Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 17:49

Xanlar Vəliyev: 'Cinayətlərin 99 faizi açılıb'


X.Vəliyev

«Qeydə alınmış cinayətlərin 99.2 faizi açılıb».

AZƏRTAC-ın məlumatına görə, bunu baş prokurorun müavini, hərbi prokuror Xanlar Vəliyev deyib. O, bu gün, yanvarın 25-də hərbi prokurorluqda keçirilmiş kollegiya iclasında çıxış edib. Onun sözlərinə görə, 2017-ci illə müqayisədə 2018-ci ildə törədilmiş cinayətlər 12.6 faiz azalıb. O, ayrılıqda hərbi xidmət əleyhinə cinayətlərin 4, qeyri-hərbi cinayətlərin isə 34.3 faiz azaldığını qeyd edib. Onun habelə bildirməsinə görə, böyük ictimai təhlükə törətməyən cinayətlər 4.6, az ağır cinayətlər 2.8, xüsusilə ağır cinayətlər 48.6 faiz aşağı düşüb.

X.Vəliyev vurğulayıb ki, ölüm hallarında da 40 faiz azalma baş verib. «Azalma qeydə alınmış korrupsiya xarakterli cinayətlərdə 24.7 faiz, korrupsiya ilə əlaqədar dələduzluq cinayətlərində 43.6 faiz, rüşvət alma və rüşvət vermə cinayətlərində 15.5 faiz təşkil edib»,-hərbi prokuror bildirib.

Hərbi prokuror həmçinin deyib ki, görülmüş tədbirlər nəticəsində 2017-ci il ilə müqayisədə 2018-ci ildə törədilmiş qəsdən adamöldürmə cinayətlərinin sayı 61.5, intihar hadisələri isə 23.1 aşağı düşüb.

X.Vəliyev faizlərlə Silahlı Qüvvələrdə cinayətkarlığın sahələr üzrə azaldığını bildirsə də, dəqiq rəqəmlər söyləməyib. Onun çıxışında 2018-ci ildə Silahlı Qüvvələrdə ümumilikdə nə qədər cinayət halı baş verdiyi və sahələr üzrə ayrılıqda onların sayı yer almayıb.

Müstəqil ekspertlər belə hesabatları tam şəffaf saymırlar. Ekspertlər bu sahədə cinayətlərin açılma faizinin də belə yüksək olmasına şübhə ilə yanaşırlar.

XS
SM
MD
LG