Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Breksit nə yerdədir – Qərb mediası


Britaniya parlamenti qarşısında etiraz aksiyası
Britaniya parlamenti qarşısında etiraz aksiyası

Hazırda Britaniyanın Baş naziri Theresa May Avropa Birliyindən çıxmaqla bağlı Breksit sazişi üzrə danışıqları yenidən başlamağa çalışır. Parlament İrlandiyayla sərhədin açıq saxlanmasını nəzərdə tutan maddənin dəyişdirilməsinə səs verib. Bu, May üçün qələbə sayılır, çünki özünün Mühafizəkarlar Partiyasında Breksit tərəfdarları və AB-də qalmaq istəyənləri birləşdirməyə nail olub. Axı, cəmi iki həftə öncə deputatlar yekdilliklə Breksit sazişinə qarşı səs vermişdilər.

Di gəl, AB liderləri razılaşmanın yenidən danışıqlara açılmayacağını deyir və bu səbəbdən May-in uğur qazanmaq şansı elə də böyük görünmür.

“The Associated Press” agentliyi yazır ki, May razılaşmaya dəyişikliklər olunarsa, parlamentin dəstəyini qazanacağını düşünür. Bir neçə günə o, Brüsselə gedəcək, blokdan kömək istəyəcək. Baş nazir söz verib ki, fevralın 13-də parlamentə qayıdacaq – ya razılaşmanın dəyişilmiş mətni ilə, ya da növbəti planlarına dair bəyanatla.

Theresa May
Theresa May

Britaniya martın 29-dək AB-dən çıxmalıdır. Əgər indiki razılaşma qüvvədə qalarsa, çox az şey dəyişəcək. Britaniya keçid dövründə AB qaydaları və qurumları çərçivəsində qalacaq, ta o vaxtadək ki yeni ticarət münasibəti qüvvəyə minsin.

Heç bir razılaşma olmazsa, AB ilə mövcud ticarət razılaşmaları bir gecəyə əriyib yox olacaq. Bir çox şirkətlər iqtisadi xaos, ərzaq və digər vacib ləvazimatlar qıtlığı yarana biləcəyini deyiblər.

Parlamentin bir çox üzvləri birliyi sazişsiz tərk etməyin əleyhinədir. Bu həftə sazişsiz Brekstin istisna olunduğu qətnamə də təsdiqlənib. Amma bu səsvermənin hüquqi qüvvəsi yoxdur.

ABŞ-Çin münasibətlərinin 40 illiyidir

2019-cu ilin yanvarında Çin Xalq Respublikası ilə Birləşmiş Ştatların münasibətlərinin normallaşmasının 40-cı ildönümü tamam oldu. Karnegi Fondunun çinli və amerikalı alimləri ikitərəfli münasibətlərin indiki durumunu dəyərləndirib.

ABŞ-Çin ticarət danışıqları
ABŞ-Çin ticarət danışıqları

Douglas H. Paal münasibətin struktur baxımından dəyişdiyini deyir. Çin böyük dövlət statusunu bərpa edib, amma Birləşmiş Ştatlar hələ də Pekinlə qarşılıqlı münasibətlərinə konseptual baxımdan yenidən baxa bilməyib. Alimin fikrincə, bu, baha başa gələ bilər, amma iki ölkə öz maraqlarını qorumaqla yanaşı bir-birinin ətrafında dövr edə bilməlidirlər. Burada əsas sual onların bunu necə edəcəyidir.

“Ən vacib məsələlər ölkələr arasındakı dərin fikir ayrılıqları ilə bağlıdır. Bir çox müşahidəçilər açıq-aşkar görürlər ki, Çinin avtoritarizmə qayıdışı çıxmaz durumdur və ABŞ-ın siyasi sistemi qurulduğu kimi fəaliyyət göstərmir.

Böyük dövlətlər öz səhvlərinə görə deyil, böyük rəqiblərinin etdikləri ucbatından çökürlər. Birləşmiş Ştatlar və Çin bir-birinin timsalında özlərinə rəqib yaradırlar. Bu, yaxşı istiqamət deyil, amma şirkətlər və universitetlər kimi adətən birgə işləməyi təşviq edən islahedici qüvvələr bunu önləmək iqtidarında deyil”, – o deyir.

Tong Zhao isə iki ölkənin təhlükəsizlik münasibətinin heç vaxt birbaşa olmadığını söyləyir. Onun sözlərinə görə, ticarət və iqtisadi əməkdaşlıq kimi ənənəvi müsbət aspektlərdən fərqli olaraq, təhlükəsizlik əlaqələrinin kökündə dərin inamsızlıq dayanır.

“Hətta rəsmi münasibət yaranandan sonra, 1980-ci illərdəki qısa bal ayı ərzində Vaşinqtonda Pekinin bir-birinə qarşılıqlı şübhələri dərin təhlükəsizlik narahatlığını ortaya çıxarmışdı.

İndi ticari əlaqələr pisləşdikcə, təhlükəsizlik əlaqələri də rəqabət tonu alır. Sakit okeanının hər iki tərəfindəki liderlər bu qızışdırıcı durumu necə həll etməyi, onun fəsadlarını necə önləyəcəklərini bilmirlər”, – Zhao bildirir.

Pekində tacir
Pekində tacir

Çinlilər Yeni ilə hazırlaşır

Milyonlarla çinli Ay təqvimi ilə yeni ilə hazırlaşır, bayrama görə böyük şəhərləri tərk edir, doğma yurdlarına qayıdır. “Frans Pres” agentliyi bunu ən böyük illik miqrasiya adlandırır.

Axı, bu bayramda ailələr birlikdə olmalıdırlar. Bu səbəbdən çinlilər bazar ertəsi öz evlərində olmalıdırlar ki, ertəsi günü sarı donuz ilini qarşılasınlar.

Agentlik çərşənbə günü Pekin dəmiryolu vağzalında minlərlə adamın sərt soyuqda yüküylə birlikdə səyahətə yollandığını yazır.

Pekindən Hunan vilayətinə 32 saat çəkəcək yola hazırlaşam çinlilər mobil telefonları ilə baş qatır, çay içirlər.

Bayram mövsümündə dəmiryolu operatorlarının 413 milyon səyahətçini yola salacağı gözlənir, bu, ötənilkindən 8,3 faiz çoxdur.

XS
SM
MD
LG