Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:17

Dünyada korrupsiyanın sürətinə görə 'çempion' - Media icmalı


V.Bayramov
V.Bayramov

Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası, vergi qanunvericiliyinə dəyişikliyin sahibkarlıq subyektlərinə təsiri, korrupsiya indeksində Azərbaycanın sürətlə geriləməsi və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Sahibkarların problemləri

«Yeni Müsavat» qəzetində «Yeni vergi qaydaları fərdi sahibkarlar üçün problem yaradır» sərlövhəli yazı oxumaq olar.

Müəllif bu ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərin fərdi sahibkarlıq subyektlərinə təsirini iqtisadçı-ekspert Vüqar Bayramovla müzakirə edib.

Yazıda bildirildiyinə görə, fərdi sahibkarlıq subyektlərinin böyük bir qismi sadələşmiş vergi ödəyicisi ola bilmir. Müəllifin fikrincə, səbəb də budur ki, sadələşmiş verginin əhatə dairəsi məhdudlaşdırılıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri V.Bayramov deyib ki, bu ildən yalnız mikro sahibkarlar sadələşdirilmiş vergi güzəştindən istifadə edə bilərlər: «Amma Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli «Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü» meyarları haqqında qərarı fərdi sahibkarların sadələşdirilmiş vergidən istifadəsinə imkan vermir. Fərdi sahibkarlıq ilə məşğul olub illik (ardıcıl 12 ay) dövriyyəsi 200 min manatdan az olanların güzəştli vergi dərəcələrindən istifadə imkanları yoxdur. Problem odur ki, Nazirlər Kabinetinin sözügedən qərarına görə, mikro sahibkarlar illik dövriyyəsi 200 min manatdan az olan və işçilərin sayı 1-10 arasında olan sahibkarlıq subyektləridir».

Ekspertin fikrincə, qərarda mikro sahibkarların təsnifatında «1» rəqəminin qeyd edilməsi fərdi sahibkarların güzəştdən istifadə imkanlarını məhdudlaşdırır: «Avropa Birliyində illik dövriyyəsi 2 milyon avrodan az olan və işçilərin sayı 10-dək olan sahibkarlıq subyektləri mikro hesab olunur. ABŞ-da illik dövriyyəsi 7.5 milyon dollardan az olan və işçilərin sayı 500-dək olanlar kiçik sahibkarlar sayılır...».

Q.İbadoğlu
Q.İbadoğlu

«Nazirlər Kabineti ya özünü buraxmalı, ya da...»

Azadliq.info saytında «Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir» sərlövhəli yazı yer alır. Sayt «Transparency International»ın son hesabatında Azərbaycanın korrupsiya ilə mübarizədə bir ildə 30 pillə geriləməsi ilə bağlı iqtisadçı Qubad İbadoğlunun düşüncələrinə yer verib.

Q.İbadoğlu deyib ki, korrupsiyaya dair hesabata görə, əslində Azərbaycan 180 ölkə arasında 152-ci yerdə qərarlaşmayıb, Kamerun, Madaqaskar, Nikaraqua və Tacikistanla birlikdə 152-156-cı yerləri bölüşdürür: «Bu o deməkdir ki, Azərbaycan əvvəlki mövqeyindən 30-34 pillə geriləyib və dünyada korrupsiyanın artım sürətinə görə «çempion» olub».

İqtisadçı bu geriləmənin sürətli olmasını bəzi ölkələrlə müqayisədə nəzərə çatdırır: «Azərbaycanda korrupsiyanın sürəti o qədər yüksək olub ki, əvvəlki siyahıda bizimlə yanaşı olan Cibutini ən azı 28 pillə, bizdən pis mövqedə olan İranı 14 pillə, Nigeriyanı 8, Uqandanı isə 3 pillə qabaqlayıb».

Ekspert iddia edir ki, bu sürət davam edərsə, Azərbaycan gələn il nəinki Zimbabveni, İraqı, Venesuelanı ötər, hətta Şimali Koreyaya, Sudana və Suriyaya çata, Somalinin əlindən «birinciliyi» ala bilər.

Q.İbadoğlunun deməsinə görə, Azərbaycanda baş verənlər hətta adını çəkdiyi ölkələrdə baş versəydi, hökümət istefaya gedərdi: «Odur ki, dövlətin nüfuzunu qorumaq üçün ən azında Nazirlər Kabineti ya özünü buraxmalı, ya da istefaya göndərilməlidir».

İ.Əliyev
İ.Əliyev

«15 ilin uğurları»

«Azərbaycan» qəzetində «15 ilin uğur hesabatı» sərlövhəli yazıda dövlət başçısı İlham Əliyevin iştirakı ilə yanvarın 29-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının yekunlarına həsr olunan konfransdan bəhs edilir.

Müəllif konfransı «son 15 ilin uğur salnaməsinin növbəti təqdimatı» adlandırır. Yazıda vurğulanmasına görə, bu ötən illərin əsas nailiyyəti ölkə iqtisadiyyatının dünya miqyasında rekord templərlə inkişafıdır. Müəllif habelə iddia edir ki, burada ən mühüm göstərici isə tarixin ən qüdrətli Azərbaycanını yaratmaqdır və bu tarixi yüksəlişin müəllifi prezident İlham Əliyevdir.

Yazıda qeyd edilir ki, yanvarın 29-da 2014-2018-ci illəri əhatə edən regional inkişaf üzrə dövlət proqramının başa çatması rəsmən elan olunub. Dövlət başçısı 2019-2023-cü illər üzrə regionların sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramını təsdiq edib.

Müəllifin vurğulamasına görə, əvvəlki üç dövlət proqramı yalnız bölgələrin deyil, bütünlüklə ölkənin sosial-iqtisadi inkişafının lokomotivi olub, real nəticələrlə başa çatıb: «Son 15 ildə Azərbaycanda ümumi daxili məhsul 3.3 dəfə, qeyri-neft sektoru 2.8 dəfə, sənaye potensialı 2.6 dəfə, valyuta ehtiyatları 24 dəfə, kənd təsərrüfatı istehsalı 1.7 dəfə artıb».

Müəllif daha sonra da yazıb: «Nəticə etibarilə bütün bunlar Azərbaycanın hər baxımdan daha güclü dövlətə çevrilməsini, regional və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsini, xalqımızın daha yüksək sosial rifah şəraitində yaşamasını təmin edəcək».

XS
SM
MD
LG