Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 23:41

Yazılardan 'həyəcanlanan' qadınlar məhkəməyə gəlmirlər


M.Hacılı

Bastainfo.com saytında Gəncənin sabiq icra başçısı Elmar Vəliyevin güllələnməsi və Mingəçevir Su Elektrik Stansiyasındakı (SES) qəza nəticəsində ölkənin işıqsız qalması haqda iki məqaləni oxuyub təşviş, həyəcan keçirdiyini deyən üç qadın var. Bunlar Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yaşayan, 1967-ci il təvəllüdlü Zülfiyyə Babayeva, Şüvəlan sakini, 1966-cı il təvəllüdlü Arzuxanım Məmmədova və 1973-cü il təvəllüdlü İlahə Xalidovadır. Onlar saytın təsisçisi və baş redaktoru Mustafa Hacılının haqqındakı cinayət işi üzrə şahid qismində tanınıblar. Çünki şikayətçi olublar ki, onun rəhbərlik etdiyi saytda gedən məqalələr onlarda narahatlıq yaradıb.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində M.Hacılının mühakiməsi gedir. Həmin qadın-şahidlər məhkəməyə çağrılsalar da, gəlmirlər. Yanvarın 29-da məhkəmədə bu işə baxan hakim Səbuhi Zeynalov bildirib ki, şahidlərə xəbər verilib, lakin yenə gəlməyiblər.

Məhkəmədə M.Hacılının qardaşı oğlu Tural Hacıbəyli dindirilib. Bildirib ki, saytın texniki problemlərinin həllində əmisinə kömək edib. Amma orada işləməyib, əmisinin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas göstərilən iki yazını («Mingəçevirdəki qəza repressiya maşınını dayandırmayıb» və «Azərbaycanlılar özlərinin ictimai müqavimət modelini yaradıb») da oxumayıb.

M.Hacılının vəkili Osman Kazımov T.Hacıbəylinin dindirilməsinə etiraz edib. Bildirib ki, indiyə qədər dindirilən şahidlərin ittihama heç bir aidiyyəti yoxdur. Aidiyyəti olanlar da məhkəməyə gəlmir.

Hakim digər şahidlərin yenidən çağrılması üçün məhkəməni fevralın 5-nə saxlayıb.

Yazılarında dövlət əleyhinə açıq çağırışlarda suçlanan M.Hacılı məhkəmədə ifadə verməyib. Bildirib ki, sözügedən üç qadın dindirilsin, sonra özü də ifadə verəcək.

Xatırlatma

İyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması ilə bağlı internetdə yayılan «yalan məlumatlar» və «qanunsuz çağırışlar»a dair cinayət işi qaldırıb.

Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə M.Hacılı iş üzrə şahid kimi keçib. Ancaq noyabrın 30-da o, təqsirləndirilən şəxs qismində cəlb olunub. M.Hacılı CM-nin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacılı 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacılı barəsində polis nəzarətinə götürülmə üzrə qətimkan tədbiri seçilib.

Multimedia

XS
SM
MD
LG