Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:47

Taliban ‘hakimiyyətdə monopoliya’ istəmədiyini deyir


Kabil yaxınlığındakı qaçqın düşərgəsində əfqan uşaq
Kabil yaxınlığındakı qaçqın düşərgəsində əfqan uşaq

Hazırda Əfqanıstanın demək olar yarısına nəzarət edən Taliban rəsmisi deyir ki, qruplaşma ölkəni təkbaşına idarə etmək istəmir, gələcək hökumətdə mövcud qurumlarla yanaşı yer almaq istəyir.

Talibanın sözçüsü Suhail Shaheen-in yanvarın 30-da verdiyi bu bəyanat qeyri-adi dərəcədə barışdırıcı sayılır. Görünür, məqsəd bu yaraqlı qruplaşmanın olduğu istənilən sülh sazişinə qarşı çıxan əfqan liderlərinin narahatlığını azaltmaqdır.

ÖZ HƏMVƏTƏNLƏRİ İLƏ BİRGƏ...

Shaheen “The Associated Press” agentliyinə deyib ki, Taliban öz həmvətənləri ilə “inklüziv əfqan dünyasında” yanaşı yaşamaq istəyir.

Taliban 2001-ci ilədək Əfqanıstanda hakimiyyətdə olub. Birləşmiş Ştatlarda həmin ilin sentyabrında törədilmiş terror hücumlarından sonra Al-Qaeda terrorçularına dəstəyi dayandırmaqdan imtina edincə, Birləşmiş Ştatlar onu hakimiyyətdən devirib.

Talibanın Dohadakı ofisi
Talibanın Dohadakı ofisi

1996-cı ildə hakimiyyətə gəlmiş Taliban liderləri ölkədə sərt şəriət qanunları tətbiq etmiş, qadınları, qızları təhsil almaq, işləmək hüququndan məhrum etmiş, sosial fəaliyyətə hücuma keçmişdi. Beynəlxalq təşkilatlar qruplaşmanı insan haqları pozuntularında ittiham edirdi.

Hazırda ABŞ-ın xüsusi təmsilçisi Zalmay Khalilzad Qətərdə Taliban yaraqlıları ilə danışıqlar aparır. Qruplaşma indiyədək Kabil hökuməti ilə danışıqlardan imtina edib, sülh sazişinə razılıq verməzdən öncə xarici qüvvələrin ölkədən çıxarılmasını tələb edir.

Taliban və Khalilzad Qətər danışıqlarında irəliləyiş əldə olunduğunu, sülh çərçivəsinə doğru “prinsipcə razılaşma”ya çatıldığını vurğulayıb.

“...QARDAŞ KİMİ YAŞAMAQ”

Shaheen bəyanatına deyib ki, Taliban “hakimiyyətdə monopoliya”ya can atmır. Bir çox müşahidəçilər bu bəyanatın Khalilzad-a danışıqlarda Əfqanıstan rəhbərliyinin dəstəyini qazanmaqdan ötrü manevr imkanı verəcəyini deyirlər.

Zalmay Khalilzad
Zalmay Khalilzad

“İşğal bitincə əfqanlar keçmişi unutmalı, bir-birinə dözümlü yanaşmalı, qardaş kimi həyata başlamalıdırlar. Xarici qüvvələr çıxandan sonra biz hakimiyyətdə monopoliya istəmirik”, – Shaheen deyib.

O, Khalilzad-la danışıqların növbəti raundunun fevralın 25-də Dohada keçiriləcəyini sözlərinə əlavə edib.

Bu arada Talibanın ötən il Əfqanıstanda nəzarət etdiyi əraziləri genişləndirdiyi xəbər verilir.

Əfqanıstanın Yenidənqurulması üzrə Xüsusi Baş Müfəttiş (ingiliscə SIGAR) yanvarın 30-da bildirib ki, hazırda Kabil hökuməti ölkə ərazisinin 54 faizinə nəzarət edir. Bir il öncə bu rəqəm 64 faiz idi.

Talibanın daxilində isə ədavətlər qalmaqdadır. Əfqan rəsmiləri ötən il bildirmişdilər ki, ölkənin qərbində ayrı-ayrı Taliban fraksiyaları arasında toqquşmalarda onlarla yaraqlı öldürülüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG