Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

Azərbaycandan İrana axının 3 əsas səbəbi-Media icmalı


Q.İbadoğlu
Q.İbadoğlu

Sərbəst toplaşmaq azadlığı, hakimiyyət-müxalifət münasibətləri, İrana gedən Azərbaycan vətəndaşlarının sayının artmasının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Hakimiyyət qanunları pozur, müxalifətlə hesablaşmır»

Azadliq.info saytında «Arxadan atılan daş» sərlövhəli yazı oxumaq olar.

Sayt Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) sədri Qubad İbadoğlunun müxalifət qüvvələrinin yanvarın 19-da keçirilən mitinqi və bundan bir həftə sonraya təyin edilən, amma şəhər rəhbərliyinin icazə verməməsi üzündən təxirə salınan aksiyası ilə bağlı düşüncələrinə yer verib.

Q.İbadoğlu vurğulayıb ki, müxalif qüvvələrin 26 yanvar mitinqinə icazə verilməməsi ilə hakimiyyət bir çox mətləblərə aydınlıq gətirib.

Hərəkat rəhbəri iddia edib ki, hakimiyyətin 19 yanvar mitinqindən gözləntiləri özünü doğrultmayıb. Q.İbadoğluna görə, bununla da hakimiyyətin son zamanlar sosial şəbəkələrdə uduzduğu mövqeyini «az adam gələcək» ümidi ilə mitinq meydanında bərpa etmək niyyəti baş tutmayıb.

Q.İbadoğlu qeyd edib ki, hakimiyyətin mitinqlərin davamlı olacağı və iştirakçılığın artacağı ilə bağlı narahatlığı var. ADR sədrinin fikrincə, hakimiyyət ölkədə narazılığın miqyası barədə məlumatlıdır. O hesab edir ki, hakimiyyət özünə arxayın deyil, xüsusilə də mərkəzdən qaçan qüvvələrin mitinqlərə dəstək verəcəyindən ehtiyatlanır.

Q.İbadoğlunun fikrincə, hakimiyyət mitinqlər vasitəsilə müxalifətin birləşdiyinin və bununla da gücləndiyinin fərqindədir: «Ona görə də onun qanunları pozmaq «məcburiyyəti» müxalifətlə hesablaşmaq istəyindən üstün görsənir».

Q.İbadoğlu daha sonra da yazıb ki, hakimiyyətin manevr imkanları tükənir: «Rejim olduğu kimi görsənməkdən çəkinmir, bununla da avtoritar adına bir daha bəraət qazandırır».

19 yanvar mitinqi
19 yanvar mitinqi

«Antimillilərin avantürası»

«Azərbaycan» qəzetində dərc olunan «Antimillilərin avantürası və eyforiyası» sərlövhəli yazıda isə Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinq tamam fərqli baxış bucağından dəyərləndirilir.

Müəllif həmin mitinqi Azərbaycanın inkişafını görmək istəməyən bir qrup insanın əməli kimi qiymətləndirir: «Azərbaycan cəmiyyətinə zor tətbiq etməklə onu qurduğu dövlətin əleyhinə mitinqlərə çağırmaq əski AXC-Müsavat qısaömürlü hakimiyyət təmsilçilərinin şakərinə çevrilib. Bunun dəfələrlə şahidi olmuşuq. Meydan eyforiyası ilə hakimiyyətə can atan həmin cütlük üzdə bir olsa da, daldada bir-birinin qənimidirlər. Bu düşərgədəkilərin nümayiş etdirdiyi «birlik» mitinqlərinə heç 3 min tamaşaçı toplaya bilməyən müxalifət hakimiyyətə iddialı ola bilərmi?!».

