlərlə gənci vətəndaş kimi yox, troll kimi yetişdirirlər. Minlərlə gəncə qürurlu olmaq yox, yaltaq olmaq tövsiyə edilir».

Əllərində heç bir sərmayə olmadan animasiya biznesi quran gənclər
Gözlə

No media source currently available

0:00 0:02:25 0:00

«Gəncliyin dostu»

«Azərbaycan» qəzetində «İlham Əliyev gəncliyin ən böyük dostu və himayədarıdır» sərlövhəli yazı dərc edilib.

Bu yazıda isə ölkədə gənclərin vəziyyəti tamam fərqli dəyərləndirilir.

Müəllif yazıb ki, öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər Azərbaycan prezidentinin ən böyük dəstəkçisi, onun siyasətinin davamçılarıdırlar.

Yazının girişində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında prezident İlham Əliyevin çıxışından sitat təqdim edilir: «Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik».

Yazıda vurğulanıb ki, hazırda Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi öz sözünü deyir. Müəllifin fikrincə, elmi-texniki tərəqqinin sürətli inkişafı dövründə elə bir sahə tapılmaz ki, orada gəncliyin izi görünməsin: «Gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində böyük inamla irəliləyir. Zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Dövlət başçısının söylədiyi kimi, gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır».

Müəllif daha sonra da yazıb ki, Azərbaycan dövləti ölkə gənclərinə hərtərəfli qayğı və diqqət göstərdiyi kimi, gənclər də dövlətin etimadını hər addımda doğrultmaqdan ötrü əllərindən gələni əsirgəmirlər.

XS
SM
MD
LG