Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 05:34

Rusiyada deputatlar ‘saxta xəbər’ qanununu qəbul edirlər


İllüstrativ foto

Rusiyada deputatlar saxta xəbərlərin yayılmasını qadağan edən qanun layihələrini birinci oxunuşda qəbul ediblər. Bu cür xəbərləri yayanları və internetdə hakimiyyəti təhqir edənləri cərimə və 15 günədək həbs gözləyir.

Müxalifət məqsədin narazıları susdurmaq olduğunu deyir.

Hər iki qanun layihəsi 450 yerlik Dövlət Dumasında ilk oxunuşda səsverməyə çıxarılıb. Onlara uyğun olaraq 332 və 336 deputat səs verib. Xəbəri Rusiya agentlikləri yanvarın 24-də yayıb.

Layihələrin birində hökumət agentlikləri, dövlət, ictimaiyyət, Rusiya bayrağı və konstitusiyasına sayqısızlığa görə 5 min rubladək (76 dollar) cərimə, yaxud 15 gün həbs cəzası nəzərdə tutulur.

Dövlət Dumasının iclasında, arxiv fotosu
Dövlət Dumasının iclasında, arxiv fotosu

İkinci layihədə saxta xəbər yayan fərdlərin 5 min rubl, şirkətlərin isə 1 milyon rubl (15 min dollar) cərimələnməsi təklif olunur. Bu layihədə saxta xəbər yayan internet mənbələrinin bloklanması məsələsi də var.

Moskva son beş ildə internet qanunvericiliyini sərtləşdirib, bəzi axtarış mühərriklərdən axtarış nəticələrini pozmağı, mesajlaşma xidmətlərindən şifrələmə kodlarını təhlükəsizlik orqanları ilə paylaşmağı, sosial şəbəkələrdən istifadəçilərin şəxsi bilgilərini ölkədə saxlamağı tələb edib.

“Bu qanun layihələri ağılsızlıqdır. Onlar adamların hakimiyyəti tənqid etməsini necə yasaqlaya bilərlər?” – müxalif siyasətçi Ilya Yashin deyib.

Layihələrə dəyişikliklər edilə bilər. Onlar hələ Dumada iki oxunuşda da müzakirəyə çıxarılacaq. Daha sonra yuxarı palatada təsdiqlənməli və Prezident Vladimir Putin tərəfindən imzalanmalıdır.

XS
SM
MD
LG