Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Noyabr, bazar, Bakı vaxtı 03:22

Rəsulzadənin doğulduğu evə 3-cü dəfə barelyef vurulub


Yeni barelyef

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulduğu evinin divarına üçüncü dəfə lövhə vurulub.

Bu məlumatı Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyev də təsdiqləyib. Amma yeni barelyefdə sadəcə «Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur» sözləri yazılıb. Barelyefdə M.Ə.Rəsulzadənin siyasi xidmətlərinin əksini tapmamasını Ş.Tağıyev belə izah edib: «Onsuz da onun hansı xidmətlər etdiyini hamı bilir. Bunu bir daha sadalamağın yeri yoxdur».

M.Ə.Rəsulzadənin bundan bir neçə gün öncə vurulan barelyefi narazılıqla qarşılanmışdı. Lövhənin üzərində nə onun, nə təmsil etdiyi dövlətin, nə də mənsub olduğu partiyanın (Müsavat Partiyası-r) adı düzgün yazılmışdı. Orada «Azərbaycan Dövlət Cümhuriyyətinin rəhbəri, Milli Müsavat Partiyasının banisi Məmmədəmin Rəsulzadə 1884-cü ildə bu evdə doğulmuşdur» cümləsi yazılırdı. Bu üzdən barelyefi dəyişmək zərurəti meydana çıxmışdı.

Ondan əvvəlki barelyefin isə oğurlandığı deyilirdi. Verilən məlumata görə, 2019-cu il yanvarın 15-nə keçən gecə M.Ə.Rəsulzadənin əvvəlki barelyefi evin divarından qoparılıb. Həmin barelyefin oğurlandığı və bunda şübhəli sayılan şəxslərin saxlandığı bildirilir. Keçmiş (birinci) barelyef binanın divarına 1992-ci ildə vurulub. Hazırda həmin binanın uşaq bağçası kimi fəaliyyət göstərdiyi deyilir.

Ötən illərdə bəzi ictimai simalar dəfələrlə rəsmi qurumlar qarşısında Rəsulzadənin doğulub boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Xatırlatma

M.Ə.Rəsulzadə 1918-1920-ci illərdə mövcud olan və Rusiyanın silahlı müdaxiləsi ilə süqut edən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biridir.

2018-ci ildə ölkədə «Azərbaycan Xalq Cümhuriyyəti ili» elən edilsə də, bəzi ekspertlər və müxalifət hesab edir ki, Rəsulzadəyə ögey münasibət var. Onlar son illər Bakı Dövlət Universitetindən və başqa bəzi yerlərdən M.Ə.Rəsulzadənin büstlərinin götürülməsini buna misal göstərirlər. Müxalifətin fikrincə, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) bir çox aparıcı simalarının kommunist keçmişi Rəsulzadəyə layiqli qiymətə imkan vermir. Hərçənd, YAP rəsmiləri belə fikirləri qəbul etmirlər.

M.Ə.Rəsulzadə Azərbaycanın işğalından sonra mühacirətə üz tutub. O, 1955-ci ildə Türkiyədə dünyadan köçüb.

1991-ci ildə Azərbaycanın təkrar müstəqillik qazanması ilə ölkənin bir sıra yerlərində ona heykəl və büstlər qoyulmuşdu.

Multimedia

XS
SM
MD
LG