Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:35

'34 ton mal əti at əti ilə qarışdırıldığından geri qaytarılıb'-Media icmalı


Ət
Ət

Qida təhlükəsizliyi, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» ətrafında müzakirələr və başqa məsələlər medianın aparıcı mövzularındandır...

At əti mal ətinə qarışanda…

«Yeni Müsavat» qəzetində «QTA rəhbəri açıqladı: Yediyimiz toyuqları buzladırlar ki...» sərlövhəli yazı yer alıb.

Yazıda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sədri Qoşqar Təhməzlinin yanvarın 31-də keçirdiyi mətbuat konfransında dilə gətirdiyi bəzi fikirlərə yer verilib.

Sədr bəzi istehsalçıların qanunsuz əməlləri barədə danışıb. O bildirib ki, ölkədə quşçuluq sahəsi ilə məşğul olan sahibkarlar bəzən süni şəkildə toyuğun çəkisini artırırlar: «Dondurulmuş quş ətinin nəmlik faizi 4 olmalıdır. Lakin bəzi işbazlar nəmlik faizini 22-24-ə qaldırırlar. Bu da öz növbəsində istehlakçının aldadılmasına gətirib çıxardır. Hazırda AQTA bu sahəyə ciddi nəzarət edir. Ötən ilin iyul-dekabr ayları ərzində qida təhlükəsizliyi sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində plandankənar 148 yoxlama keçirilib. 6 ay ərzində sanitar-gigiyena ekspertizası zamanı 93 inzibati tənbeh qərarı qəbul edilib. 25 zərərsizləşdirmə tədbirlərinə qərar verilib».

Q.Təhməzli vurğulayıb ki, qida zəhərlənməsi ilə bağlı 168 müraciət qeydə alınıb, bunun da 77-si öz təsdiqini tapıb: «Nəticədə 187 nəfər zəhərlənməyə məruz qalıb. Botulizm zəhərlənməsi hadisəsi 14 olub ki, 1 nəfər dünyasını dəyişib».

AQTA sədri bildirib ki, ötən il Ukraynadan Azərbaycana gətirilən 34 ton mal əti at əti ilə qarışdırıldığından geri qaytarılıb.

O, həmçinin qeyd edib ki, ötən ilin iyul-dekabr ayları ərzində baytarlıq sahəsində həyata keçirilən nəzarət tədbirləri nəticəsində 1315 infeksion və invazion xəstəliklər aşkarlanıb: «Baytarlıq sanitariya ekspertizası zamanı 30 ton bal dövriyyədən çıxarılıb...».

Bakıda, yoxsa regionda iş tapmaq daha asandır
Gözlə

No media source currently available

0:00 0:00:48 0:00

«Fiasko»

Azadliq.info saytında «Regionların inkişaf proqramı fiaskoya uğradı» sərlövhəli yazı oxumaq olar.

Yazının müəllifi, kənd təsərrüfatı mütəxəssisi Vidadi Məhərrəmli yeni başa çatan «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nı dəyərləndirib. O hesab edir ki, hakimiyyət yenə də xalqı aldatmaqla məşğuldur. Onun fikrincə, dövlət proqramı tam fiaskoya uğrayıb.

V.Məhərrəmli vurğulayıb ki, proqram müddətində milli valyuta 2.16 dəfə dəyərini itirib: «Manatın kəskin şəkildə devalvasiyaya uğraması iqtisadiyyatın bütün sahələrinə öz mənfi təsirini göstərmişdir. Dövlət Proqramının qəbulundan əvvəl, 2013-cü ildə əhalinin orta nominal əməkhaqqı 542 dollar təşkil etdiyi halda, 5 il keçdikdən sonra, 2018-ci ildə 224 dollar azalaraq 318 dollara düşmüşdür».

Ekspert vurğulayıb ki, bu müddət ərzində əməkhaqqının kəskin şəkildə azalması ilə yanaşı, ərzaq və gündəlik tələbat mallarının qiymətlərində ciddi bahalaşma müşahidə olunub. Onun qeyd etməsinə görə, bəzi müəssisələr fəaliyyətini dayandırıb, yeni işsizlər yaranıb: «Bu müddət ərzində kənd təsərrüfatı və emal sahəsinə ayrılan kredit resurslarının miqdarı manatla 2 dəfə, dollar ifadəsi ilə 4 dəfə azalıb. Belə ki, bu sahəyə ayrılan kredit resurslarının həcmi 2014-cü ildə 1 milyard 80 milyon dollar olduğu halda, 2017-ci ildə 257 milyon dollar təşkil edib».

İ.Əliyev Qax-Zaqatala yolunun açılışında
İ.Əliyev Qax-Zaqatala yolunun açılışında

«Uğurlu regional inkişaf modeli»

«Azərbaycan» qəzetində «İlham Əliyevin uğurlu regional inkişaf modeli» sərlövhəli yazıda isə Azadliq.info saytında haqqında bəhs edilən dövlət proqramı fərqli şəkildə qiymətləndirilir.

Müəllif vurğulayıb ki, icrası başa çatan dövlət proqramı çərçivəsində (2014-2018-ci illərdə) regionların inkişafına ümumilikdə 24.2 milyard manat vəsait yönəldilib.

Yazıda qeyd edilib ki, yanvarın 29-da həmin dövlət proqramının icrasının yekunlarına aid konfransda prezident İlham Əliyev bir daha uğurları dəyərləndirib. Amma bu yazıda son 5 ilin yox, ümumilikdə regionlarin inkişafına dair ilk proqramın icrasına başlandığı 2004-cü ildən keçən 15 il dəyərləndirilir: «Dövlət proqramının icrasının təmin edildiyini vurğulayan dövlət başçısı son 15 il ərzində Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişaf etdiyini söylədi. Yalnız bir fakta nəzər yetirək. 15 ildə ümumi daxili məhsulun 3.3 dəfə artması dünya miqyasında rekord göstəricidir. Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, Azərbaycan son 15 il ərzində çox uğurla inkişaf edib. Artan iqtisadi imkanlar dövlətin sosial məsələlərə də böyük diqqət yetirməsinə real imkanlar yaradıb».

Yazıda prezidentin özündən də sitat gətirilib: «Son 15 il ərzində Azərbaycan xalqı əmin-amanlıq şəraitində yaşayır. Azərbaycan xalqı rahat yaşayır, qurur, yaradır. Hesab edirəm ki, hər bir vətənpərvər insan öz ölkəsi ilə, bugünkü Azərbaycan ilə haqlı olaraq fəxr edə bilər».

XS
SM
MD
LG