Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:20

Huawei ticarət müharibəsində girovdurmu – Qərb mediası


Pekində ticarət mərkəzi üzərində Huawei-nin nişanı və təhlükəsizlik kamerası
Pekində ticarət mərkəzi üzərində Huawei-nin nişanı və təhlükəsizlik kamerası

Çinin telekommunikasiya nəhəngi Huawei-nin baş maliyyə rəsmisi dekabrın 1-də Kanadada Birləşmiş Ştatların xahişilə saxlanıb. Yanvarın 11-də isə Polşa rəsmiləri şirkət əməkdaşının casusluq ittihamları ilə həbs olunduğunu bildirib. Yanvarın 28-də ABŞ Ədliyyə Departamenti şirkəti İrana sanksiyaları pozmaqda və texnologiya oğurluğunda ittiham edir. “Foreign Affairs” dərgisində Robert Williams bütün bunların Vaşinqtonla Pekin arasındakı 90 günlük müvəqqəti barışıq dövrünə düşməsinə diqqət çəkir.

ABŞ Prezidenti Donald Trump-ın xanım Meng-dən danışıqlarda alver predmeti kimi istifadə edə biləcəyi eyhamı Çin rəsmilərini qəzəbləndirdi. Pekin buna dərhal reaksiya verdi, cavab addımı kimi iki kanadalını saxladı.. Bir neçə həftə sonra üçüncü kanadalı narkotik qaçaqçılığı ittihamıyla ölümə məhkum edildi...

Trump-ın ehtiyatsız tvitinə baxmayaraq, Meng-in həbsinin Vaşinqtona Pekinə əlavə təzyiq rıçağı verəcəyi inandırıcı görünmür. O, sanksiya pozuntularından dolayı fırıldaq ittihamları ilə həbs olunub, Birləşmiş Ştatların Huawei-yə qarşı cinayət araşdırması isə ABŞ-Çin ticarət danışıqlarından xeyli əvvəl başlanıb. Meng girov deyil; onun saxlanması qanuni hüquq mühafizəsi aktıdır.

Meng Wanzhou
Meng Wanzhou

Huawei-nin sıxışdırılması və Vaşinqton- Pekin ticarət müharibəsinin fundamental əlaqəsi Qərb ölkələri ilə Çin arasında artan gərginlik və inamsızlıqdan qaynaqlanır – texnologiya, iqtisadi siyasət və milli təhlükəsizlik məsələlərində. Bunun arxasında isə Çinin Kommunist Partiyasının ölkənin özəl sektoruna nəzarətinin Çin şirkətlərinin dövlətdən müstəqil çalışa bilməməsi sarıdan qorxu dayanır”, – müəllif yazır.

Trump çinli həmkarı ilə görüşəcəyini deyir

ABŞ Prezidenti Donald Trump dünən – yanvarın 31-də deyib ki, hərtərəfli ticarət razılaşması əldə etməkdən ötrü tezliklə çinli həmkarı Xi Jinping-lə görüşəcək. Bu haqda "Reuters" xəbər verir.

Trump Ağ evdə Çin Baş nazirinin müavini Liu He ilə görüş zamanı deyib ki, dünyanın iki böyük iqtisadiyyatının “indiyədək görünməmiş ən böyük saziş” əldə edə biləcəyi barədə nikbin düşünür.

Robert Lighthizer (sağda) və Liu He
Robert Lighthizer (sağda) və Liu He

Çinin ticari nümayəndə heyəti ikigünlük danışıqlarda “vacib irəliləyiş” əldə olunduğunu bildirib.

Xi ilə görüşə dair konkret planlar açıqlanmasa da, Trump birdən artıq görüşün keçirilə biləcəyini vurğulayıb. Birləşmiş Ştatların Ticarət təmsilçisi Robert Lighthizer və maliyyə naziri Steven Mnuchin danışıqları aparan komandayla birlikdə fevralın ortasına Pekinə dəvət olunub.

Birləşmiş Ştatlar ticarət müharibəsində barışıq əldə etməyə çalışırlar. Ötən il tərəflər bir-birinin milyardlarla dollarlıq məhsuluna rüsum qoyub.

ABŞ 2017-ci ildə Çinə 31,7 milyon ton soya məhsulu satmışdı, ötən ilin ikinci yarısında satış xeyli azalıb.

Çinin nümayəndə heyəti bəyanatında bildirir ki, Birləşmiş Ştatlardan kənd təsərrüfatı, enerji xidməti, sənaye məhsulları idxalını genişləndirəcək.

AB Ukraynaya görə Rusiyaya təzyiqi artırır

Avropa ukraynalı dənizçilərin buraxılmasından ötrü Rusiyaya təzyiqi artırır.

AB-nin Rusiyadakı səfiri Markus Ederer yanvarın 30-da Rusiya xarici işlər nazirinin müavini Aleksandr Grushko ilə görüşündə deyib ki, “Rusiyanın 24 ukraynalı dənizçini dərhal və qeyd-şərtsiz buraxmasını gözləyirik”.

Ukraynalı dənizçilər
Ukraynalı dənizçilər

AB həmçinin Rusiyanın Kerç boğazında və Azov dənizindən gəmilərin maneəsiz və azad hərəkətini təmin edəcəyini gözləyirik, Ederer deyib.

Rusiya dənizçiləri noyabrın axırında saxlayıb, onların barəsində həbs qətimkan tədbiri seçilib.

Moskva isə bu çağırışlara standart cavab verir. Kremlin sözçüsü Dmitry Peskov “Rusiya ilə Ukrayna arasında heç müharibə getmir” deyə vurğulayıb.

“EU Observer” portalında Andrew Rettman yazır ki, Ukraynanın təhlükəsizlik rəsmiləri Rusiyanın Ukraynada prezident seçkisi öncəsi durumu qızışdırıcağından, qərbpərəst namizədlərə ziyan vurmağa çalışacağından narahatdır.

“Seçkidən öncə cəbhə xəttində gərginləşmə gözləyə bilərik”, – Ukraynanın şərqində quru qüvvələrinin komandiri, general leytenant Serhiy Nayev portala deyib.

Onun sözlərinə görə, belə bir fəaliyyət “Ukraynanın Qərbə doğru irəliləməsini önləməkdən ötrü seçicilərin seçiminə təsir göstərmək” məqsədilə edilə bilər.

“Rusiya münaqişəni işə sala bilər... adamlar müharibədən yorulduğundan indiki hakimiyyətin reytinqi düşə bilər”, – bunu isə Ukrayna xarici kəşfiyyat xidmətinin rəhbəri Yehor Bozhok deyib.

Ukraynada martda keçiriləcək prezident seçkisinə iki əsas namizəd – indiki prezident Petro Poroshenko və keçmiş baş nazir Yulia Tymoshenko ölkənin AB və NATO-ya üzvlüyünün açıq şəkildə dəstəkləyir.

XS
SM
MD
LG