Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:42

Donald Trump Venesuela müxalifətinin lideri Juan Guaido ilə danışıb


Juan Guaido
Juan Guaido

Ağ Ev bildirir ki, ABŞ prezidenti Donald Trump və Venesuelada özünü keçid prezidenti elan etmiş Juan Guaido telefon söhbəti zamanı müntəzəm əlaqə saxlamaq barədə razılığa gəliblər.

Trump “Venesuelanın öz demokratiyasını bərpa etmək uğrunda mübarizəsinə bir daha güclü dəstəyini” bildirib. Bu barədə məlumatı yanvarın 30-da Ağ Evin sözüçüsü Sarah Sanders verib.

Birləşmiş Ştatlar müxalifət lideri və Venesuela Milli Məclisinin rəhbəri Guaido-nu ölkənin keçid prezidenti kimi tanıyıb.

Rusiya da daxil bir sıra başqa ölkələr hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Nicolas Maduroya dəstək verirlər.

***

Maduro müxalifətlə danışqılara hazır olduğunu bildirir

Venesuelanın hakimiyyətini saxlamağa çalışdığı prezidenti Nicolas Maduro bu gün – yanvarın 30-da deyib ki, ölkə müxalifəti ilə danışıqlara və üçüncü ölkələrin vasitəçiliyinə hazırdır. “Reuters” bunu Rusiyanın RIA xəbər agentliyinə istinadla yazır.

Bu arada hökumət müxalifət lideri Juan Guaido-nun həbsinə yol aça biləcək istintaqa hazırlıq görür. Guaido isə yenidən küçə etirazlarına çağırıb.

“Müxalifətlə danışıqlar masasına əyləşməyə, Venesuela xalqının mənfəəti, sülh və gələcəyi naminə danışıqlar aparmağa hazıram”, – Maduro deyib.

Üçüncü ölkələrin vasitəçiliyinin mümkünlüyünə dair suala cavabında Maduro deyib ki, “dünyanın bir sıra hökumətləri və qurumları Venesuelada baş verənlərdən səmimi narahatlıq dilə gətirir, dialoqa çağırırlar”.

Juan Guaido Karakasda Milli Assambleyanın iclasında, 29 yanvar, 2019-cu il
Juan Guaido Karakasda Milli Assambleyanın iclasında, 29 yanvar, 2019-cu il

Nicolas Maduro rusiyalı həmkarı Vladimir Putinin onun ölkəsinə bütün cəbhələrdə dəstək verdiyini, Karakasın buna görə minnətdar olduğunu vurğulayıb.

“Putin bizə bütün səviyyələrdə dəstək verir və biz bunu böyük məmnuniyyət və minnətdarlıqla qəbul etmişik”, – Maduro vurğulayıb.

Guaido çərşənbə günü xalqı yürüşə, həftəsonu isə kütləvi etirazlara çağırıb. O, çərşənbə günü yürüşünün böyük olmayacağını sözlərinə əlavə edib.

BMT-nin insan haqları idarəsi indiyədək etirazlarda 40-dan çox adamın həlak olduğunu bildirib.

Maduro isə 50 min nəfərlik xalq müdafiə birliklərinin, ictimai qrupların yaradılmasına göstəriş verib, onların “ana yurdun müdafiəsinə” cavabdeh olacağını deyib. Bu qrupların silahlı olub-olmayacağı bəlli deyil, amma “Reuters” yazır ki, bu strategiya hökumətin Birləşmiş Ştatların hərbi baxımdan Maduronu məğlub etməyə çalışacağı sarıdan əndişələndiyini göstərir.

John Bolton
John Bolton

Pentaqon isə hərbi əməliyyatı istisna etməkdən imtina etməyib, amma bir çox ekspertlər bunu mümkün də saymırlar.

Bu həftə Ağ evin milli təhlükəsizlik müşaviri John Bolton bu spekulyasiyanı daha da qızışdırıb. Jurnalistlər onun əlindəki qeyd kitabçasının üstündə “Kolumbiyaya 5 min əsgər” sözlərini oxuyublar. Kolumbiya Venesuelanın qonşusudur.

***

Venesuela müxalifətinin liderinə qadağalar qoyuldu

Venesuela Birləşmiş Ştatların dövlət neft şirkətinə sanksiyalarına cavab verib. Ölkənin Ali Məhkəməsi müxalifət lideri Juan Guaido-ya səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.

Yanvarın 29-da Vaşinqton bu addımlarla bağlı xəbərdarlıq edib, ancaq konkret hansı tədbirlər görəcəyini dəqiqləşdirməyib.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin PDVSA-ya sanksiyaları açıqlayır
ABŞ-ın maliyyə naziri Steven Mnuchin PDVSA-ya sanksiyaları açıqlayır

Birləşmiş Ştatlar hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduronu qanunsuz lider elan edib, Guaido-nu Venesuela prezidenti kimi tanıyıb.

BOLTON XƏBƏRDARLIQ EDİB

Yanvarın 28-də isə ABŞ Xəzinədarlıq Departamenti Venesuelanın PDVSA dövlət neft şirkətinə sanksiyalar tətbiq edib. Bu şirkət iqtisadi böhran yaşayan ölkədən ötrü əsas gəlir mənbəyi sayılır.

​Vaşinqton onu da bildirib ki, PDVSA-nın ABŞ-dakı filialı Citgo-ya məxsus bank hesabları Guaido-ya veriləcək.

Yanvarın 29-da Venesuelanın baş prokuroru Guaido-nu ölkənin daxili işlərinə müdaxilədə xarici ölkələrə kömək etməkdə suçlayıb, Ali Məhkəmədən onunla bağlı araşdırma aparmağı xahiş edib.

Maduro-ya sadiq məhkəmə xahişi yerinə yetirməyə razılaşıb, 35 yaşlı liderə səyahət qadağası tətbiq edib, bank hesablarını dondurub.

Bu, Ağ evin milli təhlükəsizlik müşaviri John Boltonun sərt tənqidinə səbəb olub, o xəbərdarlıq edib ki, “demokratiyanı devirməyə, Guaido-ya zərbə vurmağa çalışanlar ciddi fəsadlarla üzləşəcəklər”.

Yerli televiziya yanvarın 29-da Maduronu hərbi bazada göstərib, o, ölkənin silahlı qüvvələrinin sadiqliyini alqışlayıb.

Rusiya ABŞ-ın Venesuela böhranıyla bağlı hərəkətlərini pisləyib, Çin xəbərdarlıq edib ki, bu addımlar ölkə əhalisinin əzab çəkməsiylə sonuclanar.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG