Beş böyük nüvə dövlətinin diplomatları bu gün Pekində görüşürlər. Bu arada Birləşmiş Ştatlar Rusiya və Çindən nüvə proqramları ilə əlaqədar şəffaflıq tələb edib.
Yanvarın 30-da başlanan ikigünlük konfransın məqsədi nüvə silahlarının yayılmasını önləməkdir. Toplantıya Pekin, Moskva, Vaşinqton, London və Parisdən diplomatlar qatılır.
Britaniya, Çin, Fransa, Rusiya və ABŞ BMT-nin Təhlükəsizlik Şurasının beş daimi üzvüdürlər və hamısının da nüvə silahı var.
Bu görüş vaxtilə Birləşmiş Ştatlarla Sovet İttifaqı arasında imzalanmış silahlara nəzarət sazişinin – Ortamənzilli Nüvə Qüvvələri (INF) Sazişinin iflas ərəfəsində olduğu bir vaxtda keçirilir.
ABŞ Dövlət katibinin müavini Andrea Thompson konfransda açılış nitqində deyib ki, Nüvə Silahlarının Yayılmaması Sazişi (NPT) çərçivəsində şəffaflığın artırılması cəhdləri “ardıcıl nəticələr” vermir.
“MƏLUMATLAR ARASINDA FƏRQ BÖYÜKDÜR”
“Daha öncə məlumatvermə formatı yaratmağa razılaşmışdıq, amma Birləşmiş Ştatlar, Rusiya və Çinin verdiyi məlumatlar arasında fərq böyükdür”, – Thompson deyib.
1987-ci ildə imzalanmış INF sazişi isə 500-5 min 500 kilometri vura bilən qanadlı və ballistik raketlərin hazırlanmasını, sınaqdan keçirilməsini və yerləşdirilməsini qadağan edir. Vaşinqtonla NATO Rusiyanı 9M729 qanadlı raketi hazırlamaqla bu sazişi pozmaqda suçlayır.
Moskva isə həmin raketin sazişi pozmadığını deyir, əksinə, Birləşmiş Ştatları yeni silah yarışına başlamaqdan ötrü bu paktdan çıxmaq istəyində suçlayır.
Vaşinqton bildirib ki, Rusiya sazişə əməl etməsə, fevralın 2-dən sazişdən çıxmaq prosesinə start veriləcək.
ABŞ Prezidenti Donald Trump da Vaşinqtonun ikitərəfli sazişlə məhdudlaşdırıldığını deyir, amma Çin kimi nüvə silahlı ölkələrinin durumunun belə olmadığını əsas gətirir.
Bu ayın əvvəlində Rusiya və ABŞ diplomatlarının Cenevrə danışıqları nəticəsiz bitib.
Pekin toplantısında Rusiyanın xarici işlər nazirinin müavini Sergei Ryabkov “birtərəfli münasibətlərin genişlənməsini” nüvə silahlarının yayılmasına təhdid adlandırıb.
“Bir çox məsələlər siyasi iradə olmadığından həllini tapa bilmir”, – deyən Ryabkov beş NPT dövləti arasında “qarşılıqlı inam çatışmazlığı”nın olduğunu vurğulayıb.
Konfrans çərçivəsində Ryabkov və Thompson-un INF çıxmazını da müzakirə edəcəyi gözlənir.