Müəllif iddia edir ki, Qarabağla bağlı işğalçı Ermənistanla sülh danışıqlarının intensivləşdirilməsi xaricdə erməni diasporunun maliyyə yardımı ilə dolananları narahat edir: «Onlar ölkəmizin beynəlxalq nüfuzuna xələl gəlməsinə çalışırlar. Sabitlik və dinamik inkişaf yolunu seçən, regionda bütün beynəlxalq enerji və nəqliyyat layihələrinin müəllifinə çevrilən Azərbaycana arxadan zərbə onların əsas məqsədidir».

Müəllif müxalifət partiyaların rəhbərlərinin mitinqdəki çıxışını da dəyərləndirməyə çalışıb. Onun fikrincə, onların aydın proqramı, nöqsan hesab etdikləri məsələlərlə bağlı hansısa təklifləri belə yoxdur.

«Beləliklə, sonuncu mitinqdən yadda qalanlar: illərdir dəyişməyən eyni üzlər tərəfindən səsləndirilən köhnə şüarlar, pafoslu, populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər və s.», - müəllif bu sözlərlə də yazını başa vurub.

İrana keçid məntəqəsi
İrana keçid məntəqəsi

İrana axının üç əsas səbəbi...

«Yeni Müsavat» qəzetində «Azərbaycanlıların İrana axışmasının üç sirri» sərlövhəli yazı dərc edilib.

Müəllif son illər İrana gedən Azərbaycan vətəndaşlarının sayının artmasını təhlil etməyə çalışıb.

Yazıda rəsmi rəqəmlərə istinadən bildirilir ki, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2017-ci il ilə müqayisədə 19.5 faiz artaraq 4908.1 min nəfər olub. İrana gedənlər bunun 33.6 faizini təşkil edib. Ötən il İrana gedən Azərbaycan vətəndaşlarının 70 faizdən çox artdığı qeyd edilir.

Müəllifə görə, Azərbaycan vətəndaşlarının İrana daha çox səfər etməsi ticarət, səhiyyə və müqəddəs sayılan yerlərə ziyarətdən irəli gəlir. Yazıda vurğulandığına görə, burada alış-veriş ilk sırada durur.

Müəllifin qeyd etməsinə görə, İranda qida və geyim mallarının ucuz olması Azərbaycan vətəndaşlarının ora axın etməsinə səbəb olub. Yazıda vurğulanıb ki, İrana gedən Azərbaycan vətəndaşlar ərzaq məhsullarından tutmuş cehiz əşyalarına qədər çox şey alırlar: «Bizdə 400 manata olan xalça orada 100 manatdır. İkincisi, maşın təkəri çox alınır ki, bir təkər 25 manatdır...».

Müəllif yazıb ki, insanlar orada düyü və başqa ərzaq malları da alırlar. Yazıda vurğulandığına görə, İrandan velosiped, qaz sobaları da alınır.

Müəllifin qeyd etməsinə görə, Azərbaycan vətəndaşlarını İrana aparan ikinci mühüm səbəb isə səhiyyə ilə bağlıdır, İranda dava-dərman Azərbaycanla müqayisədə bir xeyli ucuzdur.

Professor Adil Qeybulla «Yeni Müsavat»a bildirib ki, Azərbaycandan İran xəstəxanalarına üz tutanlar həddən ziyadə çoxdur. Onun sözlərinə görə, tibbi turizm dünyanın hər yerində var: «Türkiyədən və Avropadan Amerikaya da gedənlər olur. Ancaq icbari tibbi sığorta olan ölkələrdə bu axın məhduddur. Təəssüf ki, bizdə icbari tibbi sığorta yoxdur. İkincisi, İranda müalicə xərclərinin az olması insanları ora cəlb edir...».

A.Qeybullaya görə, başqa tərəfdən, İranda inflyasiya olub, pul dəyərini çox itirib və hamı ora ucuz müalicə məqsədi ilə gedir. O, bununla belə vurğulayıb ki, İrandan qayıdıb vəziyyəti ağırlaşan, narazı gələnlər də az deyil.

XS
SM
MD
LG